UNEC dən dünyaya açılan pəncərə

14.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət İqtisad Universitetinin yeni rəsmi internet saytı – unec.edu.az ictimaiyyətə təqdim olunub.

Müasir dizaynı, təkmilləşdirilmiş informasiya strukturu, geniş funksional imkanları və altı dildə təqdim olunan məzmunu ilə yeni platforma UNEC-in akademik və elmi potensialını, beynəlxalq əlaqələrini, sosial fəaliyyətini və zəngin universitet həyatını vahid rəqəmsal məkanda birləşdirir.

Yeni sayt universitetin rəqəmsal inkişafında mühüm mərhələ olmaqla, UNEC haqqında məlumatların daha geniş auditoriyaya çatdırılmasına, beynəlxalq miqyasda tanınmasının gücləndirilməsinə və universitetin imkanlarının hər kəs üçün daha əlçatan olmasına xidmət edir.

Universitetin gücü yalnız auditoriyalarında, elmi laboratoriyalarında, beynəlxalq tərəfdaşlıqlarında və əldə etdiyi nailiyyətlərdə deyil, həm də bu potensialı dünyaya necə təqdim etməsində özünü göstərir. Rəqəmsallaşmanın sürətləndiyi, ali təhsil müəssisələri arasında beynəlxalq rəqabətin gücləndiyi bir dövrdə universitetin rəsmi internet saytı onun qlobal akademik məkandakı vizit kartına, institusional nüfuzunun və kommunikasiya strategiyasının mühüm alətinə çevrilib.

Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yeni rəsmi internet saytının istifadəyə verilməsi universitetin rəqəmsal transformasiya strategiyasında əhəmiyyətli addımdır. Yeni sayt sadəcə əvvəlki platformanın dizayn baxımından yenilənməsi deyil. Bu, universitetin fəaliyyətinin bütün əsas istiqamətlərini vahid rəqəmsal mühitdə birləşdirən, məlumatların idarə olunmasını təkmilləşdirən, struktur bölmələrin müstəqil fəaliyyət imkanlarını genişləndirən və UNEC-in beynəlxalq tanıtımına yeni imkanlar açan kompleks rəqəmsal platformadır.

UNEC dünyaya 6 dildə açılır

Saytın ən diqqətçəkən yeniliklərindən biri dil imkanlarının genişləndirilməsidir. Əvvəlki platformadan fərqli olaraq, yeni sayta Çin, ərəb və türk dilləri əlavə edilib və ümumi dil sayı 6-ya çatdırılıb.

Bu dəyişiklik UNEC-in beynəlxalqlaşma strategiyası baxımından xüsusi əhəmiyyət daşıyır. İngilis, rus və Azərbaycan dilləri ilə yanaşı, Çin və ərəb dillərinin tətbiqi universitetin daha geniş coğrafiyada tanıdılmasına, müxtəlif regionlardan olan abituriyentlərin, tələbələrin, alimlərin, tədqiqatçıların və potensial tərəfdaşların universitet haqqında məlumatları öz dillərində əldə etməsinə şərait yaradır.

Xüsusilə Çin və ərəb dillərinin əlavə edilməsi UNEC-in beynəlxalq tələbə cəlbi coğrafiyasının genişləndirilməsi, yeni akademik və institusional əlaqələrin qurulması baxımından strateji addımdır. Türk dilinin əlavə edilməsi isə ortaq təhsil və elmi əməkdaşlıq məkanında kommunikasiya imkanlarını daha da gücləndirir.

Sayt UNEC-in yalnız yerli auditoriyaya deyil, müxtəlif ölkələrin akademik və təhsil ictimaiyyətinə ünvanlanan beynəlxalq kommunikasiya platforması kimi çıxış edir.

Fakültələr və tədqiqat mərkəzləri

Yeni platformanın mühüm yeniliklərindən ən önəmlisi UNEC-in fakültə və tədqiqat mərkəzləri üçün ayrıca subdomenlərin yaradılmasıdır. Bu yenilik universitetin struktur bölmələrinin rəqəmsal müstəqilliyini və institusional görünürlüyünü artırmağa xidmət edir.

Artıq hər bir fakültə və tədqiqat mərkəzi özünə aid internet səhifəsini müstəqil idarə etmək, xəbərlər yerləşdirmək, akademik və elmi fəaliyyətini təqdim etmək, məlumatları operativ şəkildə yeniləmək imkanına malikdir. Bunun üçün struktur bölmələrə xüsusi admin panellər vasitəsilə məzmunun idarə olunması imkanı yaradılıb.

Bu yanaşma bir tərəfdən universitetin mərkəzləşdirilmiş informasiya sisteminin daha çevik fəaliyyətini təmin edir, digər tərəfdən isə fakültələrin və tədqiqat mərkəzlərinin öz fəaliyyətlərini daha geniş auditoriyaya təqdim etməsinə imkan yaradır.

Daha vacib məqam isə bu səhifələrin beynəlxalq görünürlük baxımından yaratdığı imkanlardır. Fakültələrin akademik proqramları, professor-müəllim heyəti və tələbələrinin uğurları, elmi tədqiqatları, beynəlxalq tərəfdaşlıqları və nailiyyətləri haqqında məlumatların fərdi subdomenlərdə sistemli təqdimatı onların beynəlxalq akademik mühitdə tanınmasına dəstək verir.

Tədris məlumatları

Yeni saytın növbəti üstünlüklərindən biri tədris prosesinə dair məlumatların daha sistemli və şəffaf təqdim edilməsidir.

Kafedralar üzrə tədris olunan fənlər ayrıca bölmələrdə yerləşdirilib. İstifadəçilər hər bir fənnin sillabusu ilə tanış olmaq imkanı əldə edirlər. Bu, tələbələrə tədris prosesini daha yaxşı planlaşdırmağa, fənlərin məzmunu və öyrənmə nəticələri haqqında əvvəlcədən məlumat əldə etməyə imkan verir.

Qəbul bölməsi də əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Bakalavriat, magistratura, doktorantura, təkrar ali təhsil, əcnəbi vətəndaşların qəbulu, eləcə də UNEC-in Zaqatala və Dərbənd filiallarına qəbul üzrə məlumatlar vahid sistemdə təqdim olunur.

Abituriyentlər və maraqlanan digər şəxslər ixtisaslar, tədris dilləri, təhsil haqları və tədrisin həyata keçirildiyi binalar barədə ətraflı məlumat əldə edə bilirlər.

İxtisasların tədris planlarının həm bakalavriatura, həm də magistratura üzrə saytda təqdim olunması mühüm yeniliklərdəndir. Bu imkan vasitəsilə abituriyentlər, eləcə də bakalavrlar seçdikləri ixtisas üzrə təhsil müddətində keçiləcək fənlər, onların kreditləri və tədris ardıcıllığı ilə tanış ola bilirlər.

Əcnəbi tələbələrin qəbulu üçün ayrıca bölmənin yaradılması da UNEC-in beynəlxalq tələbə cəlbi siyasətinə xidmət edir. Burada qəbul şərtləri, təhsil haqları və tədris planları barədə ətraflı məlumatların yerləşdirilməsi xarici vətəndaşlara UNEC-də təhsil imkanları ilə tanış olmaq, özləri üçün uyğun proqram seçmək və qəbul prosesi ilə bağlı qərarlarını daha rahat vermək imkanı yaradır.

Rəqəmsal təqdimat imkanları

UNEC-in yeni saytında tədqiqat və elmi fəaliyyətin təqdimatına xüsusi yer ayrılıb. Universitetin elmi jurnalları, beynəlxalq konfransları və tədqiqat fəaliyyəti ilə bağlı məlumatlar ayrıca bölmələrdə sistemləşdirilib.

Elmi jurnallar üçün xüsusi səhifələrin yaradılması və hər bir jurnalın öz rəsmi internet resursuna keçidin təmin edilməsi elmi nəşrlərin əlçatanlığını artırır.

Digər mühüm yenilik isə UNEC-in AVESİS – Akademik Məlumat İdarəetmə Sistemi ilə inteqrasiyasıdır. Professor-müəllim heyətinin şəxsi profillərindən onların AVESİS səhifələrinə birbaşa keçid yaradılıb. Beləliklə, istifadəçilər müəllimlərin elmi nəşrləri, tədqiqat istiqamətləri və akademik fəaliyyəti haqqında daha ətraflı məlumat əldə edə bilirlər.

Beynəlxalq konfranslar üçün ayrıca bölmənin yaradılması da universitetin elmi tədbirlərinin daha geniş auditoriyaya çatdırılmasına imkan verir. Fakültələr üzrə təşkil olunan konfranslar və onların rəsmi internet səhifələrinə keçidlər vahid bölmədə toplanıb.

Bununla yanaşı, tədbirlər bölməsində qeydiyyat tələb olunan konfrans və tədbirlər üçün birbaşa onlayn qeydiyyat imkanı yaradılıb. İştirakçılar müvafiq tədbirin səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilirlər.

Bu yeniliklər UNEC-in elmi fəaliyyətinin yalnız universitet daxilində deyil, beynəlxalq elmi ictimaiyyət üçün də daha əlçatan və görünən olmasına xidmət edir.

Beynəlxalq əlaqələr və akademik mobillik

Yeni sayt UNEC-in beynəlxalq əməkdaşlıq imkanlarının təqdimatını da əhəmiyyətli dərəcədə genişləndirib.

Universitetin əməkdaşlıq etdiyi xarici ali təhsil müəssisələri, ikili diplom və tələbə mübadiləsi proqramları ayrıca bölmələrdə əks olunub. Hər bir proqram üzrə təhsil müddəti, iştirak şərtləri, qəbul mexanizmi və digər vacib məlumatlar təqdim edilir.

Bu yanaşma həm UNEC tələbələrinin beynəlxalq təhsil imkanları haqqında məlumat əldə etməsini asanlaşdırır, həm də xarici universitetlərin, tələbələrin və tərəfdaşların UNEC-in beynəlxalq əməkdaşlıq şəbəkəsi ilə daha yaxından tanış olmasına şərait yaradır.

Beynəlxalq reytinq nailiyyətləri

Daha bir yenilik UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyinin təqdimatı üçün ayrıca bölmənin yaradılmasıdır. Bu bölmədə universitetin QS, Times Higher Education (THE), ShanghaiRanking və digər nüfuzlu beynəlxalq reytinqlərdəki mövqeləri, ayrı-ayrı fənlər və istiqamətlər üzrə nəticələri, eləcə də qlobal akademik mühitdə qazandığı nailiyyətlər sistemli şəkildə təqdim olunur.

Məlumatların illər üzrə ardıcıl və əhatəli şəkildə yerləşdirilməsi UNEC-in beynəlxalq reytinqlərdəki inkişaf dinamikasını izləməyə, əldə olunan irəliləyişləri müqayisəli şəkildə görməyə imkan verir.

Bu bölmə, eyni zamanda, UNEC-in beynəlxalq akademik nüfuzunun və rəqabət qabiliyyətinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Universitetin reytinqlərdə əldə etdiyi nəticələrin vahid rəqəmsal məkanda, əlçatan və sistemli şəkildə nümayiş etdirilməsi onun beynəlxalq auditoriya, potensial tələbələr, akademik tərəfdaşlar və tədqiqatçılar tərəfindən daha yaxından tanınmasında önəmli rol oynayır.

Rəqəmsal UNEC

Yeni saytın digər mühüm istiqaməti universitetin rəqəmsal xidmətlərinin vahid platformada birləşdirilməsidir.

“Rəqəmsal UNEC” bölməsində universitet tərəfindən yaradılan və tətbiq edilən əsas rəqəmsal sistemlər təqdim olunur. Buraya EDUMAN sistemi, Elektron Sənəd Dövriyyəsi, “Bir pəncərə” xidməti, hibrid auditoriyalar, Ekstern Mərkəzi, myUNEC mobil tətbiqi, İxtisas kalkulyatoru, “Sizin UNEC” və digər rəqəmsal xidmətlər daxildir. Bu bölmənin yaradılması istifadəçilərə müxtəlif xidmət və platformaları vahid məkandan tapmaq imkanı verir.

Bu, UNEC-də rəqəmsallaşmanın ayrı-ayrı texnoloji həllərlə məhdudlaşmadığını, universitetin idarəetmə, tədris, kommunikasiya və xidmət sahələrini əhatə edən sistemli inkişaf istiqaməti olduğunu göstərir.

Tələbə təşəbbüsləri və sosial həyat

UNEC-in yeni saytında universitetin sosial həyatının təqdimatına da xüsusi diqqət yetirilib. Çünki müasir universitet yalnız tədris və elmi fəaliyyətlə deyil, həm də tələbələrə yaratdığı sosial mühit, yaradıcılıq imkanları, idman həyatı və ictimai fəallığı ilə seçilir.

Yeni platformada Tələbə təşkilatları, Yaradıcılıq Mərkəzinin dərnəkləri, idman klubları, universitetin muzeyi və s. üçün ayrıca səhifələr yaradılıb.

Tələbələr idman klublarının fəaliyyəti, müxtəlif idman növlərinə qoşulmaq, yarışlar və üzvlük imkanları haqqında məlumat əldə edə bilirlər. Yaradıcılıq Mərkəzinin dərnəkləri üzrə ayrıca səhifələrdə fəaliyyət istiqamətləri təqdim olunur və tələbələr üzvlük üçün müraciət edə bilirlər.

Tələbə təşkilatlarının səhifələrində isə onların fəaliyyət istiqamətləri, üzvləri və qoşulmaq imkanları barədə məlumatlar yerləşdirilib.

Beləliklə, universitetin sosial və tələbə həyatı ilə bağlı imkanları da vahid rəqəmsal məkanda təqdim olunur. Bu, xüsusilə universitet seçimi mərhələsində olan abituriyentlər üçün UNEC-də təhsil almağın yalnız akademik deyil, həm də sosial və şəxsi inkişaf baxımından hansı imkanlar yaratdığını görmək üçün əhəmiyyətlidir.

Məzunlarla əlaqə

Yeni saytda UNEC-in məzunlarla əlaqələrinin inkişafına da xüsusi önəm verilərək Məzun Assosiasiyasının platformasına birbaşa keçid təmin edilib. Bu imkanlar universitetin məzun şəbəkəsinin genişləndirilməsi, məzunların uğurlarının tanıdılması və onların universitetlə əlaqələrinin qorunması baxımından əhəmiyyətlidir.

Yeni rəqəmsal yanaşma

UNEC-in yeni rəsmi internet saytının yaradılması universitetin rəqəmsal inkişaf istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlərin mühüm tərkib hissəsidir.

Yeni saytın üstünlüyü yalnız təqdim olunan məlumatların çoxluğu ilə məhdudlaşmır. Burada əsas dəyişiklik məlumatların idarə olunması, yenilənməsi, əlçatanlığı və beynəlxalq auditoriyaya çatdırılması mexanizmlərinin təkmilləşdirilməsidir. Struktur bölmələrin müstəqil məzmun idarəetməsi, çoxdilli informasiya mühiti, elmi resurslarla inteqrasiya və interaktiv xidmətlər platformanın funksional imkanlarını daha da genişləndirir.

Bu gün UNEC-in beynəlxalq reytinqlərdə yüksələn mövqeyi, elmi və akademik nailiyyətləri, genişlənən tərəfdaşlıq əlaqələri, zəngin tələbə həyatı və rəqəmsal təşəbbüsləri onun inkişaf strategiyasının mühüm istiqamətləridir. Yeni rəsmi internet saytı isə bütün bu nailiyyətlərin daha geniş auditoriyaya çatdırılmasına, universitetin beynəlxalq akademik məkanda tanınmasına və qlobal rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edən mühüm vasitədir.

Müasir universitet yalnız öz potensialını yaratmaqla kifayətlənməməli, onu dünyaya təqdim etməyi də bacarmalıdır. Yeni rəsmi internet saytımız məhz bu yanaşmanın təzahürüdür və UNEC-in özünü dünyaya təqdimetmə fəlsəfəsində yeni mərhələdir.

UNEC-in bu gününü dünyaya göstərən, gələcək inkişafına yeni imkanlar açan pəncərəsi: YENİ UNEC.EDU.AZ.

Elnarə MƏMMƏDOVA,
UNEC-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью