Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın Rusiya və Çin liderləri ilə keçirdiyi üçtərəfli görüşdə Ukrayna müharibəsini də müzakirə etmək niyyətini açıqlaması diqqət çəkib. O, tərəflərin bir sıra mühüm məsələləri nəzərdən keçirdiyini bildirib və Ukrayna münaqişəsinin başa çatdırılmasında hər kəsin maraqlı olduğunu vurğulayıb. Trampın bu açıqlaması müharibənin həlli istiqamətində Moskva, Vaşinqton və Pekinin mövqelərinin nə dərəcədə uzlaşa biləcəyi məsələsini yenidən gündəmə gətirib.
Belə bir şəraitdə Ukrayna məsələsinin dünyanın üç aparıcı gücünün liderləri arasında müzakirəyə çıxarılması xüsusi əhəmiyyət daşıyır. Görüşün nəticələri və tərəflərin mümkün ortaq mövqeyi müharibənin gələcək taleyinə təsir baxımından maraq doğurur.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sherg.az-a açıqlamasında bildirib ki, Ukrayna danışıqlar masasında təmsil olunmadığı üçün müharibənin taleyi ilə bağlı razılaşma əldə etmək mümkün deyil:
“Üç liderin qəbul etdiyi birgə bəyannamədə Ukrayna haqqında bir cümlə belə yoxdur. Hətta dövlətlərin ərazi bütövlüyünə hörmət və suverenliyinə dəstək ifadəsi də yer almayıb. Bunun səbəbi aydındır. Rusiya Prezidenti böyük ehtimalla belə bir bəndin yekun bəyannaməyə salınmasına qarşı çıxıb. Halbuki ərazi bütövlüyü Çin üçün də vacib məsələdir. Çünki Tayvan Pekin tərəfindən Çinin ərazisi hesab olunur. Lakin Rusiyanın etirazı səbəbindən bu bənd sənədə daxil edilməyib.
Ukrayna məsələsi müzakirə olunsa da, Ukraynanın özü danışıqlar masasında yoxdursa, onunla bağlı heç bir qərar qəbul edilə bilməzdi. ABŞ və Çin müharibənin başa çatmasını istəyirlər, amma Rusiyanın mövqeyi fərqlidir. Əslində, bu görüşdə Ukrayna ilə bağlı ciddi qərar qəbul edilməyəcəyi əvvəlcədən də bəlli idi. Bu isə o deməkdir ki, münaqişə və Rusiyanın işğal siyasəti bundan sonra da davam edəcək”.