Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 17-də gecə saatlarında Ukrayna Silahlı Qüvvələri Başqırdıstanın Ufa və Salavat şəhərlərinə kütləvi dron hücumu təşkil edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Başqırdıstan Respublikası Fövqəladə Hallar Komitəsi məlumat yayıb. Qeyd edilir ki, Rusiya Müdafiə Nazirliyinin qüvvələri, müəssisənin təhlükəsizlik işçiləri və mobil yanğınsöndürmə qrupları 50-dən çox dronu vurub. Yerli sakinlər səhər saatlarında təxminən 17 kilometr məsafədə yerləşən Sterlitamaka qədər görünən Salavat sənaye zonasında partlayışlar və yanğının parıltısı görüblər.
Əldə edilən görüntülər Rusiyanın ən böyük neft-kimya komplekslərindən biri olan “Qazprom Neftexim Salavat” zərbə aldığını göstərir. 1948-ci ildə təsis edilən müəssisə neft emalı və qaz kimyası zavodlarını birləşdirir. Kompleks benzin, dizel yanacağı, kerosin, yanacaq yağı, polietilen, polistirol, ammonyak, karbamid və butil spirtləri istehsal edir. Eyni zamanda, şirkət yanacağın bir hissəsini orduya, bir sıra neft-kimya məhsulları isə müdafiə sənayesinə tədarük edir.
Bundan əvvəl kompleks oktyabrın 8-də Ukrayna dronları tərəfindən vurulub. Nəticədə, neft emalı zavodunun yaxınlığında yanğın baş vermişdi. Dünən gecə Ukrayna Silahlı Qüvvələri Kurskdakı təxminən 400 min sakini və iri sənaye müəssisələrini elektrik enerjisi ilə təmin edən, 1965-ci ildə inşa edilmiş Sadovaya elektrik yarımstansiyasına da hücum edib. Hücum və ya onun nəticələri barədə heç bir rəsmi məlumat verilməyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ilhaq edilmiş Krım yarımadası, Azov və Qara dənizlərin sularında 21 bölgədə bir gecədə Ukraynanın cəmi 1441 dronu məhv edilib. Xüsusilə, Moskva, Kursk, Rostov, Saratov, Tver və Ulyanovsk vilayətləri, Başqırdıstan Respublikası və Krasnodar diyarı üzərində dronlar vurulub. Moskva meri Sergey Sobyanin bildirib ki, 16 noyabr axşamından 17 noyabr səhər saatlarına qədər paytaxta təxminən 800 dron uçub. 321 dron Moskvaya yaxınlaşarkən zərərsizləşdirilib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin