Ukrayna və ABŞ sülh üzrə yeni sənəd hazırlayıblar

24.11.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Noyabrın 23-də Cenevrədə ABŞ və Ukrayna nümayəndələri ABŞ-ın sülh təklifini müzakirə etmək məqsədilə görüşüblər.
Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Məlumata görə, danışıqlar konstruktiv, diqqətli və qarşılıqlı hörmət şəraitində keçib ki, bu da ədalətli və davamlı sülhün əldə edilməsinə birgə sadiqliyi vurğulayıb.
“Hər iki tərəf məsləhətləşmələri son dərəcə məhsuldar hesab edib”, - Prezident Ofisinin bəyanatında deyilir.
Ukrayna və ABŞ həmçinin təsdiq ediblər ki, istənilən gələcək razılaşma Ukraynanın suverenliyini tam şəkildə nəzərə almalı və dayanıqlı, ədalətli sülhü təmin etməlidir.
“Danışıqların nəticəsi olaraq tərəflər sülh üzrə yenilənmiş və təkmilləşdirilmiş çərçivə sənədi hazırlayıblar”, - məlumatda qeyd olunub.
Ukrayna nümayəndə heyəti ABŞ-a və şəxsən Ağ Evin rəhbəri Donald Trampa müharibənin başa çatdırılması və insan həyatının qorunmasına yönəlmiş sarsılmaz səylərinə görə minnətdarlığını bildirib.
“Ukrayna və Amerika Birləşmiş Ştatları qarşıdakı günlərdə birgə təkliflər üzərində intensiv işi davam etdirmək barədə razılığa gəliblər”, - Prezident Ofisi əlavə edib.
Bildirilib ki, prosesin irəliləməsi zamanı Avropa tərəfdaşları ilə də sıx əlaqə saxlanılacaq.
“Bu çərçivə sənədi ilə bağlı yekun qərarları Ukrayna və ABŞ prezidentləri verəcəklər”, - deyə açıqlamada vurğulanır.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın Ukraynanın ABŞ sülh təklifini qəbul etməsi üçün müəyyənləşdirdiyi 27 noyabr son tarixinin elastik olduğunu bildirib. Rubionun sözlərinə görə, Tramp administrasiyası qərarvermə dinamizmini saxlamaq və məqsədə “məqbul müddətdə” nail olmaq istəyir.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью