Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Braziliyanın San-Paulu şəhərində keçirilən nüfuzlu “Enactus World Cup 2026” dünya çempionatında UNEC komandası böyük uğura imza ataraq “Early Stage Winner – Gen:RE Spirit” mükafatının qalibi olub.
Moderator.az xəbər verir ki, noyabrın 16–19-da keçirilən çempionatda UNEC tələbələrinin təqdim etdiyi “Gen:RE” layihəsi ətraf mühitin mühafizəsində süni intellekt texnologiyalarının tətbiqini nəzərdə tutan Sİ əsaslı ekoloji xəritələmə və qlobal analitika sistemidir. Layihə bələdiyyələr və dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində tullantıların müəyyənləşdirilməsi, ərazilərin təmizlənməsinin koordinasiyası və ekoloji problemlərin operativ həllinə yönəlib.
Layihənin müəllifləri UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə III kurs tələbəsi İsa Əhmədov, Mühəndislik fakültəsinin “Elektrik və elektronika” mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi Sərdar Soltanzadə və “Qida məhsulları texnologiyası” ixtisası üzrə doktorantı İslam İsmayılovdur.
UNEC-in rektoru professor Ədalət Muradov dünya çempionatının qalibi olan tələbələrlə görüşərək onları beynəlxalq uğur münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
Görüşdə rektor tələbələrin uğurunun yalnız universitet üçün deyil, bütövlükdə Azərbaycan gəncliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, qeyd edib ki, bu nəticə UNEC tələbələrinin qlobal problemləri düzgün qiymətləndirmək, dünya miqyasında aktual çağırışlara innovativ həllər təklif etmək və beynəlxalq səviyyədə rəqabət aparmaq potensialını nümayiş etdirir.
Rektor bildirib ki, UNEC tələbələri beynəlxalq səviyyədə uğurlara imza ataraq, qlobal problemlərin həllinə töhfə verirlər: “Bu təşəbbüs tələbələrimizin dünyada baş verən prosesləri, mövcud problemləri və çağırışları düzgün qiymətləndirdiklərini, qlobal düşüncə tərzinə malik olduqlarını göstərir. Xüsusilə layihənin ekoloji istiqaməti onun əhəmiyyətini daha da artırır”.
Rektor, həmçinin universitetdə startap hərəkatının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, əsas hədəf UNEC-də ideya yaradan, onu layihəyə çevirən, reallaşdıran və gələcəkdə kommersiyalaşdıra bilən tələbələr yetişdirməklə güclü startap və innovasiya ekosistemi formalaşdırmaqdır.