Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
NATO hələ də Ukraynanı öz sıralarına qəbul etməkdən imtina edir, çünki bu, Şimali Atlantika Alyansı üçün intihar olardı.
Bunu amerikalı hərbi analitik Daniel Devis deyib. Ekspert bildirib ki, NATO əslində Kiyevi qəbul edə və onun uğrunda mübarizəyə başlaya bilər, lakin potensial fəlakətli nəticələrə görə bunu etmir:
"Biz bunu indi ona görə etmirik ki, bu, intihar olardı. Bu, demək olar ki, dərhal nüvə münaqişəsinə səbəb olardı".
O, həmçinin əlavə edib ki, Qərb Ukraynanın üzvlüyü ilə bağlı iqtisadi, maliyyə və hərbi öhdəlikləri öz üzərinə götürməyə həqiqətən hazır deyil və buna görə də heç kim onun qəbul edilməsini ciddi şəkildə düşünmür.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, hazırkı şərtlər daxilində Ukraynanın NATO-ya üzv olmaq imkanları minimum səviyyədədir:
"Bunun bir neçə səbəbi var. İlk növbədə, NATO-nun əsas tələblərindən biri üzvlüyə qəbul ediləcək ölkənin hərbi münaqişə vəziyyətində olmamasıdır. Hazırda Ukrayna Rusiya ilə müharibə şəraitindədir və bu amil onun alyansa üzvlüyünü çətinləşdirir. İkinci mühüm məqam isə Ukraynanın NATO-ya qəbulu ilə bağlı qərarın daha geniş geosiyasi qarşıdurmaya səbəb ola bilməsidir. Rusiya üçün bu məsələ olduqca həssasdır və Ukraynanın mövcud şərtlər daxilində alyansa qəbul edilməsi qarşıdurmanı daha da dərinləşdirə bilər. Bu baxımdan, müxtəlif ölkələr Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləsə də, alyansın əhəmiyyətli üzvləri, o cümlədən ABŞ hazırkı şəraitdə bu ehtimalı real hesab etmir. Hesab edirəm ki, bütün bu amilləri nəzərə alsaq, Ukraynanın yaxın perspektivdə NATO-ya üzv olması real görünmür”.
Aynur Babazadə