Icma.az bildirir, Axar.az portalına istinadən.
Ukrayna ilə bağlı sülh müqaviləsi təkcə Moskva ilə Kiyev arasında münasibətlərin tənzimlənməsini deyil, həm də Rusiya və Avropa üçün yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasını əhatə etməlidir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu Agentliyi"nə verdiyi açıqlamada deyib.
"Rusiya ilə Ukrayna arasında sülh yalnız bu iki ölkə arasında sülh olmayacaq. Bu, həm də Avropa ilə Rusiya arasında sülh olacaq. Buna görə də Avropa ilə Rusiya arasında yeni təhlükəsizlik və sülh arxitekturasının nə olacağını çox aydın şəkildə müzakirə etmək lazımdır", - deyə o bildirib.
Fidanın sözlərinə görə, tərəflər hələlik bu məsələ ilə bağlı mövqelərini ətraflı açıqlamayıblar və ümumi ideyalarla məhdudlaşıblar.
O, ərazi məsələsinin Ukrayna münaqişəsinin həllində əsas maneə olaraq qaldığını vurğulayıb.
Fidan həmçinin qeyd edib ki, mümkün sülh müqaviləsi tərəflər arasında təmas xəttini də müəyyən etməli və təhlükəsizlik zəmanətləri təmin etməlidir.