Ukrayna Prezidenti “Patriot”un istehsalçısı ilə görüşüb

17.10.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kiyev, 17 oktyabr, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfəri zamanı Amerikanın “Raytheon” müdafiə şirkətinin nümayəndələri ilə görüşüb.

AZƏRTAC bu barədə Ukrayna liderinin “Telegram” kanalında paylaşımına istinadla xəbər verir.

Zelenskinin paylaşımında qeyd olunub ki, görüş zamanı o, tərəfdaşlarına cəbhədəki vəziyyət və Rusiyanın mülki infrastruktura zərbələrinin intensivləşməsi barədə məlumat verib.

Tərəflər Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək və uzaqmənzilli raketlərdən qorunmaq imkanlarını artırmaq üçün şirkətin Kiyev ilə potensial əməkdaşlıq sahələrini müzakirə ediblər.

Prezident Zelenski qeyd edib ki, Ukrayna vətəndaşlarının müdafiəsini gücləndirə biləcək konkret həll yolları var və Kiyev onların həyata keçirilməsini təmin etmək üçün bütün səviyyələrdə çalışır.

“Raytheon” şirkətinə Ukraynanı dəstəkləməyə davam etməyə hazır olduğuna görə təşəkkür edirəm”, -deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidentinin təyyarəsi dünən axşam saatlarında Birləşmiş Ştatlara eniş edib. Zelenskinin bu gün ABŞ Prezidenti Donald Trampla görüşü gözlənilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью