Ukrayna İran qarşıdurması böyüyə bilərmi? Generaldan AÇIQLAMA

28.07.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Yeni cəbhənin açılmasının qarşısını almaq üçün hər şeyi etməliyik".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Xəzər dənizində Ukraynanın İran gəmisinə hücumundan sonra Tehranın təhdidlərinə münasibət bildirərkən deyib.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Redaktor.az-a bildirdi ki, bu hadisənin avtomatik olaraq Ukrayna-İran arasında yeni hərbi cəbhəyə çevrilməsi ehtimalı hələlik aşağıdır, lakin gərginliyin nəzarətdən çıxma riski əvvəlkindən daha yüksəkdir:

"İran hücumu “cavabsız qalmayacağını” bəyan edib, Ukrayna isə vurulan gəminin Rusiyaya hərbi yük daşıdığını iddia edir. Bu məsələni bir neçə aspektdən qiymətləndirmək olar:

İlk növbədə, İran hazırda eyni vaxtda bir neçə təhlükəsizlik istiqaməti ilə məşğuldur. ABŞ və İsraillə gərginlik, daxili təhlükəsizlik problemləri və regional öhdəliklər fonunda Tehranın Ukraynaya qarşı ayrıca genişmiqyaslı hərbi kampaniya başlatması çətin görünür. Digər tərəfdən, İranın mümkün cavabı daha çox asimmetrik xarakter daşıya bilər. Buraya Rusiyaya daha çox pilotsuz uçuş aparatları, raket texnologiyası, kəşfiyyat dəstəyi və ya kiberməkanda əməkdaşlığın artırılması daxil ola bilər. Bu, İran üçün birbaşa Ukrayna ilə müharibəyə cəlb olunmaqdan daha aşağı riskli seçimdir".

General əlavə etdi ki, Ukrayna Xəzər dənizində İranla əlaqəli logistika hədəflərinə yenidən zərbələr endirərsə və bu hücumlar nəticəsində ciddi insan tələfatı baş verərsə, Tehran cavab tədbirlərini sərtləşdirə bilər.

"Lakin belə bir reaksiyanın da ilk mərhələdə diplomatik, iqtisadi və dolayı hərbi vasitələrlə həyata keçirilməsi daha real görünür. Nəticə etibarilə, yeni cəbhənin tam miqyasda açılması ehtimalını təxminən 25-35 faiz, məhdud qarşıdurma və qarşılıqlı zərbələrin davam etməsi ehtimalını isə 65-75 faiz səviyyəsində qiymətləndirmək olar. Əsas risk ondan ibarətdir ki, Xəzər dənizi artıq yalnız iqtisadi marşrut deyil, Rusiya-İran hərbi logistikasının mühüm xəttinə çevrilib. Bu marşruta qarşı hücumların davam etməsi münaqişənin coğrafiyasını daha da genişləndirə bilər. Belə bir ssenari baş verərsə, bunun təsiri yalnız İran və Ukrayna ilə məhdudlaşmayacaq. Rusiya, Cənubi Qafqaz, Xəzəryanı dövlətlər, Orta Dəhliz və Türkiyənin regional təhlükəsizlik siyasəti də bu yeni geostrateji vəziyyətdən birbaşa təsirlənə bilər", - deyə o yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью