futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Turan Tovuz”un futbolçusu Coş Cinelli ümidləri doğrultmayıb.
Yanvarda Tovuz təmsilçisi ilə müqavilə imzalayan hücumçu Premyer Liqada başa çatan mövsümdə 8 oyuna çıxmasına baxmayaraq, fərqlənməyi bacarmayıb.
Cinelli kifayət qədər zəngin təcrübəsi olsa da, çempionatda xüsusi nə iləsə seçilmədi.
Ümumiyyətlə, başa çatan mövsümdə “Turan Tovuz”un hücum xətti gözləntiləri qarşılamadı. Ötən yay komandaya qoşulan İbrahima Vadji Premyer Liqada 25 oyunda cəmi 2 qolla tovuzlulara töhfə verib. Müqaviləsi başa çatan seneqallının klubdan ayrılması gündəmdədir.
“Turan Tovuz” adına hücumda effektiv yeganə oyunçu isə Joarlem Santos (Jo) oldu. Braziliyalı forvard liqada 30 oyunda 10 qol vurmaqla komandanın bombardiri adını qazandı. Çıxışı ilə diqqət çəkməyi bacaran Jonun adı Portuqaliya klubları ilə hallanır. “Turan Tovuz” yaxşı məbləğli təklif olarsa, onu satmağa hazırdır.
“Bozqurdlar” Misli Premyer Liqasının 59 xalla üçüncü sırada bitirib. Komanda 33 oyunda cəmi 44 qol vurub və bu, “dördlük”dəki kollektivlər arasında ən aşağı göstəricidir.
Şahin Cəfərov