Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya-Ukrayna müharibəsində cəbhə xətti donub. Birbaşa döyüşlər gedən zonalar var ki, orada irəliləmək çox çətinləşib. Rusiya aylarla, çox böyük itkilər hesabına irəliləyə bilir. Yeni situasiya ondan ibarətdir ki, Ukrayna ən müasir texnologiyalar əldə edib, Rusiyanın daxilində neftayırma zavodlarını, hərbi zavodları vurur.
Bu sözləri Axar.az-a açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli Rusiya-Ukrayna cəbhəsindəki yeni reallıqlarla bağlı danışarkən deyib.
O bildirib ki, keçən il belə hücumlar olsa da, azsaylı idi:
“İndi demək olar ki, hər gün bu tipli hücumlar baş verir. Ukrayna bu yolla Rusiyanı danışıqlar masasına oturtmağa çalışır. İstəyir ki, müəyyən güzəştlər çərçivəsində müharibə heç olmasa cəbhə xətti boyunca dondurulsun. Rusiya isə Donetsk vilayətini tamamilə işğal etmədən müharibəni dayandırmaq niyyətində deyil. Putin bunu ötən günlərdə elan edib.
Rusiyada enerji, benzin çatışmazlığı, uçuşların dayandırılması, tez-tez hava limanlarının bağlanması, internetin kəsilməsi insanlar arasında müharibəyə münasibətin dəyişməsinə səbəb olur. İnsanlar bu müharibənin bitməsini istəyir. Putin nə qədər avtoritar biri olsa da, ictimai rəyə çox önəm verən şəxsdir”.
Onun sözlərinə görə, ictimai rəydəki bu dəyişikliklər müharibənin dayandırılmasına səbəb ola bilər:
“Yaxın zamanda əgər Rusiyanın dönüş etməsi mümkün olmasa, məsələn, HHM qüvvələri ilə bağlı irəliləyiş əldə edib, Ukrayna raketlərinin, dronlarının hamısını vura bilməsə, danışıqlarla bağlı yeni situasiya yaranacaq. Putin daxildəki auditoriyanın müharibənin dayandırılması ilə bağlı istəklərini nəzərə alaraq, müəyyən güzəştlərə gedə bilər”.