Ukrayna üçün sülh planı və Azərbaycan

21.11.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna ilə bağlı yeni "sülh" planı açıqlanıb. Bu, əslində yeni sülh planı deyil, gələcək müharibə planıdır. Çünki bu planla Ukrayna hökuməti razılaşsa da, xalqı barışmayacaq.

Məlumat verilib ki, sənədi Amerika Birləşmiş Ştatları və Rusiya hazırlayıb. Ancaq ABŞ prezidenti Donald Trampın adından irəli sürülmüş bu "sülh planı" əslində daha çox Rusiya prezidenti Vladimir Putinin diqtəsinə oxşadı. Doğrudur, burada Rusiyanın da güzəştə getdiyini görmək olur. Xüsusilə Ukraynanın Qərb strukturlarına inteqrasiyası ilə bağlı məsələdə kompromiss var: Ukrayna NATO-ya üzv olmayacağı, NATO da Ukraynanı üzvlüyə qəbul etməyəcəyi haqqında öhdəlik götürür. Əvəzində Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyünə etiraz etmir. NATO genişlənməyəcək, ancaq Rusiya da Ukraynaya və Avropaya hücum etməyəcək (yəni plan təsdiqlənsə).

Qərb Rusiyanın işğal etdiyi əraziləri onun ərazisi olaraq faktik tanıyacaq, amma Ukraynadan bunu tələb etməyəcək. Yəni ABŞ Krımı və Donbası de-yure Rusiya ərazisi kimi tanımır, ancaq faktik tanıyır. Bu nə deməkdir?! O deməkdir ki, ABŞ şirkətləri Ukraynanın işğal olunmuş ərazilərində Rusiya qanunları ilə işləyəcəklər, Rusiya tərəfi ilə müqavilələr bağlayacaqlar. Ancaq ABŞ bu əraziləri de-yure Ukrayna ərazisi hesab edəcək.

Beləlilklə, beynəlxalq hüququn yanından keçib Putinlə qucaqlaşmağın yolu tapıldı.

Bəli, Ukrayna NATO üzvü olmayacaq, həm də yalnız 600 min nəfərlik ordu saxlaya biləcək, ancaq ABŞ Ukraynanın təhlükəsizliyinə etibarlı təminat vəd edir. Bu, Vaşinqtonun İsrailə və Səudiyyə Ərəbistanı ilə müttəfiqliyinə bənzər bir öhdəlik olasıdır. Yəni Ukrayna NATO üzvü olmasa da, NATO üzvü (əslində Alyansın lideri) olan ABŞ-ın müdafiəsi altında olacaq.

Maraqlıdır, ABŞ Ukrayna dövlətinin işğal faktı ilə barışmamasını normal qarşılayır, ancaq gələcəkdə öz ərazilərini hərbi yolla işğaldan azad etməsini qəbul etmir. Ukrayna buna cəhd etsə, nəinki ABŞ-ın təhlükəsizlik zəmanətini itirmiş olacaq, üstəlik sankaiyalara məruz qalacaq. Hərçənd sülh planın birinci bəndində Ukraynanın suverenliyi təsdiqlənir. Yəni Rusiyanın işğal etdiyi Krım Respublikası, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri istisna olmaqla qalan əraziləri üzərində Ukraynanın suverenliyi tanınır. Ukrayna həm ciddi bir anlamda həm müstəqilliyini, həm suverenliyini itirmiş olur.

Bax, bu fonda Azərbaycanın 5 il əvvəl öz ərazi bütövlüyünü və 2 il 2 ay əvvəl isə bütün əraziləri üzərində suverenliyini bərpa etməsinin əhəmiyyəti bir daha göz önündə canlanır. Əgər Azərbaycanın işğal olunmuş ərazilərinin taleyi ATƏT-in indi artıq keçmiş Minsk Qrupu çərçivəsində xarici güclərin maraqları daxilində həll olunsaydı, Azərbaycan nəinki ərazisinin bir hissəsini itirəcəkdi, həm də siyasi müstəqilliyi ciddi ölçüdə məhdudlaşmış olacaqdı. Ona görə də əvvəl də dediyim kimi, Azərbaycan dövləti, dövlət rəhbəri, ordu 2020-2023-cü illərdəki mübarizədə təkcə ölkənin ərazi bütövlüyünü, suverenliyini deyil, bütövlükdə tam müstəqilliyini təmin etdi. Bu, təkcə torpaq azad etməkb məsələsi deyildi, hım də və daha çox milli azadlıq məsələsi idi.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью