Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Slovakiya Baş naziri Robert Fitso Bratislavanın Kiyevə döyüş sursatı satışını dəstəkləsə də, Ukraynaya istənilən yardımın əvəzsiz şəkildə göstərilməsini rədd edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, Avropa İttifaqı Şurasının sammitinin yekunları üzrə jurnalistlərin müvafiq suallarını cavablandırarkən bildirib.
“Siz pulsuz verməklə pulla satmaq arasındakı fərqi görmək istəmirsiniz. Əgər kimsə bizdən nəsə almaq istəyirsə, buyursun, alsın”, - Baş nazir deyib.
Fitso qeyd edib ki, Slovakiya Ukraynanı kreditlər və birbaşa hərbi yardımlarla dəstəkləməyəcək.
Avropa İttifaqı Şurasının iclasında Avropa İttifaqının uzunmüddətli büdcə layihəsi ilə bağlı keçirilən müzakirələri şərh edən Slovakiya hökumətinin başçısı sənədin sonradan qəbul edilməsi məqsədilə kompromislərə getməyi mümkün hesab etdiyini bildirib. Onun sözlərinə görə, dekabr ayında Avropa İttifaqı Şurası 2028-2034-cü illər üçün ittifaqın büdcəsinə Ukraynanın maliyyələşdirilməsinin daxil edilməsi məsələsini yenidən müzakirə edəcək.
Robert Fitso Slovakiyanın Avropa İttifaqının Ukrayna üçün nəzərdə tutduğu 45 milyard avro həcmində yeni kreditdə iştirakını istisna etdiyini vurğulayıb: “90 milyard avro həcmində əvvəlki kreditdə olduğu kimi, Slovakiya bu kreditdə də iştirak etmək istəmir”.
O əlavə edib ki, Bratislava Ukraynaya humanitar yardım göstərir və ərazilərin minalardan təmizlənməsinə dəstək verir.