Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri böyük həcmli məlumatların təhlilinə, qərarların mərkəzsiz şəkildə qəbul edilməsinə və yeni texnologiyaların sürətlə tətbiqinə üstünlük verərək müasir müharibənin aparılmasına yanaşmanı getdikcə daha çox dəyişir.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ı Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdi ilə müsahibənin nəticələrinə əsasən yazıb.
Məqalənin müəllifi bildirir ki, Brovdi ilə söhbətin əvvəlində onun yeraltı komanda məntəqəsindəki elektron sayğac gün ərzində 302 Rusiya hərbçisinin öldürüldüyünü göstərirdi. Müsahibə başa çatanda isə bu rəqəm 343-ə yüksəlmişdi. Pilotsuz Sistemlər Qüvvələri Ukrayna ordusunun təxminən 2,5%-ni təşkil edir. Bununla belə, məqalədə göstərilən hesablamalara görə, son bir il ərzində Rusiya qoşunlarının itkilərinin təxminən üçdə biri bu qüvvələrin fəaliyyətinin payına düşür.
Brovdi Ukraynanın nəticələrini say üstünlüyü ilə deyil, ordunun təşkilatlanma prinsipinin dəyişdirilməsi ilə izah edir. O deyir: “Kiçik və müasir Ukrayna ordusu Ukraynada mövcud olmuş köhnə sovet sisteminə qalib gəlir”.
Onun sözlərinə görə, mülki mütəxəssislərin cəlb edilməsi hərbi strukturu daha çevik edib. İdarəetmə getdikcə biznes proseslərinə bənzəyir: burada planlaşdırma, səmərəliliyin qiymətləndirilməsi və xərclərə nəzarət mühüm rol oynayır.
Bu sistemdə əsas rolu “Delta” rəqəmsal platforması oynayır. Platforma pilotsuz uçuş aparatlarından, sensorlardan və digər vasitələrdən əldə edilən məlumatları vahid şəbəkədə birləşdirir. Operatorlar xəritədə aşkar etdikləri hədəfləri qeyd edə bilirlər. Bundan sonra məlumat dərhal həmin hədəfə reaksiya verə biləcək bölmələr üçün əlçatan olur və uzunmüddətli əmr və razılaşdırma proseslərinə ehtiyac azalır. Brovdinin sözlərinə görə, o, döyüşlə bağlı qərarların təxminən 90%-ni hərbçilərinə həvalə edir.