Un və çörək bahalaşa bilər Açıqlama

24.08.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya buğda bazarı iqlim dəyişiklikləri, quraqlıq və müharibələr səbəbindən ciddi təzyiqlə üzləşib. Qlobal ərzaq sisteminin əsas dayaqları olan sərbəst ticarət, ucuz enerji və sabit iqlim eyni vaxtda pozulur. Vəziyyəti əsas taxıl ixracatçısı ölkələrdə müşahidə olunan güclü quraqlıq və anomal istilər daha da ağırlaşdırır. Bu amillər buğda istehsalına və dünya bazarına çıxarılan məhsulun həcminə mənfi təsir göstərə bilər.
Bu vəziyyət Azərbaycan bazarında qiymətlərə nə qədər təsir edə bilər? Un və çörəyin qiymətinə də təsiri gözlənilirmi? 
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, dünya buğda bazarında müşahidə olunan proseslər Azərbaycan üçün də müəyyən risklər yaradır: 
“İqlim dəyişiklikləri, əsas istehsalçı ölkələrdə quraqlıq və anomal istilər, eyni zamanda geosiyasi münaqişələr buğdanın istehsal və ixrac imkanlarını məhdudlaşdıra, nəticədə dünya qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Azərbaycanın buğdaya olan tələbatının əhəmiyyətli hissəsinin idxal hesabına ödənilməsi xarici bazarlardakı qiymət dəyişikliklərinin ölkəmiz üçün də vacib olduğunu göstərir.
Bununla belə, dünya bazarında buğdanın bahalaşması daxili bazarda un və çörəyin qiymətinin dərhal eyni səviyyədə artması demək deyil. Mövcud ehtiyatlar, manatın məzənnəsinin sabitliyi və dövlətin bazarı tənzimləmək imkanları bu təsiri müəyyən müddət yumşalda bilər”.
İqtisadçı vurğulayıb ki, yüksək dünya qiymətləri uzun müddət davam edərsə, idxal olunan buğdanın maya dəyəri artacaq və bu, ilk növbədə, un istehsalçılarına təzyiq göstərəcək:
“Növbəti mərhələdə isə həmin təsirin çörək və digər un məmulatlarının qiymətlərində hiss olunması mümkündür. Hazırkı şəraitdə Azərbaycanda çörəyin kəskin bahalaşmasını qaçılmaz hesab etmək düzgün olmazdı. Ancaq quraqlıq, məhsuldarlığın azalması və Qara dəniz regionunda logistika problemləri eyni vaxtda dərinləşərsə, qiymət riskləri yüksələ bilər. Buna görə strateji taxıl ehtiyatlarının qorunması, idxal mənbələrinin şaxələndirilməsi və xüsusilə yerli ərzaqlıq buğda istehsalının artırılması daha böyük əhəmiyyət kəsb edir”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью