Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yanvarın 26-sı gecəsi Ukrayna Müdafiə Qüvvələri Slavyansk-na-Kuban (Rusiya, Krasnodar diyarı) şəhərindəki neft emalı zavodunun infrastrukturuna zərbələr endirib. Düşmənin bir neçə digər hədəfi də vurulub.
AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalında açıqlamasına istinadla xəbər verir.
Baş Qərargahın məlumatına görə, bu müəssisənin illik potensial emal gücü 4 milyon tondan çoxdur. Bu neft emalı zavodu Rusiya Federasiyasının enerji üzrə arxa cəbhəsinin bir hissəsidir və təcavüzkarın silahlı qüvvələrinin təchizatında iştirak edir.
Bəyanatda deyilir: “Hücum PUA-ları neft emalı zavodunun ərazisinə dəyib və hədəf bölgəsində partlayışlar qeydə alınıb. İlkin məlumata görə, əsas neft emalı bölməsinin elementləri vurulub”.
Müdafiə Qüvvələri, həmçinin müvəqqəti işğal olunmuş Donetsk (Donetsk şəhəri) və Zaporojye (Sladkovodnoye kəndi) vilayətlərinin ərazilərində düşmən bölmələrinin logistika anbarlarına da zərbələr vurulub. Bundan əlavə, Velika Novosilka (Donetsk vilayəti) yaxınlığındakı bölmənin PUA idarəetmə mərkəzinə və Yunakovka (Sumı vilayəti) və Kolesnikivka ( Xarkov vilayəti) yaxınlığında düşmənin canlı qüvvəsinə zərbələr endirilib. Ölən və yaralanan rus hərbçilərinin sayı müəyyənləşdirilir.
Baş Qərargah qeyd edib ki, Müdafiə Qüvvələri düşmən ordusunun hərbi və iqtisadi potensialını sarsıtmaq, həmçinin Rusiyanı Ukraynaya qarşı silahlı təcavüzü dayandırmağa məcbur etmək üçün müvafiq tədbirlər görməyə davam edir.