Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
"NATO və Rusiya münasibətləri kifayət qədər gərgindir. Ukraynada davam edən müharibə səbəbindən münasibətlər yaxın perspektivdə daha da gərginləşəcək. Baş verən proseslər onu göstərir ki, Rusiya Qərbin sanksiyaları altında olsa da, yenə də əməliyyatlar zonasında öz mövqelərindən geri çəkilməyib. Çox kiçik templərlə də olsa, Ukrayna ərazilərinin işğalına davam edir və bir çox mütəxəssislər də hesab edirlər ki, Ukraynada müharibə başa çatdıqdan sonra Ukraynaya ciddi dəstək verən ölkələrə Rusiyanın bu və ya digər şəkildə müdaxilələri olacaq. Bu müdaxilələrin hərbi komponentini də istisna etmək olmaz".
Bunu Redaktor.az-a hərbi ekspert Ədalət Verdiyev Böyük Britaniya Silahlı Qüvvələrinin ölkə ərazisindəki xüsusi poliqonlarda Rusiya ilə potensial silahlı münaqişə ssenariləri üzrə intensiv hazırlıqlara başlamasından danışarkən bildirdi.
Onun sözlərinə görə, məhz bu səbəbdən də Britaniya hazırda Rusiya ilə potensial münaqişə ssenariləri üzərində hərbi təlimlər keçirir və bu təlimlərin keçirilməsi yenilik deyil:
"Rusiyanın Avropaya birbaşa quru yolları, hava və ya dənizdən hücumu ilə bağlı ehtimallar irəli sürmək doğru olmaz, amma bu və ya digər şəkildə, ayrı-ayrı elementlərlə — bu, kiberhücum ola bilər, bu, ayrı-ayrı PUA-ların qonşu Avropa ölkələrinin ərazisinə göndərilməsi ola bilər — müəyyən təxribat xarakterli fəaliyyətlər tamamilə mümkündür və bu fəaliyyətlər indiyə qədər də həyata keçirilib. Sadəcə Ukrayna ilə müharibə bitdikdən sonra bu fəaliyyətlər daha da güclənəcək, ardınca isə, təbii ki, birbaşa hərbi ssenari də mümkündür".
Aytəkin TOFİQQIZI