Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kiyev, 28 yanvar, AZƏRTAC
Ukraynanın Müdafiə Qüvvələri rusların dronların idarə edilməsi üzrə məntəqəsinə, neft bazasına, həmçinin düşmənin canlı qüvvəsinin cəmləşdiyi bir neçə mövqeyə zərbələr endirib.
Bu barədə AZƏRTAC Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalına istinadla xəbər verir.
Qeyd olunur ki, Donetsk vilayətinin müvəqqəti işğal altında olan hissəsində Ukrayna Silahlı Qüvvələrinin bölmələri Velikaya Novoselka rayonu yaxınlığında düşmənin canlı qüvvəsinin cəmləşdiyi yerə və dronların idarəetmə məntəqəsinə zərbə endirə, həmçinin Şaxmatnoye və Qriqoryevka rayonlarında düşmən qüvvələrinin toplaşdığı əraziləri vura bilib.
Bundan başqa, Rusiya Federasiyasının Voronej vilayətində yerləşən “Xoxolskaya” neft bazası da hücuma məruz qalıb. Zərbədən sonra neft məhsullarının yanması qeydə alınıb, sıx tüstü müşahidə olunub.
Həmçinin Ukrayna hərbçiləri Luqansk vilayətinin Nijnyaya Duvanka rayonu yaxınlığında Rusiya Federasiyasının sursat anbarına, Qulyaypole rayonu ətrafında düşmənin canlı qüvvəsinə və Dnepropetrovsk vilayətinin Berezovoye yaşayış məntəqəsi yaxınlığında batalyonun idarəetmə məntəqəsinə hücum ediblər.
Bundan əlavə, Rusiya Federasiyasının Belqorod vilayətinin Kolotilovka yaşayış məntəqəsi yaxınlığında rusların canlı qüvvəsinə zərbə endirilməsi qeydə alınıb, məhv edilən rus hərbçilərinin sayı dəqiqləşdirilir.
Eyni zamanda, təsdiqlənib ki, Rusiya Federasiyasının Krasnodar diyarında yerləşən “Tamannefteqaz” neft terminalına zərbədən sonra təxminən 6 200 kvadratmetr sahədə yanğın baş verib, neft saxlanılan üç rezervuar zədələnib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev