Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra regionlarına - Xarkov, Xerson, Kirovoqrad və Dnepropetrovsk vilayətlərinə kütləvi zərbələr endirib. Hücumlar nəticəsində mülki infrastruktur ciddi zərər görüb, xəsarət alanlar var.
Xarkov şəhərinin meri İqor Terexovun yaydığı rəsmi məlumata görə, ötən gecə Rusiya qüvvələri şəhəri pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb. Dronlardan birinin birbaşa yaşayış sektoruna – fərdi evə dəyməsi nəticəsində dağıntılar qeydə alınıb.
İlkin məlumatlara əsasən, hücum nəticəsində altı nəfər xəsarət alıb.
Hadisə yerində Fövqəladə Hallar Xidmətinin xilasediciləri və təcili tibbi yardım briqadaları çalışır.
Digər bölgələrdə də gecə hücumlarının fəsadları hələ də aradan qaldırılır. Xerson şəhərində Rusiya FPV-dronunun çoxmərtəbəli yaşayış binasına çırpılması nəticəsində bir sakin yaralanıb.
Eyni zamanda, Kirovoqrad vilayətinin də hədəfə alındığı bildirilir. Yerli hakimiyyət nümayəndələrinin açıqlamasına görə, hücum regionun kritik vacib infrastrukturuna yönəlib və hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində həyata keçirilən zərbələr nəticəsində dörd yarımstansiyanın sıradan çıxarıldığını iddia edib. Həmin obyektlər aşağıdakılardır:
Dnepropetrovsk vilayətinin Volnoqorsk şəhərindəki yarımstansiya;
Poltava vilayətinin Kremençuq şəhərindəki enerji obyekti;
Kiyev vilayətinin Pereyaslav və Yaqotin şəhərlərindəki infrastruktur elementləri.
Ukraynanın iri özəl enerji şirkəti DTEK yaranmış vəziyyəti təsdiqləyib. Bildirilib ki, Dnepropetrovsk vilayətindəki enerji obyektinin vurulması nəticəsində miqyaslı elektrik kəsintiləri başlanıb. Böhran vəziyyəti fonunda regionun inzibati mərkəzi olan Dnepr şəhəri də işıqsız qalıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, Rusiya qoşunları gecə ərzində Ukrayna ərazisinə "İsgəndər-M" tipli 1 ədəd ballistik raket və 162 zərbə PUA-sı ilə hücum təşkil edib.
Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin effektiv əməliyyatları nəticəsində həmin PUA-lardan 135-nin zərərsizləşdirildiyi vurğulanıb.
Rasim Əliyev
“AzPolitika.info”