Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Ukraynalılar Rusiyanın bombardmanları fonunda son dərəcə ağır şəraitdə diqqətəlayiq dözümlülük nümayiş etdirsələr də, Qərb dövlətləri bu səyləri kifayət qədər yardımla tamamlamaq məsələsində çətinlik yaşayırlar.
Reyting.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Telegraph” nəşri yazıb.
Qeyd olunur ki, vəziyyəti yüngülləşdirmək üçün bəzi Qərb transmilli korporasiyaları və NATO müttəfiqləri Ukraynaya dəstək göstərməyə başlayıblar. Bu həftənin əvvəlində Ukraynanın müdafiə naziri Mixaylo Fedorov ABŞ-nın texnologiya nəhəngi “Palantir” ilə süni intellekt imkanlarına malik interceptor dronlarının təchizatı üzrə tərəfdaşlıq elan edib. Böyük Britaniya isə “Octopus” dronlarının istehsalını əhəmiyyətli dərəcədə artıraraq, ayda minlərlə ədəd istehsal etməyi planlaşdırır.
Enerji sahəsinə gəlincə, nəşr yazır ki, Polşa fevral ayından etibarən Ukraynaya qaz ixracını saatda 600 min kubmetrdən 720 min kubmetrə qədər artırmağı öhdəsinə götürüb.
Britaniya qəzeti bildirir ki, bu addımlar müsbət qiymətləndirilsə də, Ukraynanın üzləşdiyi mövcud böhranla müqayisədə yetərli deyil. Daxili siyasi çəkişmələr və əməliyyat problemləri Ukraynaya göstərilən hava hücumundan müdafiə yardımının da effektivliyini azaldıb.
Çexiya prezidenti Petr Pavel Ukraynaya dronları ələ keçirə bilən “L-159” qırıcı təyyarələrinin çatdırılmasını dəstəkləsə də, baş nazir Andrey Babiş bu prosesin dondurulmasına qərar verib.
Məlumata görə, təchizat zəncirindəki problemlər və əlverişsiz hava şəraiti Böyük Britaniyanın 2025-ci ildə “Gravehawk” zenit raketlərini çatdırmaq planının reallaşmasına mane olub.
Ukraynanın enerji sektoruna investisiyalar da qənaətbəxş hesab edilmir. Vurğulanır ki, ölkənin külək turbinlərinə və ümumilikdə bərpa olunan enerji potensialına genişmiqyaslı və strateji investisiyalar qaçılmazdır.
Nəşr qeyd edir ki, bu cür müvəqqəti həllər Ukraynanın ən dayanıqlı enerji təchizatı obyektlərini gücləndirmək imkanlarını zəiflədir və Rusiyanı Ukraynanın elektrik infrastrukturuna hücumlarını davam etdirməyə təşviq edir.
“Avropanın Ukraynaya kifayət qədər dəstək verməməsi avropalılara demək olar ki, ukraynalılar qədər zərər vurur”, - deyə məqalədə vurğulanır.
Ukraynanın dronları ələ keçirmə texnologiyalarına investisiya qoyulması NATO-nun Rusiyanın ən təhlükəli hərbi innovasiyalarına qarşı müqavimətini gücləndirə bilər. Yeni formalaşan bərpa olunan enerji sektorunun dəstəklənməsi isə Ukraynaya nadir torpaq elementləri potensialından istifadə etməyə və Avropanın Rusiya mənşəli qazıntı yanacaqlarından uzaqlaşmasında uzunmüddətli mühüm tərəfdaşa çevrilməyə imkan verər.
V. QULİYEV