“Ukrayna məsələsində hələ də müəyyən ümidlər var” AÇIQLAMA

07.09.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın göndərdiyi nümayəndələr, yəni Stiv Uitkoff və Cared Kuşner arasında görüş keçirilib. Bu görüşdən əvvəl onlar Rusiyanın paytaxtı Moskvada olublar və Prezident Vladimir Putinlə görüş keçiriblər.

Zelenski-Uitkoff-Kuşner görüşündən Redaktor.az-a danışan politoloq Xəyal Bəşirov dedi ki, burada təkliflərin mübadiləsi, tərəflərə sülhlə və danışıqlarla bağlı təkliflərin irəli sürülməsi həyata keçirilib:

"Əslində, istənilən görüş istənilən mərhələdə sülhə zəmin ola bilər. Əsas odur ki, bu görüşlərin keçirilməsi davamlı olsun və həyata keçirilsin. Hər bir halda, istənilən razılaşma müharibə etməkdən, müharibəni davam etdirməkdən daha yaxşı prosesdir, daha düzgün yoldur. Amma burada söhbət Prezident Putinin rəhbərlik etdiyi Rusiya tərəfinin öz tələblərindən geri çəkilib-çəkilməyəcəyindən və yaxud ilkin şərtlərini dəyişib-dəyişməyəcəyindən gedir. Təbii ki, eyni zamanda, Ukrayna tərəfinin də mövqeyi önəmlidir. Ukrayna hücuma məruz qalan tərəfdir və onun NATO-ya üzv olmaq, Qərbə inteqrasiya etmək məsələləri var. Əslində, bunlar artıq arxa plana keçib. Çünki bu gün Ukraynanın ərazi bütövlüyü məsələsi daha aktualdır".

Siyasi şərhçi hesab edir ki, tərəflərin əvvəlki tələblərindən, iddialarından və şərtlərindən geri çəkilməsi, hər hansı bir halda kompromis mövqe tutması, istənilən mərhələdə danışıqlar prosesini sülhə zəminə çevirə bilər.

"Amma indiki mərhələdə görünən odur ki, ABŞ rəhbərliyi, yəni Donald Tramp administrasiyası Yaxın Şərqdə uğur əldə edə bilmədiyinə görə və qarşıdakı aralıq seçkilərini nəzərə alaraq, Ukrayna mövzusunda hansısa bir irəliləyiş əldə etməyə maksimum dərəcədə çalışır. Düşünürəm ki, bu irəliləyişlə daha çox ölkə ictimaiyyətinin rəğbətini qazanmağa çalışır. Amma indi Yaxın Şərqdəki məsələlər çox mürəkkəb, hətta bəlkə də Rusiya-Ukrayna mövzusundan daha çətin və həll olunması daha mürəkkəb bir vəziyyətə çevrilib. Ukrayna mövzusunda isə hesab edirəm ki, hələ də müəyyən ümidlər var və ən azı indiki mərhələdə bunun danışıqlar prosesinə çevrilməsi mümkündür. Yenə də qeyd edim ki, burada Rusiyanın mövqeyində və eyni zamanda Ukraynanın mövqeyini müəyyənləşdirən Avropa liderlərinin mövqeyində hansısa bir dəyişiklik olmalıdır. Əks təqdirdə, bu görüşlərin ciddi nəticə verəcəyini düşünmürəm", - deyə X.Bəşirov bildirdi.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью