Ulu öndərin inamını, xalqın etimadını doğruldan lider

31.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

31 oktyabr İlham Əliyevin ilk dəfə prezident andı içdiyi gündür

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətindən
Bakı şəhəri, 1 oktyabr 2003-cü il

Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ilk beş ili başa çatanda – yəni 2008-ci il seçkilərindən əvvəl bir yazıda görkəmli tarixçi alim Yaqub Mahmudova istinadən qeyd eləmişdim ki, ümummilli lider Heydər Əliyevin üç böyük əsəri var: “Müstəqil Azərbaycan dövləti, Yeni Azərbaycan Partiyası və Prezident İlham Əliyev”. O zaman tanınmış siyasətçilərdən biri mənə irad tutmuşdu ki, xalqın etimad göstərib dövlət başçısı seçdiyi şəxsə əsər deyilməsi təqdirolunacaq hal deyil. Biz onda “Xalq qəzeti” olaraq söhbəti uzatmadıq. Çünki istinad etdiyimiz mənbə mötəbər idi. Ancaq sonralar həmin ifadəni, demək olar ki, bütün qəzetlərdə oxuduq və on dəfələrlə eşitdik.

Fakt ondan ibarətdir ki, İlham Əliyev çoxşaxəli siyasi fəaliyyəti və prinsipial idarəetməsi ilə sübut etmişdi ki, o, həqiqətən Ulu öndərin şah əsərlərindən biridir. Əslində bu fikir rəsmi və ictimai-siyasi diskursda ulu öndər Heydər Əliyevin irsini və müasir Azərbaycan dövlətçiliyinin əsas sütunlarını ifadə etmək üçün işlədilən məşhur bir ifadədir. Çünki müstəqil Azərbaycan dövləti Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdaraq ölkəni vətəndaş müharibəsindən, xaos və parçalanma təhlükəsindən xilas etməsi, dövlətçiliyin təməllərini möhkəmləndirməsi və suverenliyi qoruması ayrılıqda bir kitab, əsər idi.

Yaxud 1992-ci ildə yaradılan və bu gün ölkənin – həm də regionun aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasi ideologiyasının və kursunun daşıyıcısı kimi kitab xarakterlidir. Heydər Əliyevin siyasi xəttini və kursunu davam etdirən, 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti olan oğlu və siyasi varisi İlham Əliyev isə son onilliklərdə dünyanın az qala bütün siyasətçilərinin razılaşdığı, məsləhətləşdiyi, hətta bir çox hallarda kömək istədiyi lider kimi tanınır və onun fəaliyyəti politoloqlar, tarixçilər tərəfindən oxunulur, öyrənilir.

Bəli, bu gün – oktyabrın 31-i Prezident İlham Əliyevin dövlət başçısı kimi ilk dəfə and içdiyi gün, yeni yüksəliş dövrümüzün başlanğıc nöqtəsi olmuşdur. Müstəqil Azərbaycan dövlətinin son onilliklərdəki uğur və nailiyyətlərin miqyasına varmadan, siyahısını sadalamaq belə kifayətdir ki, bizim 2003-cü ilin oktyabrındakı seçkilərdə nə qədər ədalətli, haqlı mövqe nümayiş etdirdiyimiz sübuta yetirilsin.

Təbii ki, Azərbaycan seçiciləri həmin səsvermə ərəfəsində deputat İlham Əliyevin diplomatik məharətinə onun Milli Məclisin Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurlara yaxşı bələd idi. Məhz İlham Əliyevin prinsipiallığı, təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində AŞPA münaqişə tarixində ilk dəfə olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etmişdi. Bilavasitə həmin peşəkarlığın nəticəsi idi ki, 2003-cü ilin yanvarında azərbaycanlı deputat İlham Əliyev AŞPA sədrinin müavini və qurumun Büro üzvü seçilmişdi.

O vaxt Azərbaycan seçiciləri yaxşı bilirdilər ki, İlham Əliyev həm ARDNŞ-in birinci vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci ildən bəri), həm də Azərbaycan Respublikasının Baş naziri kimi çalışdığı bütün vəzifələrdə (2003-cü ilin avqustundan sonra) mükəmməl bir idarəçilik təcrübəsi qazanmışdır. İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə isə sədrin 1-ci müavini seçilməsindən sonra siyasi həyatda nümayiş etdirdiyi fəallıq onun liderlik keyfiyyətlərini də ortaya qoymuşdu. Beləliklə, öz diplomatik uğurları, liderlik keyfiyyətləri, idarəetmə məharəti və iqtisadi proseslərə dərindən bələd olması ilə xalqın həqiqi sevimlisinə çevrilmiş İlham Əliyevin 2003-cü ilin oktyabrındakı qələbəsi şəksiz idi. Elə ona görə də xalq bu gözləntini reallaşdırmışdı. Baş nazirin qeyd edilən bütün şəxsi keyfiyyətləri ilə yanaşı, ulu öndər Heydər Əliyevin söylədiyi bir fikir də xalqın qəlbinə hakim kəsilmişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün Azərbaycanın dünya miqyaslı uğurlar qazanması Ulu öndərimizin həmin ümidlərinin doğrulması deməkdir.

Fakt göz qabağındadır. İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycam BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi – həmin quruma sədrlik etdiyimiz dövrdə – qlobal problemlərin həllinə töhfə vermiş, “Bakı prosesi” vasitəsilə sivilizasiyaların dialoquna şərait yaratmış, Qoşulmama Hərəkatına uğurla rəhbərlik etmiş, ölkəmiz “Kosmik ailə”nin üzvünə çevrilmiş, paytaxtımız beynəlxalq təşkilatların siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin keçirildiyi məkana çevrilmiş, rəsmi Bakı türkdilli dövlətlərin hərtərəfli işbirliyinin genişləndirilməsi üçün titanik addımlar atmış, ölkəmizdə İslam dünyası ilə əməkdaşlığın ən mükəmməl nümunələri formalaşdırılmışdır.

Ancaq cənab Prezidentin Azərbaycan xalqı və dövlətimiz qarşısındakı ən böyük xidməti iki əsrdən də çox dövrdə xalqımıza qarşı terror, təxribatlar, xəyanətlər törətmiş, separatçılıqla məşğul olmuş, otuz ilə qədər xeyli ərazimizi işğal altında saxlamış bədxah qonşularımızı və onların himayədarlarını diz çökdürməsi idi. İlham Əliyev 2016-cı ilin Aprel döyüşlərində də, 2020-ci ilin İkinci Qarabağ müharibəsində də, 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatlarında da sübut etmişdi ki, Azərbaycanda Heydər Əliyev siyasəti davam edir. Bədxahlarımıza başa salmışdı ki, biz varıq, ayaq üstdəyik və heç kəs bizi öz inkişaf yolumuzdan döndərə bilməz.

Bu sətirləri dövlət başçımızın Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqinin ən geniş abzasını təqdim etməklə yekunlaşdırmaq istəyirik. Əminik ki, hörmətli oxucular bunu plagiat kimi deyil, liderin beynəlxalq aləmdəki bədxahlarımıza verdiyi cavaba olan ehtiram kimi qəbul edəcəklər:

“Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var. Azərbaycanın 10 üzv ölkə ilə belə formatı var. Deyə bilərəm ki, son müddət ərzində iki tarixi hadisə baş vermişdir. Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. O da həqiqətdir, bu ölkələr arasında, təbii ki, məsələlər müzakirə edilir və müəyyən rəqabət də var. Bu ölkələrin vahid anlaşma əsasında qaydaların müəyyən edilməsi bütün dünya üçün çox önəmli amil ola bilər. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır. Yəni bizim əhalimiz, ərazimiz o qədər də böyük deyil. Nədir bu? Bax, bizə olan inam, bizə olan münasibət, bizim sözümüzə olan inam. Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir. Nəyi deyiriksə, onun üstündə dururuq. Heç vaxt ikibaşlı oyun oynamamışıq. Heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik. Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik, bu gün də üzləşirik. Amma biz heç vaxt onlar kimi ola bilmərik. Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür. Təkbaşına düşməni məğlubiyyətə uğratmaq, düşmənə öz şərtlərini diktə etmək, onu kapitulyasiya aktına imza atmağa məcbur etmək, baxmayaraq ki, sənə 30 il əzablar verib, ondan sonra lazımi vaxtda dayanmaq, sülhə nail olmaq ki, daha qan tökülməsin. Çünki bizə əbədi müharibə lazım deyil, bu bizim seçimimiz olmayıb. İkinci Qarabağ müharibəsində biz lazımi vaxtda dayandıq və 2023-cü ildə sentyabr ayında da lazımi vaxtda dayandıq. Halbuki müxtəlif variantlar var idi. Amma uzaqgörənlik, strateji düşüncə və xalqımızın əsas maraqlarının nəzərə alınması amilləri bax, bu siyasəti diktə edir. Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”.

Zəfərin, Zəfər tağların mübarək, Azərbaycan! Dünya səndən yeni uğurlar, daha qətiyyətli addımlar gözləyir. Elə biz də.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью