Ukrayna Başqırdıstanda neft nəqli stansiyasına zərbə endirib

26.11.2026

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Ukrayna Silahlı Qüvvələri noyabrın 26-na keçən gecə Rusiyanın Başqırdıstan Respublikasında yerləşən neft nəqli stansiyasına pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Astra” nəşri hadisə şahidlərinin çəkdiyi görüntülərə istinadən məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatının qalıqları sənaye zonasına düşüb və bundan sonra ərazidə yanğın baş verib. Yerli sakinlərin çəkdiyi foto və videolarda ərazidən qatı qara tüstünün yüksəldiyi və genişmiqyaslı yanğının baş verdiyi görünür.
Qeyd edək ki, Subxankulovo XGİS “Transneft” sisteminin Ural bölgəsindəki əsas neft nəqli mərkəzlərindən biridir. Stansiya Qərbi Sibir və Başqırdıstandan neft qəbul edir, saxlayır və digər istiqamətlərə nəql edir. Buradan xam neft emal zavodlarına və magistral boru kəmərlərinə çatdırılır.
Stansiyada ümumi tutumu 160 min kubmetr olan 10 neft saxlama çəni var. Ukrayna sərhədindən təxminən 1300 kilometr məsafədə yerləşən obyekt daha əvvəl, iyulun 23-də də hücuma məruz qalıb.
Xatırladaq ki, Başqırdıstan son aylarda Ukrayna dronlarının müntəzəm hədəflərindən birinə çevrilib. Noyabrın 17-də və oktyabrın 8-də Rusiyanın ən böyük neft-kimya komplekslərindən biri olan “Qazprom Neftexim Salavat” müəssisəsinə pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.
Müəssisədə benzin, dizel yanacağı, kerosin, mazut, polietilen, polistirol, ammonyak, karbamid və butil spirtləri istehsal olunur. Zavodun Rusiya ordusunun təchizatında da rol oynadığı bildirilir.
Bundan başqa, oktyabrın 29-da Başqırdıstan Soda Şirkətinin (BSC) zavoduna da hücum edilib. Müəssisə Rusiyanın əsas soda külü və çörək sodası istehsalçılarından biridir. Həmçinin hərbi sənaye müəssisələrini xlorid turşusu və dixloretanla təmin edir. Şirkət Rusiyada tereftaloil xlorid istehsal edən yeganə müəssisədir. Bu kimyəvi birləşmə yüksək möhkəmlikli polimerlərin, ballistik sapların və hərbi təyinatlı aramid materiallarının istehsalında istifadə olunur.
Eyni zamanda, yay və payız aylarında Ukrayna dronları Ufa şəhərində yerləşən neft emalı zavodlarına da bir neçə dəfə zərbə endirib. Bu müəssisələrə ümumi istehsal gücü ildə 23,5 milyon ton olan “Başneft-UNPZ”, “Başneft-Ufaneftexim” və “Başneft-Novoil” zavodları daxildir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью