Ukraynalı hərbi ekspert: Rusiya bu il çoxlu ehtiyat qüvvə toplayıb

22.01.2026

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin 4 ili tamam olur. Az qala İkinci Dünya müharibəsi qədər müddəti olan Rusiya-Ukrayna müharibəsinin nə zaman başa çatacağı isə daha çox sual doğurur. Diplomatik danışıqlar intensivləşsə də, cəbhədə əksinə, döyüşlərin coğrafiyası genişlənməkdədir.

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru, hərbi ekspert Dmitri Jmailo AZƏRTAC-a açıqlamasında müharibənin tezliklə başa çatacağı ehtimalının az olduğunu deyib.

“Rusiya bu il çoxlu ehtiyat qüvvə toplayıb. Buna əsasən müqaviləli hərbçilər və dünyanın hər yerindən muzdlu əsgərlərin cəlb edilməsi üçün böyük ödənişlər kömək edib. Rusiyaya qarşı sanksiyalara baxmayaraq, onların “kölgə donanmas”ının fəaliyyəti işlərini asanlaşdırıb. Bu ölkənin neft və qaz sektoruna hücumlarımız onların gəlirlərini cəmi 24 faiz azaldıb və müvafiq olaraq, Ukraynanın Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya artıq təxminən 400 min yeni canlı qüvvə cəlb edib. Təmas xəttində əməliyyat vəziyyəti olduqca ağırdır. Bizim başqa çarəmiz yoxdur. Bütün təmas xətti boyunca şiddətli təzyiqə baxmayaraq, Belarusla sərhəddən işğal olunmuş Dnestryanı ilə sərhədə qədər perimetr müdafiəsini saxlayırıq”, - deyə ukraynalı hərbi ekspert əlavə edib.

Dmitri Jmailo hesab hesab edir ki, Rusiya ordusunun cəbhədə irəliləmə prosesi zəifləyib. Lakin bunun müqabiləndə şəxsi heyətinin itkilərinin sayı çoxalıb.

“Rusiya ordusunun Ukrayna ərazisinin hər kvadrat kilometrinə düşən itkilərinin sayı 150-dən çoxdur. 2024-cü ilin payızında isə bu rəqəm cəmi 16 idi. Rusiya iki əsas istiqamətə - Pokrovsk-Mirnoqrad və Zaporojyeyə diqqət yetirir. Pokrovsk hazırda vəziyyətin ən çətin olduğu yerdir. Ruslar döyüş toqquşmalarının sayını artırmağa çalışırlar. Pokrovsk və Mirnoqradın şimal hissələrində Ukraynanın müdafiə qüvvələri küçə döyüşləri aparır. Ruslar 2026-cı ilin aprel ayında bütün Donetsk bölgəsinin işğalını planlaşdırıblar ki, bu da qeyri-real səslənir. Biz onların piyadalarını əsasən dronlarla məhv edirik. Rusiya, həmçinin Zaporojye şəhəri istiqamətinə mümkün qədər yaxınlaşmaq üçün hücumlarını davam etdirir. Eyni zamanda, onlar Sumı və Xarkov istiqamətlərində buffer zona yaratmaq planından əl çəkmirlər”, - deyə o diqqətə çatdırıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski isə bu ilin planlarını açıqlayarkən, Ukraynanın yeni hücum əməliyyatlarına hazırlaşdığını gizlətməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью