Ulduzlara aparan yolların generalı Misir Mərdanov yazır

13.11.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

...Kosmik raketin startına sayılı dəqiqələr qalıb. Baykonurda gərginlik hökm sürür. Nəhəng raket uçuş meydançasında dayanıb. Hər şey sonuncu dəfə yoxlanılır. Mühəndislər, konstruktorlar, hərbi mütəxəssislər öz yerlərindədirlər. Kosmik gəminin ekipajı uçuşa hazırdır.

Və budur, həlledici məqam yetişir...

Son məruzə verilir:

- Kosmik gəmi uçuşa hazırdır! İcazə verin, start götürək!

Amma son söz, uçuşla bağlı yekun qərar hələ verilməyib. Həmin qərarı verən şəxs kimdir? Hamı bilir ki, belə bir şəxs var. Ancaq onun kim olduğu geniş ictimaiyyətə məlum deyil. Deyirdilər ki, kosmik uçuşların taleyi ilə bağlı son məlumatlar ölkə rəhbərliyinə məhz onun vasitəsilə çatdırılır. O, dövlətin ən məxfi sahələrindən birinin məsul şəxslərindəndir. Adı çəkilmir, haqqında danışılmır, kimliyi açıqlanmır.

Televiziya ekranlarında kosmonavtların hesabat verdiyi həmin adamın üzü heç vaxt görünmür. Kamera onu yalnız arxadan göstərir. Sanki kosmik tarixin ən mühüm hadisələrinin arxasında dayanan bu insanın özü də bir sirr pərdəsinə bürünüb. Kim idi bu sirli insan? Kosmonavtların hesabatlarını dinləyən, onların uçuşlarına görə məsuliyyət daşıyan, dünyanın ən mürəkkəb elmi-texniki layihələrinin taleyində həlledici rol oynayan bu şəxs kim idi? Sovet kosmonavtikasının "atası" hesab olunan Sergey Korolyovmu? Yox! Bəlkə Yerətrafı kosmik fəza üzrə tədqiqatlar, kosmik uçuşlar və idarəetmə nəzəriyyəsi üzrə məşhurlaşmış akademik Mıstislav Keldış? Xeyr, o da deyil. Sonradan məlum olduğuna görə, onların hər ikisi həmin "naməlum" şəxsiyyətin - Kosmik uçuşlar üzrə Dövlət Komissiyası sədrinin müavinləri imiş.

Nəhayət, illər keçəcək, sirr pərdəsi açılacaq və öyrənəcəyik ki, həmin şəxs bizim soydaşımız, Bakıdan çıxmış bir azərbaycanlı - general-leytenant Kərim Kərimovdur.

Bəli, adı gizli saxlanılsa da, Qaqarin, yaxud Korolyov kimi məşhurlaşmasa da, dünya kosmonavtikasının ən mühüm simalarından biri, 1966-1991-ci illərdə, düz 25 il ərzində SSRİ-nin Kosmik uçuşlar üzrə Dövlət Komissiyasına rəhbərlik etmiş həmyerlimiz, general-leytenant Kərim Kərimov!

Gördüyü işlər dünya kosmonavtika tarixinin səhifələrinə qızıl hərflərlə yazılan bu azərbaycanlı haqqında onun soydaşları olaraq biz nə bilirik? Artıq 35 ildir ki, bu insanın üzərindən, necə deyərlər, "tam məxfi" qrifi götürülüb. Bəs biz onu layiqincə tanıyırıqmı? Onunla lazımi səviyyədə qürur duyuruqmu, fəxr edirikmi? Deyəsən, yox! Mənə elə gəlir ki, əgər başqa xalqların belə bir nəhəng şəxsiyyəti olsaydı, ölkələrinin giriş qapısında ona qızıldan heykəl qoyardılar. Altında da yazardılar ki, "SSRİ kimi dünyanın ikinci gücü olan bir dövlətin qüdrətinin simvolu olan kosmonavtikanın həlledici simalarından biri bizim xalqın nümayəndəsidir!" Bu məqaləni yazmaqda, onun həyat və fəaliyyətini araşdırmaqda məqsədim təkcə bir insanın bioqrafiyasını təqdim etmək deyil, xalqımızın dünya elminə və texnologiyasına verdiyi böyük töhfələrdən birini xatırlamaqdır.

Tarixdə elə insanlar var ki, onların adları milyonlarla insanın yaddaşına həkk olunur. Elələri də var ki, gördükləri işlər bəşəriyyətin taleyində mühüm rol oynasa da, özləri uzun illər kölgədə qalırlar. Onların həyatını öyrəndikcə insan bir həqiqəti daha dərindən anlayır: böyük şəxsiyyət olmaq üçün mütləq məşhur olmaq lazım deyil. Bəzən insanın böyüklüyü onun gördüyü işlərin miqyasında, daşıdığı məsuliyyətdə, verdiyi qərarların tarixi əhəmiyyətində üzə çıxır.

General-leytenant Kərim Kərimov məhz belə şəxsiyyətlərdən idi.

XX əsrin ikinci yarısında dünya iki böyük siyasi düşərgəyə bölünmüşdü. ABŞ və Sovet İttifaqı arasında rəqabət yalnız hərbi güc, iqtisadiyyat və siyasi nüfuz uğrunda getmirdi. Bu rəqabətin ən möhtəşəm meydanlarından biri də kosmos idi. İnsanlığın min illər boyu əlçatmaz hesab etdiyi səma artıq elmi təcrübələrin, texnoloji mübarizənin və böyük kəşflərin məkanına çevrilirdi. Kosmik raketlər, orbital stansiyalar, insanların kosmosa uçuşu, planetlərarası tədqiqatlar... Bütün bunların arxasında minlərlə mühəndisin, alimin, konstruktorun, hərbi mütəxəssisin əməyi dayanırdı. Ancaq bu nəhəng sistemin elə bir mərhələsi vardı ki, orada təkcə mühəndislik biliyi deyil, böyük təşkilatçılıq qabiliyyəti, dəmir iradə və müstəsna məsuliyyət tələb olunurdu.

Həmin mərhələnin əsas simalarından biri azərbaycanlı general Kərim Kərimov idi. O, 1966-cı ildən 1991-ci ilədək - düz 25 il SSRİ-nin Kosmik uçuşlar üzrə Dövlət Komissiyasına rəhbərlik etmişdir. Bu illər ərzində Sovet kosmonavtikasının ən mühüm kosmik səfərlərinin dövlət səviyyəsində qəbuluna və təşkilati koordinasiyasına məsuliyyət daşıyırdı.

Onun rəhbərlik etdiyi komissiya kosmik gəmilərin uçuşa hazırlığını yoxlayır, mütəxəssislərin məruzələrini dinləyir, təhlükəsizlik və texniki hazırlıq məsələlərini qiymətləndirir, uçuşla bağlı qərarlar qəbul edirdi.

Təsəvvür edin: nəhəng raket start meydançasında dayanıb. Onun daxilində kosmonavtlar var. Minlərlə insanın əməyi, illərlə aparılmış elmi araşdırmalar və dövlətin böyük resursları bir neçə dəqiqəlik tarixi anın astanasındadır. Belə bir məqamda verilən qərarın məsuliyyətini dərk etmək üçün təkcə vəzifə sahibi olmaq kifayət deyil. Bu, dərin bilik, təcrübə və böyük mənəvi dözüm tələb edir. O, bu məsuliyyəti əsrin düz dörddə biri müddətində daşıdı.

General-leytenant olmaq və bu qədər məsuliyyətli Dövlət Komissiyasına 25 il rəhbərlik etmək böyük hadisədir. Kosmik sənayenin ən mürəkkəb layihələrində iştirak etmək böyük elmi və təşkilati nailiyyətdir. Bütün bunların arxasında başqa bir keyfiyyət dayanırdı: etibar.

Kosmonavtlar həyatlarını etibar etdikləri texniki sistemlərə, mühəndislərə və qərar qəbul edən insanlara tapşırırdılar. Həmin insanların arasında bizim həmyerlimizin xüsusi yeri vardı. O, kosmik uçuşların hazırlıq mərhələsində, uçuşa icazə verilərkən və missiyanın yekunlarının qəbulunda məsuliyyət daşıyırdı. Belə bir işdə emosiyalara, tələsik qərarlara və şəxsi ambisiyalara yer ola bilməzdi. Hər bir qərar elmi hesablamalara, mütəxəssislərin rəyinə və ciddi yoxlamalara əsaslanmalı idi.

Onun uzun illər bu vəzifədə qalması məhz işinə son dərəcə məsuliyyətlə yanaşmasının, vicdanlı əməyinin və yüksək intellektinin göstəricisi idi.

Bəzən böyük şəxsiyyətlər həmişə gurultulu çıxışlarla, nümayişkaranə davranışlarla, televiziya ekranlarında tez-tez görünməklə seçilmirlər. Onların böyüklüyü üzərlərinə götürdükləri məsuliyyətdə, səssiz gördükləri böyük işlərdə və başqalarının həyatına təsir edən həlledici qərarlarda təzahür edir.

Bizim dünya şöhrətli həmyerlimiz də belə paradoksal bir ömür yaşayırdı - milyonlarla insanın göylərə baxaraq heyrətlə izlədiyi hadisələrin əsas təşkilatçısı olan bu insanın adı uzun illər ictimaiyyətin nəzərindən kənarda qalmışdı. Kosmik uçuşlar zamanı televiziyada kosmonavtların hesabat verdiyi, lakin üzü görünməyən, kimliyi açıqlanmayan generalın azərbaycanlı olduğu çox sonralar məlum oldu.

Kərim Əli oğlu Kərimov 1917-ci il noyabrın 14-də Bakıda dünyaya gəldi. Onun uşaqlıq və gənclik illəri Azərbaycanın mürəkkəb tarixi dövrünə təsadüf edirdi. Bakı isə həmin vaxtlar yalnız neft şəhəri deyil, həm də sənayenin, texnikanın, müxtəlif mədəniyyətlərin və ziyalı mühitinin qovuşduğu böyük bir mərkəz idi.

Atası Abbasəli Hacı Balakərim oğlu Kərimov 1879-cu ildə Bakı şəhərində anadan olmuş, 1912-ci ildə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunu bitirmişdir. Sonra Bakıya dönərək neft mədənlərində qulluq etmişdir. Abbasəli Kərimov Xalq Cümhuriyyəti dövründə Bakı şəhər icraiyyə orqanında təsərrüfat şöbəsinin müdiri, sovet hakimiyyəti illərində Azərneft sistemində uzun müddət baş mühəndis vəzifəsində çalışıb və 1942-ci ildə xəstələnərək dünyasını dəyişmişdir. Abbasəli kişi ziyalı bir qadın olan, gimnaziya məzunu Sürəyya Hacı Əsədulla qızı Əhmədova ilə ailə qurmuşdu. Bu ailənin 3 oğlu olmuşdu: Kərim, Süleyman və Mustafa. Sürəyya xanım gənc yaşlarında dünyasını dəyişmişdi. Bu ağır itki Kərimin həyatında dərin iz buraxmışdı. Sonralar ailə qurub ilk qızı dünyaya gələndə ona vaxtsız itirdiyi anasının adını verdi - qızını Sürəyya adlandırdı.

Bəlkə də, erkən yaşlarından həyatın çətinliklərini görməsi Kərimin xarakterindəki dözümlülüyü, müstəqilliyi və məsuliyyət hissini daha da gücləndirmişdi.

Anadan yetim qalan uşaqlara Sürəyyanın atası Hacı Əsədulla yiyə durur. Qeyd edək ki, əslən Şamaxıdan olan Hacı Əsədulla Hacı Əhməd oğlu Əhmədov (1867-1941) şəhərin nüfuzlu tacirlərindən idi. O, istər çar Rusiyası, istər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də sovet hakimiyyəti dövründə müxtəlif vəzifələrdə çalışmış, Bakı Şəhər Dumasının və Azərbaycan Cümhuriyyəti parlamentinin üzvü olmuşdu. Nəvələrini öz himayəsinə götürən Əsədulla Əhmədov onların təlim və tərbiyəsinə ciddi fikir verib. Atası mühəndis Abbasəli Kərimovun nadir ali təhsilli şəxslərdən biri olması, babasının ziyalı bir insan kimi tanınması ailədə elmə və təhsilə böyük hörmət yaratmışdı. Bu mühit, şübhəsiz, Kərimin dünyagörüşünün formalaşmasına təsir göstərmişdi.

Onun uşaqlığı haqqında danışarkən ən maraqlı məqamlardan biri radiotexnikaya göstərdiyi həvəsdir. O, adi uşaqlardan fərqlənirdi. Dördüncü sinifdə oxuyarkən radiotexnikaya maraq göstərməyə başlamışdı. O dövrdə radio adi məişət vasitəsi deyildi. İnsanların uzaq məsafələrdən səs eşitməsi, xəbərləri dinləməsi, dünyanın başqa yerlərində baş verənlərdən xəbər tutması möcüzə kimi qəbul olunurdu. Kiçik Kərim isə bu möcüzənin necə baş verdiyini öyrənmək istəyirdi.

O, radiotexnikaya dair kitablar oxuyur, radioqəbuledicilər düzəldir, hətta zavod istehsalı olan radioaparatları təmir edirdi. Başqalarının hazır cihaz kimi gördüyü qurğular onda mühəndis marağı oyadırdı. O, cihazın içərisindəki naqilləri, detalların qarşılıqlı əlaqəsini, səsin necə ötürüldüyünü anlamağa çalışırdı. Dördüncü sinifdə oxuyarkən radio ilə maraqlanması, sonralar bu sahədə biliklərini artırması onun gələcək mühəndislik fəaliyyətinin ilk işartıları idi. İllər sonra raketlərin uçuş parametrlərini ölçən və onların daxili vəziyyətinə nəzarət edən sistemlərin yaradılmasında mühüm rol oynayacaq bir alimin ilk mühəndislik addımları, əslində, həmin uşaqlıq maraqlarından başlanmışdı.

Orta məktəbi bitirdikdən sonra Kərimin əsas arzusu texniki təhsil almaq idi. O, Moskva şəhərində rabitə sahəsi üzrə ali təhsil almağa çalışdı. Lakin ilk cəhdində istədiyi nəticəni əldə edə bilmədi. 1936-cı ilin avqustunda Moskvaya gedərək Rabitə Akademiyasına daxil olmaq istəyirdi. Lakin qəbul imtahanlarında iki fəndən "3" qiyməti aldığından müsabiqədə iştirak etmək üçün tələb olunan balı toplaya bilmədi. Bu, gənc insan üçün böyük məyusluq idi. Ancaq o, qarşısına çıxan maneəni həyatının sonu hesab etmədi. Bundan sonra Novoçerkassk şəhərindəki Sənaye İnstitutunun elektromexanika fakültəsində boş yerlərin olduğunu öyrəndi və həmin instituta qəbul olundu. Yəni onun ilk cəhdinin uğursuzluğu texniki sahəyə marağının və ya hazırlığının olmaması ilə deyil, qəbul imtahanlarında topladığı balın yetərli olmaması ilə bağlı idi.

O, tələbəlik illərində həm oxuyur, həm işləyir, həm də gənc yaşda ata olmağın məsuliyyətini daşıyırdı. Mənbələrdə qeyd olunur ki, o, məktəb illərində Zəhra Tağıyeva adlı bir xanımla tanış olmuş, atası onun bu yaşda evlənməyinə etiraz etsə də, qətiyyətli Kərim dediyindən dönməmiş, orta məktəbi bitirdikdən sonra ailə qurmuşdu. Təzə qurulan ailəni dolandırmaq üçün o, institutun radio qurğusunda növbətçi radioçu kimi işləyirdi. Bir tərəfdən dərslər, digər tərəfdən iş və ailə qayğıları... Gələcəyin generalı hələ o vaxtdan məsuliyyətin nə olduğunu yaxşı bilirdi. 20 yaşı tamam olmamış - 1937-ci ilin yanvarında onların Sürəyya adlı qızları dünyaya gəlmişdi. Yeri gəlmişkən, qeyd edim ki, Sürəyya atası kimi elm yolunu seçərək astronomiya və kosmik geodeziya sahəsində çalışıb, texnika elmləri doktoru olub. Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunda fəaliyyət göstərib, peyklər vasitəsilə yüksək dəqiqlikli ölçmələrin inkişafına töhfə verib. 16 iyul 2015-ci ildə vəfat edib.

Kərim sonradan Bakıya qayıdaraq Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Energetika fakültəsində təhsilini davam etdirdi. Bu illər onun texniki biliklərinin sistemli şəkildə formalaşdığı, gələcək mühəndislik fəaliyyətinin əsaslarının qoyulduğu dövr idi.

1942-ci il. Dünya müharibənin ağır günlərini yaşayır. Cəbhədə hər bir texniki yenilik, hər bir düzgün mühəndis qərarı, hər bir istehsalat uğuru böyük əhəmiyyət daşıyır. Bu zaman Kərim Kərimovun bilik və bacarığı hərbi mütəxəssislərin diqqətini cəlb edir. O, Dzerjinski adına Artilleriya Akademiyasına göndərilir. Burada maraqlı bir hadisə baş verir: biliyi yoxlanıldıqdan sonra gənc mütəxəssis akademiyanın birbaşa beşinci kursuna qəbul edilir. Bu, onun hazırlıq səviyyəsinin və mühəndislik biliklərinin yüksək göstəricisi idi.

1943-cü ildə akademiyanı topçu-mühəndis ixtisası üzrə bitirən Kərim hərbi mühəndis kimi fəaliyyətə başlayır. O, həmin dövrdə Sovet hərbi texnikasının ən mühüm və məxfi layihələrindən biri sayılan BM-13 yaylım atəş qurğusu - məşhur "Katyuşa" ilə bağlı işlərə cəlb edilir. Onun vəzifəsi yalnız texniki nəzarətdən ibarət deyildi. O, istehsal prosesini öyrənir, texniki problemlərin həllində iştirak edir, qurğuların təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürürdü. Müharibə şəraitində belə işlər böyük məsuliyyət tələb edirdi. Çünki zavodlarda istehsal olunan hər bir mərmi, hər bir texniki detal cəbhədə minlərlə insanın taleyinə təsir göstərə bilərdi.

Onun bu sahədə xidmətləri dövlət tərəfindən qiymətləndirildi və 1945-ci ildə ilk yüksək mükafatı - "Qırmızı Ulduz" ordeni ilə təltif olundu. Beləliklə, vaxtilə radiotexnikaya maraq göstərən Bakı məktəblisi artıq hərbi texnologiyaların mühüm istiqamətlərində çalışmaq üçün hazırlanmış mütəxəssisə çevrilirdi. Onun bu sahədə qazandığı təcrübə sonrakı fəaliyyətinə də mühüm təsir göstərdi. O, hərbi texnikanın yaradılması, yoxlanılması və istismara hazırlanması proseslərini dərindən mənimsəmişdi. Müharibə başa çatdıqdan sonra da onun raket texnologiyaları ilə bağlı fəaliyyəti davam etdi. O, ballistik raketlərin hazırlanması, uçuş parametrlərinin ölçülməsi və radioölçmə sistemlərinin yaradılması sahəsində çalışdı.

Maraqlıdır ki, gələcəkdə kosmik texnologiyaların inkişafında aparıcı rol oynayacaq bu insanın elmi və mühəndislik fəaliyyətinin ilk ciddi mərhələsi məhz hərbi raket texnikası ilə bağlı olmuşdu.

1946-cı ildən Kərim Kərimov ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində çalışırdı. Bu sahə adi mühəndislik işi deyildi. Raket uçuş zamanı çox böyük sürətə çatır, onun daxilində baş verən proseslərə nəzarət etmək, müxtəlif parametrləri ölçmək və əldə olunan məlumatları yerüstü məntəqələrə ötürmək lazım gəlirdi. Raketin uçuşunu izləmək üçün yalnız onu göydə görmək kifayət etmirdi. Onun daxilindəki sistemlərin necə işlədiyini bilmək, texniki vəziyyətini ölçmək, mümkün nasazlıqları vaxtında müəyyən etmək vacib idi. İstedadlı həmyerlimizin bu sahədəki tədqiqatları nəticəsində raketlərin daxili parametrlərinə nəzarət etmək üçün "Don" adlı radioölçmə sistemi yaradıldı.

Bu sistem sonradan kosmik raketlərdə də tətbiq edildi.

Məhz bu elmi-texniki nailiyyətinə görə 1950-ci ildə o, dövrün ən yüksək təltiflərindən biri olan Stalin mükafatına layiq görüldü. Bu hadisənin əhəmiyyəti ondadır ki, Kərim Kərimov kosmik uçuşların təşkilatçısı kimi tanınmazdan əvvəl onların texniki əsaslarının yaradılmasında iştirak etmişdi. O, kosmosu sadəcə idarə edən bir rəhbər deyildi. O, bu sahənin texniki problemlərini dərindən bilən, mühəndislik məktəbindən keçmiş mütəxəssis idi. Sonralar ona böyük səlahiyyətlər verilməsinin əsas səbəblərindən biri də məhz bu idi.

Bu mərhələdə soydaşımız artıq yalnız hərbi mühəndis deyildi. O, raket texnologiyalarının inkişafında böyük təcrübə qazanmış, mürəkkəb elmi-texniki sistemləri idarə etmək bacarığına yiyələnmiş mütəxəssis kimi tanınırdı.

1961-ci il aprelin 12-si. Bəşəriyyət tarixinin ən möhtəşəm günlərindən biri. Yuri Qaqarin "Vostok-1" kosmik gəmisi ilə Yer orbitinə qalxır. Bu, dünya tarixində insanın kosmosa ilk uçuşu idi. Dünyada sevinc, həyəcan və heyrət yaşanırdı.

Lakin bu uçuşun uğurla baş tutması üçün təkcə kosmonavtın hazırlığı kifayət etmirdi. Raket, kosmik gəmi, rabitə vasitələri, idarəetmə sistemləri, yerüstü xidmətlər və təhlükəsizlik tədbirlərinin hamısı hazır olmalı idi. Bu böyük mexanizmin fəaliyyətində Kərim Kərimovun da mühüm xidmətləri vardı. O, Kosmik uçuşlar üzrə Dövlət Komissiyasının işində iştirak edir, hazırlıq proseslərinə nəzarət edir, texniki və təşkilati məsələlərin həllində mühüm rol oynayırdı. Təsadüfi deyildir ki, Qaqarinin tarixi uçuşundan sonra onun xidmətləri "Lenin ordeni" ilə qiymətləndirildi.

Yeri gəlmişkən, məşhur həmvətənimiz haqqında yazılan materiallarda diqqəti cəlb edən xüsusi bir detalı da hörmətli oxucularla bölüşmək istəyirəm. O, şəxsi arxivindəki şəkillərə baxmağı sevirdi. Həmin şəkillərin arasında onun üçün xüsusi əhəmiyyət daşıyan bir xatirə də vardı: ilk kosmonavt Yuri Qaqarinin avtoqrafı. Qaqarin həmin avtoqrafda Kərim Kərimovu "Kosmosun atası" adlandırmışdır. Bu, adi bir imza deyildi. Bu, ilk tarixi uçuşun iştirakçısı olmuş bir kosmonavtın həmin uçuşun arxasında dayanan böyük insana ehtiramının ifadəsi idi.

Düşünəndə adamı qəribə bir hiss bürüyür: bütün dünyada Qaqarinin adı məşhurlaşmışdı, onun kosmosa uçuşu bəşəriyyətin yaddaşına həkk olunmuşdu. Amma Qaqarinin də ehtiram göstərdiyi, uğuruna görə özünü borclu hesab etdiyi, kosmik fəaliyyətində mühüm rol oynamış azərbaycanlı generalın adı hələ də çoxlarına məlum deyildi.

Həmyerlimiz üçün həmin avtoqrafın qiyməti, yəqin ki, təkcə məşhur bir insanın imzası ilə ölçülmürdü. Bu, illərlə çəkdiyi zəhmətin, daşıdığı məsuliyyətin, məxfilik şəraitində həyata keçirdiyi işlərin nəticəsinin tanınmış bir kosmonavt tərəfindən də dəyərləndirilməsinin rəmzi idi...

1965-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin Baş Kosmik İdarəsinə rəhbərlik etməsi onun kosmik sənayedəki mövqeyini daha da möhkəmləndirdi.

Və nəhayət, 1966-cı ildə həyatının ən məsuliyyətli və tarixi mərhələsinə daxil oldu.

1966-cı ildə Kərim Kərimov SSRİ-nin Kosmik uçuşlar üzrə Dövlət Komissiyasının sədri təyin edildi. Bu vəzifə onun həyatının sonrakı 25 ilini müəyyənləşdirdi.

Komissiya adi inzibati qurum deyildi. Onun tərkibində görkəmli alimlər, akademiklər, konstruktorlar, nazirlik və dövlət qurumlarının rəhbərləri təmsil olunurdu. Dövlət Kitabxanasının bioqrafik materiallarında Komissiyanın təxminən 50 nəfərdən ibarət olduğu, tərkibində yüksək vəzifəli dövlət və hərbi rəhbərlərin yer aldığı bildirilir.

Bu insanlara rəhbərlik etmək üçün yalnız general rütbəsi kifayət etmirdi. Onların hər biri öz sahəsinin tanınmış mütəxəssisi idi. Belə bir kollektivdə nüfuz qazanmaq üçün xüsusi bacarıqlar, yüksək intellektual səviyyə, texniki bilik, prinsipiallıq və idarəçilik qabiliyyəti vacib idi.

Kərim Kərimovun üstünlüyü də məhz burada üzə çıxırdı. O, kosmik texnikanı mühəndis kimi anlayır, geniş dünyagörüşünə malik olmaqla yanaşı, dövlət səviyyəsində qərarların qəbulunun məsuliyyətini də dərindən dərk edirdi. Onun rəhbərliyi dövründə kosmik gəmilərin uçuşa hazırlığı, texniki yoxlamalar, ekipajların təhlükəsizliyi və missiyaların dövlət səviyyəsində qəbulu böyük diqqətlə həyata keçirilirdi.

...1967-ci ildə "Kosmos-186" və "Kosmos-188" pilotsuz kosmik aparatlarının orbitdə avtomatik birləşməsi kimi mühüm bir hadisə baş tutdu. Bu, kosmik aparatların bir-biri ilə orbitdə görüşməsi və birləşməsi texnologiyasının inkişafında yeni və mühüm mərhələ idi. Kərim Kərimovun rəhbərlik etdiyi Dövlət Komissiyasının bu uğurdakı təşkilati rolu onun general-leytenant rütbəsinə yüksəldiyi dövrlə də üst-üstə düşürdü. Lakin qarşıda daha böyük sınaqlar vardı.

1969-cu ilin yanvarında dünya kosmonavtika tarixində irəliyə doğru daha bir mühüm addım atıldı. "Soyuz-4" və "Soyuz-5" kosmik gəmiləri Yer orbitində birləşdi. Bu, adi texniki sınaq deyildi. İnsanlı kosmik gəmilərin orbitdə bir-birinə yaxınlaşması, birləşməsi və ekipaj üzvlərinin bir gəmidən digərinə keçməsi çox böyük risk daşıyan, eyni zamanda gələcək orbital ekspedisiyalar üçün son dərəcə vacib olan əməliyyat idi. "Soyuz-5" gəmisində olan kosmonavtlar Yevgeni Xrunov və Aleksey Yeliseyev açıq kosmosa çıxaraq birləşdirilmiş gəmilər arasında keçid etdilər və "Soyuz-4" gəmisinə daxil oldular.

Bu əməliyyat kosmik texnologiyanın inkişafında böyük addım idi. İnsanlar artıq yalnız Yer orbitinə qalxmır, orada mürəkkəb texniki əməliyyatlar həyata keçirməyi də öyrənirdilər. Bu nailiyyət gələcək kosmik stansiyaların qurulması, ekipajların dəyişdirilməsi və uzunmüddətli kosmik missiyaların təşkili üçün mühüm təcrübə yaratdı. Həmyerlimizin rəhbərlik etdiyi Dövlət Komissiyası bu uçuşların və son dərəcə mürəkkəb texniki əməliyyatların hazırlıq proseslərinin koordinasiyasına, həyata keçirilməsinə və dövlət səviyyəsində qəbuluna cavabdeh idi.

Kosmosda baş verən bu hadisə, əslində, Yer üzündə minlərlə insanın birgə əməyinin nəticəsi idi. Qürur duyuruq ki, həmin nəhəng işin təşkilati məsuliyyətini daşıyan şəxslərdən biri azərbaycanlı general olmuşdur.

1975-ci il iyulun 17-si. Bəlkə də, XX əsrin kosmos tarixində ən maraqlı və simvolik hadisələrdən biri məhz həmin gün baş verdi. ABŞ-ın "Apollon" və SSRİ-nin "Soyuz" kosmik gəmiləri Yer orbitində birləşdi. Amerika astronavtı Tomas Stafford və sovet kosmonavtı Aleksey Leonov birləşmə modulunda görüşərək bir-birinin əlini sıxdılar. Bu, sadəcə iki kosmik gəminin birləşməsi deyildi. Bu, uzun illər rəqabət aparmış iki dövlətin elmi əməkdaşlıq naminə ortaq addım atmasının rəmzi idi.

Soyuq müharibənin gərgin siyasi atmosferində kosmosda baş verən bu görüş dünyaya mühüm mesaj verdi: elm sərhəd tanımır, böyük məqsədlər naminə rəqiblər də əməkdaşlıq edə bilərlər. Layihənin hazırlanması illərlə davam etmişdi. İki ölkənin mütəxəssisləri kosmik gəmilərin birləşmə sistemlərini uyğunlaşdırmalı, rabitə və idarəetmə məsələlərini həll etməli, kosmonavt və astronavtların bir-birinin gəmilərində işləməsi üçün şərait yaratmalı idilər. Bu, mühəndislik və diplomatiyanın bir araya gəldiyi möhtəşəm layihə idi.

Kərim Kərimov sovet tərəfinin bu tarixi missiyasının hazırlanmasında və təşkilində mühüm rol oynadı. Onun beynəlxalq ekipajlarla həyata keçirilən kosmik uçuşların təşkilinə verdiyi töhfələr 1979-cu ildə SSRİ Dövlət mükafatı ilə qiymətləndirildi.

Məncə, məqalənin ən təsirli məqamlarından biri də məhz budur: bir azərbaycanlı generalın rəhbərlik etdiyi kosmik sistem dünya siyasətinin iki böyük rəqibini Yer orbitində bir araya gətirən layihənin mühüm təşkilatçılarından biri olmuşdu.

1980-ci illərdə sovet kosmonavtikası daha mürəkkəb orbital stansiyaların yaradılması istiqamətində irəliləyirdi. Bu stansiyalardan biri də 1982-ci ildə orbitə çıxarılan "Salyut-7" idi.

Lakin 1985-ci ildə stansiyanın texniki sistemlərində ciddi nasazlıq yarandı. Yerüstü idarəetmə mərkəzi ilə əlaqə pozuldu, stansiyanın bəzi sistemləri fəaliyyətini dayandırdı. İnsanların illərlə qurduğu mürəkkəb elmi-texniki obyekt orbitdə faktiki olaraq idarəolunmaz vəziyyətə düşdü. Bu, kosmik sənaye üçün fövqəladə vəziyyət idi. Belə bir şəraitdə "Soyuz T-13" gəmisinin ekipajı - Vladimir Canibekov və Viktor Savinıx stansiyaya göndərildi.

Onların qarşısında son dərəcə çətin və təhlükəli tapşırıq dayanırdı: stansiyanı tapmaq, onunla birləşmək, texniki vəziyyətini müəyyənləşdirmək və mümkün olarsa, yenidən işlək vəziyyətə gətirmək. Kosmonavtlar stansiyaya yaxınlaşarkən onun normal idarəetmə sistemləri işləmirdi. Bütün əməliyyat böyük peşəkarlıq və soyuqqanlılıq tələb edirdi. Onlar stansiyaya daxil olduqdan sonra texniki bərpa işlərinə başladılar. Nəticədə "Salyut-7" yenidən fəaliyyətə qaytarıldı. Bu hadisə kosmonavtika tarixinin ən böyük xilasetmə əməliyyatlarından biri hesab olunur.

Həmin dövrdə də Dövlət Komissiyasının sədri olan Kərim Kərimov bu prosesdə mühüm məsuliyyət daşıyırdı. Bu hadisə göstərdi ki, kosmik texnologiya yalnız raket buraxmaqdan ibarət deyil. Bəzən kosmosda yeni bir stansiya yaratmaqdan da böyük uğur artıq itirilmək təhlükəsi ilə üzləşmiş stansiyanı xilas etməkdir. Məşhur həmyerlimizin belə mürəkkəb vəziyyətdə soyuqqanlılıqla və zərgər dəqiqliyi ilə həlledici qərarlar qəbul etməsi onun nə qədər yüksək səviyyəli mütəxəssis olduğunu bir daha təsdiqləyir.

1986-cı il fevralın 20-də orbitə çıxarılan "Mir" orbital stansiyası sovet kosmonavtikasının ən mühüm layihələrindən biri oldu. "Mir" əvvəlki stansiyalardan fərqli olaraq modullu quruluşa malik idi. Bu, onun orbitdə genişləndirilməsinə, müxtəlif elmi laboratoriyaların birləşdirilməsinə və uzunmüddətli kosmik ekspedisiyaların həyata keçirilməsinə imkan verirdi. İnsan artıq kosmosda yalnız bir neçə gün və ya həftə qalmırdı. Uzun müddət yaşamaq, elmi tədqiqatlar aparmaq, tibbi müşahidələr həyata keçirmək və müxtəlif ölkələrdən gələn mütəxəssislərlə əməkdaşlıq etmək mümkün olurdu. "Mir" sonrakı illərdə beynəlxalq kosmik əməkdaşlığın mühüm mərkəzinə çevrildi. Müxtəlif ölkələrin kosmonavtları bu stansiyada çalışdı, çoxsaylı elmi təcrübələr həyata keçirildi.

Kərim Kərimovun 25 illik rəhbərlik dövrünün son böyük nailiyyətlərindən biri də məhz bu stansiyanın yaradılması və istismara verilməsi idi.

Görkəmli şəxsiyyətin həyatının ən qeyri-adi tərəflərindən biri onun uzun illər ictimaiyyətə tanıdılmaması olmuşdur. Bu, adi məxfilik deyildi. O, sovet kosmik proqramının ən mühüm rəhbərlərindən biri olsa da, adı və fəaliyyəti haqqında geniş danışmaq imkanına malik deyildi. Çünki çalışdığı sahə dövlət sirri hesab olunurdu. Kosmonavtlar uçuşdan əvvəl ona hazır olduqları barədə məruzə edir, Yerə qayıtdıqdan sonra isə missiyanın nəticələri barədə hesabat verirdilər. Beləliklə, görkəmli soydaşımız yalnız kosmosa göndərilən insanların taleyinə deyil, kosmik missiyaların bütövlükdə uğuruna görə məsuliyyət daşıyırdı. Lakin o, uzun illər bu fəaliyyətin ictimai siması olmadı. Onun adı çəkilmir, şəkilləri nümayiş etdirilmir, gördüyü işlər geniş ictimaiyyətə açıqlanmırdı. Məxfilik onun həyatının ayrılmaz hissəsinə çevrilmişdi.

Özünün də sonralar xatırladığı kimi, məşğul olduğu işin adını belə insanlara deyə bilməməsi ona mənəvi çətinlik yaradırdı. O, həyatının ən böyük nailiyyətləri haqqında sərbəst danışmaq imkanından belə məhrum idi. Təsəvvür edin, insan həyatının ən böyük uğurlarına imza atır, dünyanın ən mürəkkəb elmi-texniki layihələrinin təşkilində iştirak edir, kosmonavtların taleyi üçün məsuliyyət daşıyır, amma öz yaxınlarına belə gördüyü işlərin bir çox təfərrüatını danışa bilmir. Bu, onun həyatında həm peşəkar məsuliyyət, həm də mənəvi sınaq idi.

İlk dəfə 1987-ci ildə, "məxfilik buzları" qismən əriməyə başladıqdan sonra, sovet mətbuatında onun kimliyi barədə məlumatlar dərc olunmağa başladı. Beləcə, uzun illər ekranlarda yalnız arxadan görünən sirli generalın kim olduğu ictimaiyyətə məlum oldu. Uzun müddət sirr pərdəsi arxasında qalan generalın kimliyi üzə çıxdıqca, onun azərbaycanlı olması ölkəmizdə xüsusi maraq və qürur doğurdu.

İnsanlar öyrəndilər ki, kosmik uçuşların ən mühüm qərarlarını qəbul edən şəxslərdən biri Bakıdan çıxmış bir həmyerlimizdir. Bu, Azərbaycan cəmiyyəti üçün təkcə tarixi məlumat deyildi. Bu, xalqımızın elmi-intellektual potensialının beynəlxalq miqyasda nümayişi idi.

Kərim Kərimovun şəxsi xatirələri, ailə həyatına dair məlumatlar və onun haqqında yazılmış bioqrafik materiallar içərisində diqqət çəkən məqamlardan biri də şəxsi arxivinə münasibətidir. Onun həyatında fotoşəkillər və xatirə əşyaları xüsusi yer tuturdu. Bu əşyalar sadəcə keçmişdən qalan yadigarlar deyildi. Onlar bütöv bir dövrün, bir insanın zəhmətinin və yaşadığı tarixi hadisələrin şahidləri idi.

Onun həyatını araşdırarkən, xüsusilə "Səmaya aparan yol" adlı avtobioqrafik kitabına müraciət etmək vacibdir. Çünki belə bir şəxsiyyət haqqında yalnız rəsmi təltifnamələr və bioqrafik arayışlar əsasında danışmaq onun xarakterini tam açmağa kifayət etmir. Məhz öz xatirələri insanın daxilindəki dünyanı, hadisələrə münasibətini, iş prosesində yaşadığı çətinlikləri və məsuliyyət hissini daha yaxından tanımağa imkan verir.

Məşhur həmyerlimizin həyatının ən maraqlı tərəflərindən biri də budur: o, kosmik proqramların ən yüksək rəhbərliyində təmsil olunsa da, özünü böyük bir kollektivin ayrılmaz hissəsi hesab edən mühəndis düşüncəsini qoruyub saxlamışdı. O bilirdi ki, kosmik gəminin orbitə çıxması bir nəfərin deyil, minlərlə insanın zəhmətinin nəticəsidir.

Kərim Kərimovun həyat və fəaliyyətinin mühüm istiqamətlərindən biri də Azərbaycanla əlaqələri idi. O, uzun illər Moskvada çalışsa da, doğma xalqının elmi və intellektual inkişafına biganə qalmırdı. Azərbaycanda aerokosmik elmin inkişafına, bu sahədə mütəxəssislərin yetişməsinə və elmi tədqiqatların genişlənməsinə diqqət yetirirdi.

Onun təcrübəsi və məsləhətləri Azərbaycanda kosmik tədqiqatların inkişafı üçün əhəmiyyət daşıyırdı. Azərbaycan Milli Aerokosmik Agentliyinin fəaliyyətə başladığı dövrdən bu sahəyə göstərdiyi diqqət də onun Vətənlə əlaqələrinin davam etdiyini göstərir. Onun üçün Azərbaycan yalnız doğulduğu coğrafi məkan deyildi. Bu, onun mənsub olduğu xalq, uşaqlıq xatirələri, ailə kökləri və mənəvi dünyası idi.

Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilməsi onun elmi nüfuzunun ölkəmizdə də etirafı idi.

Azərbaycan dövləti onun xidmətlərini yüksək qiymətləndirdi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Kərim Kərimov "Şərəf" ordeni ilə təltif edildi. Bu təltifin mənəvi mənası da böyük idi. Uzun illər dünya kosmonavtikasında çalışmış azərbaycanlı generalın doğma Vətəni tərəfindən də yüksək ehtiramla qarşılanması onun həyat yolunun mühüm yekunu idi.

Bu parlaq şəxsiyyətin həyatını yalnız hərbi rütbələr, ordenlər və mükafatlarla ölçmək düzgün olmazdı. Onun şəxsiyyətində bir neçə mühüm keyfiyyət birləşirdi: mühəndis təfəkkürü, elmi maraq, təşkilatçılıq qabiliyyəti, prinsipiallıq və böyük məsuliyyət hissi. O, hərbi məktəbdən keçmişdi, texniki sahədə çalışmışdı, raket sənayesinin ən mürəkkəb mərhələlərində iştirak etmişdi. Bütün bunlar onu elə bir mütəxəssisə çevirmişdi ki, sonradan dünyanın ən çətin kosmik layihələrinin dövlət səviyyəsində təsdiqlənməsi prosesinə rəhbərlik edə bilmişdi.

Onun 25 il ərzində eyni məsuliyyətli vəzifədə qalması təsadüfi deyildi. Dövlət arxivlərinin məlumatlarında onun rəhbərlik etdiyi komissiyanın görkəmli alim və konstruktorlarla işlədiyi, kosmik gəmilərin uçuşlarının dövlət qəbulu prosesini həyata keçirdiyi göstərilir. Bu, həm də onun kollektivdə qazandığı nüfuzun göstəricisi idi.

Böyük şəxsiyyətlər haqqında danışarkən bir məqamı da unutmamalıyıq: onlar təkcə öz dövrlərinin deyil, gələcək nəsillərin də məsuliyyətini daşıyırlar. Çünki onların yaratdığı elmi və texnoloji irs sonrakı nəsillərin fəaliyyətinə istiqamət verir.

Görkəmli həmvətənimizin həyatı bu mənada gənclərimiz üçün böyük məktəbdir.

1987-ci ildə 70 illik yubileyi münasibətilə onun kosmonavtikanın inkişafındakı müstəsna xidmətləri yüksək qiymətləndirildi. O, ikinci Lenin ordeni və Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görüldü.

1991-ci ildə Kərim Kərimov Dövlət Komissiyasının sədri vəzifəsindən ayrıldı. Lakin onun kosmik sahə ilə əlaqəsi bitmədi. O, Kosmik Uçuşların İdarəetmə Mərkəzində elmi məsləhətçi kimi çalışmağa davam etdi. İllərlə qazandığı təcrübəni gənc mütəxəssislərlə bölüşür, kosmik texnologiyaların inkişafını izləyirdi. Bu, onun peşəsinə olan bağlılığının göstəricisi idi. Vəzifədən getmək onun üçün elmə və kosmosa olan marağın bitməsi demək deyildi.

Görkəmli şəxsiyyət 2003-cü il martın 29-da Moskvada vəfat etdi və Rusiyanın ən tanınmış tarixi nekropollarından birində - Vaqankovo qəbiristanlığında dəfn olundu. Onun bu qəbiristanlıqda dəfn edilməsi də göstərdiyi tarixi xidmətlərə verilən qiymət kimi dəyərləndirilə bilər. Bununla belə, arzulayardım ki, xalqımızın görkəmli şəxsiyyətləri - Lütfi-Zadə, Müslüm Maqomayev və digərləri kimi general Kərim Kərimovun da məzarı Bakıda - Fəxri xiyabanda, doğma torpaqda olsun. Beləliklə, gələcək nəsillər bu böyük şəxsiyyətin məzarını ziyarət etmək, onu daha yaxından tanımaq imkanı əldə edərdilər.

Bu gün Azərbaycanda Kərim Kərimovun adını eşidənlər var. Onun kosmos proqramında mühüm rol oynadığını bilənlər də az deyil. Lakin mənə elə gəlir ki, biz hələ bu böyük şəxsiyyətin həyatını, fəaliyyətini və xarakterini tam şəkildə cəmiyyətə tanıda bilməmişik. Halbuki onun həyatında bugünkü gənclər üçün son dərəcə qiymətli dərslər var.

Birinci dərs: istedad zəhmətlə birləşəndə böyük nəticələr verir. Dördüncü sinifdə radioqəbuledicilərlə maraqlanan bir uşaq illər sonra kosmik texnologiyaların inkişafında aparıcı simalardan birinə çevrildi.

İkinci dərs: uğursuzluq son deyil. Moskvada arzuladığı ali məktəbə qəbul ola bilməyən gənc Kərim başqa bir təhsil müəssisəsinə üz tutdu və öz yolunu tapdı.

Üçüncü dərs: insanın böyüklüyü yalnız şəxsi uğurları ilə ölçülmür. O, qazandığı təcrübəni Azərbaycan elminin inkişafına da yönəltməyə çalışırdı.

Dördüncü dərs: Vətənə xidmət yalnız ölkənin coğrafi sərhədləri daxilində fəaliyyət göstərməklə məhdudlaşmır. Bəzən insan dünyanın başqa bir yerində elə böyük işlər görür ki, həmin nailiyyətlər öz xalqının da adına şöhrət gətirir.

Ən başlıcası isə onun həyatı bizə göstərir ki, insanın əsl böyüklüyü öz işinə sədaqətində, biliyində, məsuliyyətində və mənəvi dəyərlərindədir.

Onun həyatı Bakıdan başlamış, böyük bir tarixi dövrün içərisindən keçərək dünya kosmonavtikasının ən mühüm mərhələlərinə qədər uzanmışdır. O, özündən sonra yalnız mükafatlar və yüksək vəzifələrin adını qoymadı. Onun adı kosmik tədqiqatların inkişafı, orbital stansiyaların qurulması, insanın kosmosa uçuşunun təşkili və beynəlxalq elmi əməkdaşlıq tarixində qaldı.

Bu gün Kərim Kərimov haqqında danışarkən bir sual ortaya çıxır: görəsən, biz bu böyük şəxsiyyəti xalqımıza, xüsusilə gənc nəslə layiqincə tanıda bilmişikmi? Məncə, hələ yox.

Onun haqqında məktəblərdə daha geniş məlumat verilməli, həyatını əks etdirən sənədli filmlər hazırlanmalı, xatirələri və şəxsi arxiv materialları araşdırılmalı, "Səmaya aparan yol" kitabı daha geniş oxucu auditoriyasına çatdırılmalıdır.

Onun adı ilə bağlı elmi konfransların keçirilməsi, aerokosmik sahədə gənc tədqiqatçılar üçün mükafatların təsis olunması da məqsədəuyğun olardı. Çünki belə insanların həyatı gənclərə yalnız keçmişin uğurlarını öyrətmir. Bu həyat yolu həm də onlara insan ömrünün və gələcəyin necə qurula biləcəyini göstərir.

Bir vaxtlar Bakı küçələrində radioqəbuledicilərin quruluşu ilə maraqlanan bir uşaq sonralar dünyanın ən mürəkkəb texnoloji sistemlərindən birinin rəhbərinə çevrildi. Bu, hər bir azərbaycanlı gəncin düşünməsi və özünə nümunə götürməsi üçün böyük həyat dərsidir.

Bəzən gecə səmaya baxanda insan özünü sonsuzluğun qarşısında çox kiçik hiss edir. Ulduzlar, planetlər, uzaq qalaktikalar... Bütün bunlar insan zəkasının qarşısında açılan nəhəng suallardır. XX əsrdə bəşəriyyət bu suallara cavab axtarmaq üçün böyük bir yola çıxdı. Kosmik gəmilər orbitə qalxdı, orbital stansiyalar yaradıldı, insan Yer kürəsindən uzaqlarda yaşamağı öyrəndi. Bizim üçün böyük qürur mənbəyidir ki, bu tarixi yolun əsas təşkilatçılarından biri də azərbaycanlı general-leytenant Kərim Kərimov olmuşdur.

Bir vaxtlar onun üzünü televiziyada göstərmirdilər. Adını çəkmirdilər. O, məxfi sənədlərin və dövlət sirrinin arxasında qalırdı. Lakin tarix öz həqiqətini gec-tez üzə çıxarır. Bu gün biz bilirik ki, kosmik epoxanın qurulmasında soydaşımızın özünəməxsus, böyük və əvəzsiz yeri olub. Onun haqqında yazmaq yalnız bir insanın bioqrafiyasını təqdim etmək deyil. Bu, Azərbaycan xalqının elmi potensialını, intellektual qüdrətini, dünyaya bəxş etdiyi böyük şəxsiyyətləri tanıtmaq deməkdir.

Bəlkə də, bu böyük şəxsiyyətin ən böyük abidəsi nə mərmərdən, nə də bürüncdəndir. Onun əsl abidəsi Yer orbitində dövr edən kosmik gəmilərdə, orbital stansiyalarda, insan zəkasının yaratdığı texnoloji nailiyyətlərdə və kosmik tarixin yaddaşındadır. Biz onu yalnız keçmişin böyük generalı kimi deyil, gələcəyə yol açan azərbaycanlı mühəndis və təşkilatçı kimi xatırlamalıyıq. Çünki bəzi insanlar dünyaya bir ömürlük gəlirlər, amma gördükləri işlər əsrlər boyu yaşayır.

General-leytenant Kərim Kərimov da məhz belə insanlardan idi.

Biz onu yalnız keçmişin böyük hərbi xadimi kimi deyil, Azərbaycan elmi düşüncəsinin, mühəndislik istedadının və təşkilatçılıq məktəbinin parlaq nümayəndəsi kimi tanımalıyıq. Çünki o, bir xalqın adını dünyanın ən böyük elmi nailiyyətləri ilə bağlayan şəxsiyyətlərdəndir.

O, kosmosa uçmadı, amma kosmosa gedən yolların açılmasında böyük rol oynadı. O, uzun illər görünməz qaldı, amma gördüyü işlər bütün dünyada iz buraxdı.

O, öz adını ucadan səsləndirmədi, amma Azərbaycan adını kosmik tarixin şərəfli səhifələrinə yazdırdı.

Belə insanlar xalqın yalnız keçmişinin deyil, gələcəyinin də sərvətidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью