Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Biz çox təzadlı bir dövrdə yaşayırıq. Gəncliyimizdə, uşaqlıq illərimizdə düşünürdük ki, nə vaxtsa özümüzdən yaşlı nəslin yerində olacağıq, onlar kimi boyumuz-buxunumuz, mövqeyimiz olacaq. Amma bu gün dönüb baxanda düşünürsən ki, bu illər necə keçdi? Sanki bir anın içində gəldi-keçdi.
Çünki ötən illər ərzində daim məşğul olduq. Darıxmağa zamanımız olmadı. İnsan çalışdıqca, səy göstərdikcə vaxtın necə keçdiyini hiss etmir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.
“Mənim fəaliyyətim və həyat yolum vətəndaş cəmiyyəti, media fəaliyyəti və təşəbbüs göstərmək, özünü ifadə etmək üzərində qurulub. Bütün səylərim, geridə qalan təxminən qırx ildən artıq zaman, gecəli-gündüzlü həyatımda keçən bütün günlər Azərbaycanla bağlı olub. Yurdumuzla, elimizlə, obamızla bağlı olub", - deyə U.Mirzəyev vurğulayıb.
O, ömrünün ən məhsuldar dövründə torpaqlarımıza qara əllərin uzandığını bildirərək deyib: “O günlərdə mənim üçün başqa alternativ yox idi. Elə bir yol seçdim ki, xalqımızın yaşadığı acıları, çətinlikləri onunla birgə yaşadım. Bu ağrılardan, bu çətinliklərdən böyük günlərə çıxmaq üçün yollar axtardım, yollar yaratmağa çalışdım. İllər boyu çalışdığım qurumlar mənim taleyimin bir hissəsidir”.