525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Məktəbdən universitetə keçid sadəcə akademik mərhələ deyil, fərqli ideyaların toqquşduğu, insanın özünü sınadığı və inkişaf etdiyi yeni mühitdir. Süni intellekt bu gün saniyələr içində geniş cavablar yarada bilir. Amma səbir, intizam, komandada işləmək, özünü ifadə etmək, tənqidi düşünmək və etik qərarvermə kimi insani keyfiyyətlər daha da dəyərli olur".
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, işəgötürənlər yalnız texniki bilik deyil, problem həll etmə bacarığı, məlumatları şərh etmə qabiliyyəti, intellektual dürüstlük və səmimi ünsiyyətə üstünlük verirlər:
"Hazırda üstünlük yalnız məlumatlı olmaq deyil, həm də yaradıcı, etik, çevik və kritik düşünə bilməkdədir. Gələcəyin əmək bazarı yalnız texnologiyanı istifadə edənləri deyil, texnologiyanın hüdudlarından kənar düşünə bilən mütəxəssisləri qiymətləndirəcək. Müasir universitet həm də bütöv İnsanı, Vətənini, Millətini, Torpağını sevən vətəndaşı formalaşdırmalıdır. UNEC - bu üstünlüklərə önəm verir! UNEC - deyilənlərin fərqindədir. Əsas məsələ doğru seçim etməkdir! Bir insanı digərindən fərqləndirən də məhz onun etdiyi seçimlərdir! Seçiminizdə uğurlar, əziz abituriyentlər. Qoy hər şey ürəyinizcə olsun".
Sevinc Qarayeva