Icma.az, Yeniavaz saytına istinadən bildirir.
İyulun 1-də Rusiyanın Penza şəhərində partlayışlar baş verib.
Yeniavaz.com xəbər verir ki, yerli hakimiyyət orqanları partlayışların Ukrayna dronlarının hücumu nəticəsində meydana gəldiyini açıqlayıb.
Ukrayna tərəfinin məlumatına görə isə, Penzadakı hərbi obyektə zərbə endirilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması çərçivəsində Müdafiə Qüvvələrinin bölmələrinin Penza şəhərindəki kruiz və ballistik raketlər, aviasiya bort sistemləri və kəşfiyyat peykləri üçün komponentlər istehsal edən “Fiziki Ölçmələr üzrə Elmi Tədqiqat İnstitutu”na zərbə endirdiyini açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də 1 iyulda sosial mediada Rusiyanın Penza bölgəsindəki hərbi-sənaye kompleksi obyektinə endirilən zərbə barədə yazıb. Onun sözlərinə görə, Ukrayna silahları cəbhə xəttindən təxminən 600 kilometr aralıda yerləşən və Ukraynaya qarşı istifadə edilən Rusiya raketləri üçün komponentlər istehsal edən strateji obyektə çatıb.
Zelenskinin sözlərinə görə, Rusiyanın uzun sürən müharibəsinə cavab olaraq Ukraynanın müdafiə qüvvələri Ufa şəhərindəki neft emalı zavoduna da zərbə endirib. Zelenski konkret olaraq hansı zavodun vurulduğunu açıqlamayıb.