Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Üzünüz həmişə gülsün
Ümumdünya Təbəssüm Günü (World Smile Day) hər il oktyabr ayının ilk cümə günü bütün dünyada qeyd edilən ən səmimi və müsbət enerjili əlamətdar günlərdən biridir. Bayramın əsas ideyası insanların gündəlik qayğılardan bir anlıq uzaqlaşaraq ətrafındakılara təbəssüm bəxş etməsi, xeyirxah əməllər göstərməsi və pozitiv atmosfer yaratmasıdır.
Bu günün yaranması 1963-cü ildə amerikalı rəssam və qrafik dizayner Harvey Ballın (Harvey Ball) adı ilə bağlıdır. Həmin il bir sığorta şirkəti əməkdaşların əhval-ruhiyyəsini qaldırmaq və müştərilərlə ünsiyyəti yaxşılaşdırmaq üçün Harveyə vizual rəmz sifariş edir. Rəssam cəmi 10 dəqiqə ərzində sarı fon üzərində iki nöqtə və qövs formalı təbəssümdən ibarət, günümüzdə "Smaylik" (Smiley) kimi tanıdığımız dünyaca məşhur simvolu çəkir.
Dünya Təbəssüm Günü ilk dəfə 1999-cu ildə qeyd olunub. Rəssam hesab edirdi ki, bu gün xoş ovqata həsr olunmalıdır. Günün devizi olan “Do an act of kindness. Help one person smile” sözləri təqribən belə tərcümə olunur: “Xeyirxah iş gör. Heç olmazsa, bir təbəssümün yaranmasına kömək et”. O vaxtdan könüllülər bu bayramı müxtəlif aksiya və fleşmoblarla qeyd edirlər.
XX əsrin 70-ci illərində gülüşü orqanizmin çox güclü ehtiyat mənbəyi kimi ciddi şəkildə öyrənməyə başlayıblar. Həkimlər hesab edirlər ki, gülüş uzun sürən şadlıq hissi yaradan zərərsiz narkotikdir. Dozası nə qədər çoxdursa, sağlamlıq üçün faydası da bir o qədər çoxdur. Xoş əhval-ruhiyyə bəzən bütün günə kifayət edir.
Gülüş haqqında elmin - helotologiyanın yaranması tarixi də maraqlıdır. Onun banisi, amerikalı jurnalist Norman Kazins “ölümü güldürən” adam kimi məşhurlaşıb. Həkimlər nadir sümük xəstəliyindən əziyyət çəkən N.Kazinsin dərdinə əlac edə bilmirlər. Öləcəyini düşünən Norman son günlərində doyunca gülmək qərarına gəlir, bir guşəyə çəkilərək gününü komediya filmlərinə baxmaqla, lətifələr oxumaqla keçirir, bolluca “C” vitamini qəbul edir.
Nəticə bütün dünyanı heyrətə gətirir. Jurnalist dəhşətli xəstəlikdən sağalır və öz müalicə metodunu “Gülüşün və C vitamininin superdozası” kimi müəyyən edir.
M.MİRZƏ
XQ