Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
BBC-nin rus xidməti, “Mediazona” və könüllülər Ukraynada genişmiqyaslı müharibə başlayandan həlak olan 285 023 Rusiya hərbçisinin adını müəyyənləşdiriblər.
Modern.az BBC-yə istinadən xəbər verir ki, araşdırma müəllifləri real itkilərin daha yüksək olduğunu bildirirlər. Hərbi ekspertlərin qiymətləndirməsinə görə, qəbiristanlıqlar, hərbi memoriallar və ölüm elanları əsasında toplanan məlumatlar faktiki ölümlərin təxminən 45–55 faizini əhatə edə bilər.
Adbaad siyahıya əsasən, ən ağır itkilər motoatıcı birləşmələrdə qeydə alınıb. Ən çox itki verən beş briqadada ümumilikdə 15 312 hərbçinin öldüyü təsdiqlənib. İlk iki yerdə 15-ci və 30-cu motoatıcı briqadalar qərarlaşıb.
Araşdırmada bildirilir ki, motoatıcı bölmələr 2023-cü ilin ikinci yarısından hücum əməliyyatlarında əsas yükü daşıyırlar. Böyük itkilər yeni müqaviləli hərbçilərin cəlb olunması ilə əvəzlənir. Məsələn, 30-cu briqadada ölümü təsdiqlənmiş şəxslərin azı 41 faizini könüllülər təşkil edir.
BBC əsirlikdən qaytarıldıqdan sonra yenidən cəbhəyə göndərilən və orada həlak olan 152 hərbçini də müəyyənləşdirib. Onlardan biri 28 yaşlı Timofey Fedotovdur. O, 2024-cü ildə əsir düşüb, sonradan dəyişdirilərək Rusiyaya qaytarılıb. Bir müddət sonra yenidən cəbhəyə göndərilən Fedotov 2026-cı ilin avqustunda həlak olub.
Araşdırmada Rusiya tərəfində döyüşən Şimali Koreya hərbçilərinin itkilərinə də toxunulub. BBC-nin Koreya xidməti peyk görüntüləri və hərbi memorialın rəsmi fotoları əsasında 2024–2025-ci illərdə ölən 2 304 Şimali Koreya hərbçisinin adını müəyyənləşdirib.
Müəlliflər vurğulayırlar ki, adbaad siyahıya yalnız açıq mənbələrlə təsdiqlənən ölüm halları daxil edilir. Bütün ölümlər ictimailəşdirilmədiyindən, həmçinin bəzi hərbçilərin cəsədləri döyüş meydanında qaldığından siyahı tam deyil.