Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Son günlər Əbu-Dabi ətrafında cəmləşən diplomatik fəallıq Ukrayna müharibəsinin yeni mərhələyə keçdiyini göstərir. Danışıqlarda ərazi məsələsinin açıq şəkildə gündəmə gətirilməsi onu deməyə əsas verir ki, münaqişə artıq təkcə hərbi qarşıdurma yox, siyasi bazarlıq müstəvisinə daşınıb”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
O bildirib ki, Ukraynaya böyük maliyyə dəstəyi vədinin ərazi güzəştləri ilə paralel müzakirə olunması Kiyev üçün son dərəcə ağır seçim yaradır: “Bu, bir tərəfdən müharibədən çıxış və iqtisadi nəfəs alma imkanı kimi təqdim olunur, digər tərəfdən isə dövlətin suverenliyi və gələcək təhlükəsizlik arxitekturası baxımından ciddi risklər doğurur. Rusiya isə bu prosesdə mövqeyini kifayət qədər sərt şəkildə ortaya qoyur. Moskva üçün məsələ iqtisadi təşviqlərdən daha çox təhlükəsizlik və strateji mövcudluqla bağlıdır”.
A.Nəsirovun sözlərinə görə, Vladimir Putinin açıqlamaları göstərir ki, Rusiya Ukrayna məsələsini NATO ilə uzunmüddətli qarşıdurmanın mərkəzi elementi kimi görür və bu xəttdən geri çəkilmək niyyətində deyil: “Enerji infrastrukturu dağıdılmış, humanitar vəziyyəti ağırlaşmış Ukrayna isə danışıqlara zəif mövqedən daxil olur. Bu mənzərə fonunda Əbu-Dabi təmasları sülhün başlanğıcından daha çox, müharibənin yeni siyasi çərçivədə davamı kimi qiymətləndirilə bilər”.
Röya İsrafilova