Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Ukraynada milli azlıqların, xüsusilə macar icmasının dil və təhsil hüquqlarını genişləndirən qanun layihəsinin Ali Radaya təqdim edilməsi Kiyev-Budapeşt münasibətlərində yeni mərhələnin başlanması kimi qiymətləndirilir. Sənədin qəbulu Ukrayna ilə Macarıstan arasında uzun müddətdir davam edən fikir ayrılıqlarının aradan qaldırılmasına və Kiyevin Avropa İttifaqına üzvlük danışıqlarının irəliləməsinə şərait yarada bilər.
Qanun layihəsi oktyabrın 1-də Ali Radanın spikeri Ruslan Stefançuk və müxtəlif fraksiyaları, o cümlədən müxalifəti təmsil edən deputatlar tərəfindən qeydiyyata alınıb. Sənədə parlamentin müvafiq komitəsi yekdilliklə dəstək verib. Səsvermənin oktyabrın 12-də keçirilməsi gözlənilir.
Yeni təşəbbüsün əsas müddəalarından biri şagirdlərinin 50 faizindən çoxunu müəyyən milli azlıq və ya yerli xalqın nümayəndələrinin təşkil etdiyi təhsil müəssisələrinə “milli azlıq məktəbi” statusunun verilməsidir. Ukrayna Təhsil və Elm Nazirliyinin hesablamalarına görə, ölkədə təxminən 149 məktəb bu statusa uyğun gələ bilər.
Belə məktəblərdə dövlət dili ilə yanaşı milli azlığın dilində tədrisin aparılması imkanları genişləndiriləcək. Bununla yanaşı, şagirdlərin valideynləri imza toplamaqla Ukrayna dilində tədris olunan fənlərin sayının artırılmasını tələb edə biləcəklər. Şagirdlərin sayı müvafiq milli azlığın nümayəndələrinin 20 faizindən aşağı düşərsə, məktəb “milli azlıq məktəbi” statusunu itirəcək.
Qanun layihəsi təhsil haqqında rəsmi sənədlərin – attestat, diplom və şəhadətnamələrin həm Ukrayna dilində, həm də milli azlığın dilində təqdim edilməsinə də imkan yaradır. Bunun üçün valideynlərin müraciəti kifayət edəcək.
Bundan başqa, Milli Çoxfənnli Test və digər qəbul imtahanlarında tapşırıqlar dövlət dilində təqdim olunsa da, məzunun istəyi ilə onların milli azlığın dilinə tərcümə edilməsi mümkün olacaq. Bu qayda dil-ədəbiyyat sahəsinə aid tapşırıqlara şamil edilməyəcək.
Qanun layihəsinin müəllifləri bildirirlər ki, məqsəd milli azlıqların hüquqlarının qorunması ilə dövlət dilinin statusunun təmin edilməsi arasında balans yaratmaqdır. Sənəddə dövlət dilinin məktəblərdə milli azlıqların dilləri ilə yanaşı istifadə olunması açıq şəkildə təsbit edilir.
Macarıstan uzun müddətdir Zakarpatyedə yaşayan macarların təhsil və dil hüquqlarının genişləndirilməsini Kiyevlə münasibətlərdə əsas məsələlərdən biri kimi gündəmdə saxlayır. Budapeşt Ukraynanın əvvəllər qəbul etdiyi dəyişiklikləri kifayət hesab etməyərək əlavə təminatlar tələb edib.
Kiyevdə isə milli azlıqlar haqqında qanunvericilikdəki dəyişikliklərin yalnız Macarıstanın tələbləri ilə bağlı olmadığı, həm də Ukraynanın Aİ-yə inteqrasiya prosesində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məqsədi daşıdığı vurğulanır.
Məsələ Ukraynanın Aİ-yə üzvlük danışıqları baxımından da xüsusi əhəmiyyət daşıyır. Macarıstan iyun ayında Kiyevin milli azlıqların hüquqları ilə bağlı qanunvericiliyi dəyişdirmək öhdəliyi müqabilində Ukraynanın Aİ ilə “Əsaslar” klasteri üzrə danışıqlarının başlamasına maneəni aradan qaldırmışdı.
İndi isə Budapeştin Ukraynanın Aİ-yə üzvlük danışıqlarında növbəti iki klasterin – “Daxili bazar” və “Rəqabətqabiliyyətlilik və inklüziv artım” – açılmasına qarşı mövcud mövqeyini dəyişməsi gözlənilir. “Financial Times” nəşri mənbələrinə istinadən Macarıstanın Ukraynanın Aİ-yə inteqrasiya prosesinin texniki mərhələsindəki vetosunu yaxın günlərdə götürə biləcəyini yazıb.
Ukrayna ilə Macarıstan arasında münasibətlərdə son aylarda bir sıra fikir ayrılıqları yaşanmışdı. Sentyabrda Budapeşt Ukrayna Prezidenti Vladimir Zelenskinin təşəbbüsü olan “Karpat İnteqrasiya Təşəbbüsü”nə qoşulmaqdan imtina etmişdi. Eyni dövrdə Macarıstanın “MOL” şirkəti ilə Ukraynanın “Naftoqaz” şirkəti arasında Macarıstan ərazisində yanacaq ehtiyatlarının saxlanılması üçün birgə neft anbarlarının yaradılması ilə bağlı razılaşmanın da ləğv edildiyi açıqlanmışdı.
Lakin iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşündən sonra dialoqda yumşalma müşahidə olunub. Ardınca Macarıstanın Ukraynanın Aİ-yə inteqrasiya prosesində müəyyən addımlar atacağı ilə bağlı mesajlar səsləndirilib.
Ukraynada milli azlıqların hüquqları məsələsi xüsusilə 2017-ci ildən sonra Kiyev-Budapeşt münasibətlərinin əsas mübahisə mövzularından birinə çevrilib. 2023-cü ildə qəbul edilən dəyişikliklərlə milli azlıqlara dövlət dili ilə yanaşı öz dillərində təhsil almaq və ictimai sahədə həmin dillərdən istifadə etmək üçün əlavə imkanlar yaradılmışdı. Lakin Macarıstan bu addımları kifayət hesab etməmişdi.
Ukraynada macarlarla yanaşı rumın, polyak, yunan, slovak, bolqar və alman icmaları da yaşayır. Ölkədə krım tatarları, karaimlər və krımçaklar isə yerli xalqlar kimi tanınır.
Yeni qanun layihəsinin qəbul edilməsi yalnız Ukrayna-Macarıstan münasibətlərinə deyil, Kiyevin Aİ-yə inteqrasiya prosesinə də təsir göstərə bilər. Parlamentdə sənədə müxalifət fraksiyalarının da dəstək verməyə hazır olduğu bildirilir. Bununla belə, bəzi deputatlar milli azlıqların hüquqlarının genişləndirilməsi ilə yanaşı, Ukrayna dilinin dövlət dili kimi mövqeyinin daha aydın və sistemli şəkildə qorunmasını tələb edirlər.
Beləliklə, Ali Radanın qarşıdakı səsverməsi həm milli azlıqların hüquqları, həm Ukrayna-Macarıstan münasibətlərinin normallaşması, həm də Ukraynanın Aİ-yə üzvlük danışıqlarının növbəti mərhələsinə keçidi baxımından mühüm siyasi addım kimi qiymətləndirilir.
S.ELAY
XQ