Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ukraynanın neft infrastrukturuna hücumları Rusiyanın yanacaq bazarına və ixrac imkanlarına getdikcə daha çox təsir göstərir..."
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft infrastrukturuna endirdiyi zərbələr ölkədə benzin qıtlığını daha da ağırlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Ukrayna zərbələri Rusiyanın yanacaq sisteminə təzyiqi artırır
Hesabatda deyilir ki, Ukraynanın son aylarda Rusiyanın neft emalı zavodlarına, yanacaq anbarlarına və enerji infrastrukturuna endirdiyi zərbələr iqtisadi nəticələr verməyə başlayıb. Analitiklərin fikrincə, bu hücumlar təkcə hərbi deyil, həm də Rusiyanın enerji sektoruna və daxili yanacaq bazarına ciddi təsir göstərir. Ölkənin onlarla regionunda benzin satışına məhdudiyyətlərin tətbiqi məhz bu proseslə bağlıdır.
Artıq Rusiyanın 53 regionunda və Ukraynanın işğal altında olan beş vilayətində yanacağın satışına müxtəlif məhdudiyyətlər tətbiq olunub. Məlumata görə, 18 regionda və işğal olunmuş ərazilərdə bir avtomobilə satılan benzinin həcmi 50 litrlə məhdudlaşdırılıb. Daha 11 regionda rəsmi məhdudiyyət tətbiq edilməsə də, yanacaqdoldurma məntəqələri qıtlıq problemi ilə üzləşir.
Neft hasilatı azalır, ixrac isə artır
ISW qeyd edir ki, Ukrayna zərbələri təkcə yanacaq çatışmazlığı yaratmır, həm də Rusiyanın neft hasilatına mənfi təsir göstərir. May ayında ölkədə gündəlik neft hasilatı 8,7 milyon barrelə düşüb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz, planlaşdırılan səviyyədən isə təxminən 10 faiz azdır.
Bununla yanaşı, Rusiya may ayında gündəlik 5,2 milyon barrel xam neft ixrac edib ki, bu da ötən ilin göstəricisindən xeyli yüksəkdir. Analitiklərin fikrincə, Moskva neft məhsullarını daxili bazara yönəltməyə, xam neft ixracını isə maksimum səviyyədə saxlamağa çalışır.
Moskva üçün əlavə problemlər
Hesabatda ABŞ-ın Rusiya nefti və neft məhsullarının dəniz daşımaları ilə bağlı bəzi sanksiya güzəştlərini uzatmamasına da diqqət çəkilir. Analitiklər hesab edirlər ki, bu addım Rusiyanın ixrac imkanlarına əlavə təzyiq göstərə bilər.
ISW-nin qənaətinə görə, Ukrayna 2026-cı ildə Rusiyanın dərin arxa cəbhəsində yerləşən enerji obyektlərinə zərbələrin intensivliyini və miqyasını əhəmiyyətli dərəcədə artırıb. Bu isə həm daxili yanacaq təminatına, həm neft ixracına, həm də emal imkanlarına ciddi təsir göstərir.
Xatırladaq ki, iyunun 18-nə keçən gecə Ukrayna qüvvələri yenidən Moskva Neft Emalı Zavoduna zərbə endirib. Ukrayna prezidenti Vladimir Zelenski bunu Rusiyanın hücumlarına cavab adlandırıb, Ukrayna Təhlükəsizlik Xidməti isə həmin zavodun paytaxtın yanacaq bazarında mühüm rol oynadığını bildirib.