Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Moskva və Moskva vilayətinə endirilən zərbələrin Rusiyanın Kiyevə son hücumlarına cavab olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Zelenski jurnalistlərə açıqlamasında qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin müharibəni davam etdirmək niyyətindədirsə, Ukrayna buna cavab verəcək.
“Əgər Putin bu müharibəyə son qoymaq istəmirsə və onu davam etdirmək istəyirsə, biz boş-boş oturmayacağıq; biz cavab verəcəyik. Əgər Ukrayna yanırsa, Moskva da yanacaq”, - deyə Zelenski bildirib.
Ukrayna lideri xatırladıb ki, iyunun 15-də Kiyevə edilən Rusiya hücumları nəticəsində beş nəfər həlak olub. Həmçinin Kiyev-Peçersk Lavrasının əsas kilsəsi və UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Uspeniya Katedralında yanğın baş verib.
Zelenski hücumlardan sonra kilsəyə baş çəkdiyini və buna cavab veriləcəyini bildirdiyini qeyd edib.
O əlavə edib ki, Kiyev müharibənin başa çatmasını istəyir.
Qeyd edək ki, iyunun 18-nə keçən gecə Ukraynanın hava hücumları nəticəsində Moskvanın Kapotnya rayonunda yerləşən neft emalı zavodunda yanğın baş verib.
Moskva meri Sergey Sobyanin yanğının əsasən lokallaşdırıldığını bildirib.
Bundan əvvəl Sobyanin Moskva istiqamətində uçan 194 pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlamışdı. Moskva vilayətində isə 17 nəfərin yaralandığı bildirilib.
Aminə ŞAHSUVARQIZI