Ukraynanı aldadan Bayden, prezidentlik dövründə Azərbaycana qərəz, Ermənistana dəstək göstərdi

19.04.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp aprelin 16-da keçmiş dövlət başçısı Co Baydeni kəskin tənqid edib və onu ölkə tarixinin ən pis lideri adlandırıb. “Birləşmiş Ştatlar tarixinin ən pis prezidenti olan yuxulu Co Bayden milyonlarla və milyonlarla cinayətkarın, onların çoxu qatillərin, narkotik satıcılarının və dünyanın müxtəlif yerlərindən həbsxanalardan və ruhi xəstəxanalardan azad edilmiş insanların çox təhlükəli və zəif dizayn edilmiş açıq sərhəddən ölkəmizə daxil olmasına icazə verdi”,-deyə Tramp TruthSocial-da yazıb. Tramp qeyd edib ki, onun missiyası “bu qatilləri və quldurları” ABŞ-dan qovmaqdır. Bir müddət əvvəl Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişədə Baydenin günahkar olduğunu bildirmişdi.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Trampın dediklərində həqiqətlər var.

Elşad Həsənov

“Doğrudan da Bayden dövründə çox sayda miqrant gəldi. Amerikaya gələnlərin arasında cinayətkarlar, oğrular, quldurlar da var idi və bu da öz təsdiqini tapıb. Bu səbəbdən də Tramp seçkiqabağı proqramında bildirirdi ki, qeyri qanuni gələn miqrantları Amerikadan çıxaracaq və bu prosesin icrasına prezident postuna gəldiyi ilk günlərdə başlayıb”-deyə politoloq qeyd edib.

Elşad Həsənov hesab edir ki, ABŞ-ın sabiq prezidenti Co Baydenin dövründə dünya qarışdı: “Rusiya-Ukrayna müharibəsi məhz Baydenin dəstəyi ilə başladı. Ukraynanı inandırırdılar ki, "biz arxanızdayıq" və Ukraynanı müharibəyə sürüklədilər. Bu müharibə olmaya bilərdi. Müharibənin başlanğıcındakı itki təkcə Donbas və Luqanski idi, indi Ukraynanın digər regionları təhlükə altındadır. Bu ərazilər rusların tabeliyinə keçir. Bu da elə Baydenin apardığı səhv siyasətin nəticəsi idi. Onlar Ukraynanı müharibəyə sürüklədilər və arxalarında da tam dayanmadılar. Silahlar vaxtında verilmədi. Milyonlarla insan bu müharibədən ziyan çəkdi. Eyni zamanda, dünya birliyi - Avropa İttifaqı və digər ölkələr bu müharibəyə nə qədər vəsait qoydular. Bunlar hamısı "səhv" Co Baydenin siyasətinin nəticəsidir”.

Elşad Həsənov bildirib ki, Bayden dövründə Azərbaycan-Amerika münasibətləri soyuq dönəm keçirdi.

“Bayden administrasiyası Ermənistanı dəstəkləməyə başladı. Onlara maliyyə yardımları etməyə başladılar. Onlar da həmin maliyyə yardımları ilə silahlanmağa başladılar. Bayden hakimiyyəti Azərbaycana qarşı siyasətdə də öz qərəzini göstərdi. O mənada Trampın dediklərində həqiqət var”-deyə politoloq qeyd edib.

Elşad Həsənov qeyd edib ki, bu gün Trampın apardığı siyasət dünyanı tamam qarışdırıb.

“Tarif müharibəsi artıq ölkələr arasında gərginliyə səbəb olub. Avropa, o cümlədən Çinlə Amerika münasibətləri pisləşib. Çin artıq Avropa İttifaqı ilə öz münasibətlərini qurur, Amerikanın tarif müharibəsinə qarşı dirəniş göstərir. Yəni bütün bunlar dünyanın super gücü olan dövlətin başçısı Donald Tramp tərəfindən aparılan siyasətin nəticəsindədir. Bayden dövrünün də gələcəkdə tarix qiymətini verəcək. Ancaq Bayden dövrü heç də uğurlu, uğurlu bir dövr olmayıb. Tramp 100 gündür ki, hakimiyyətdədir və bu 100 gün müddətində də o dediyi məsələləri edə bilməyib. Dünyanın super gücü olan dövlətin prezidentləri, super gücü daha da gücləndirmək üçün əvəzinə, digər məsələlərlə dünyanı qarışdırmağa yönəlmiş siyasət aparılır”-deyə Elşad Həsənov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью