Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, "Reuters"in peyk görüntüləri əsasında apardığı təhlilə görə, şirkətin anbar sahələrinin 1,18 milyon kvadratmetrdən çoxu, yəni ümumi saxlama tutumunun 20 faizdən artıq hissəsi zədələnib və ya məhv olub.
İyulun 18-dən bəri "Wildberries"in təxminən 20 obyektinə hücum edilib. Nəticədə iri yanğınlar baş verib, anbarlardakı məhsullar məhv olub və şirkətin logistika şəbəkəsinin fəaliyyəti pozulub.
Bu vəziyyət "Wildberries" platformasında fəaliyyət göstərən on minlərlə kiçik sahibkara da təsir edib. Moskvada şirkətin sifarişlərin təhvil verilməsi məntəqələrindən birini idarə edən Vasili Klimov bildirib ki, son bir ay ərzində satışlar təxminən 50 faiz azalıb, gündəlik çatdırılmalar isə 400 bağlamadan 150-yə düşüb. Onun sözlərinə görə, biznes artıq zərərlə işlədiyi üçün satışa çıxarılıb.
"Wildberries" və digər iri elektron ticarət platformaları birlikdə Rusiya iqtisadiyyatının təxminən 8,5 faizinə bərabər həcmdə mal və xidmət dövriyyəsini təmin edir. Buna görə də yaranmış fasilələr ölkənin iqtisadiyyatı üçün də risk hesab olunur.
Ukrayna hücumların mülki əhaliyə qarşı yönəlmədiyini bildirərək, onların Rusiyanın müharibə imkanlarını zəiflətməyə xidmət etdiyini bəyan edir. Kiyev "Wildberries"in bəzi hərbi təyinatlı və ikili istifadə məhsullarının satışını həyata keçirdiyini iddia edir. Şirkət və Kremlin mövqeyinə görə isə "Wildberries" Rusiya ordusuna təchizat həyata keçirmir.
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, logistika problemlərinin inflyasiyaya təsiri izlənilir. Rusiyanın ən böyük bankı olan "Sberbank" isə hücumlardan zərər çəkən şirkətlər səbəbindən kredit risklərinin artacağını açıqlayıb.
Reuters-in Kremlinə yaxın mənbəyə istinadən yaydığı məlumata görə, hökumət "Wildberries" və onun platformasında çalışan satıcılara dövlət dəstəyi imkanlarını müzakirə edir. Mümkün tədbirlər arasında dövlət bankları vasitəsilə kreditlərin ayrılması, vergi güzəştləri və subsidiyalar da nəzərdən keçirilir.
"Wildberries" bildirir ki, hücumlar nəticəsində zərər görən 97 mindən çox satıcıya ilkin kompensasiya ödənişləri həyata keçirilib, həmçinin ödənişlərin təxirə salınması və əlavə endirimlər tətbiq olunub. Bəzi sahibkarlar isə mümkün kompensasiyaların zərərlərini tam qarşılamayacağını düşünür.
Bizimyol.info