UNEC süni intellekt üzrə regional mərkəzə çevrilməyi hədəfləyir

17.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) süni intellektin ali təhsildə tətbiqinin genişləndirilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və regional təşəbbüslərin təşviqi istiqamətində fəaliyyətini genişləndirir.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Bildirilib ki, süni intellekt yalnız gələcəyin texnologiyası deyil, bu gün ali təhsilin məzmununu, universitetlərin idarəetmə prinsiplərini, müəllim və tələbə münasibətlərini, habelə əmək bazarının tələblərini dəyişdirən mühüm amilə çevrilib. Bu texnologiyalar tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatların yeni imkanlarla zənginləşdirilməsi və təhsil prosesinin daha səmərəli təşkili baxımından geniş perspektivlər açır.

Mütəxəssislərin fikrincə, süni intellektin ali təhsilə inteqrasiyası fərdiləşdirilmiş təlim imkanlarını genişləndirir, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində yeni yanaşmaların tətbiqinə şərait yaradır. Eyni zamanda, bu texnologiyalar müəllimlərin fəaliyyətini dəstəkləyir, məlumatların təhlilini sürətləndirir və elmi tədqiqatların səmərəliliyini artırır. Bununla belə, süni intellektdən istifadə zamanı akademik dürüstlük, məlumat təhlükəsizliyi və texnologiyaların etik tətbiqi məsələlərinin nəzərə alınması vacibdir.

UNEC süni intellektin ali təhsildə tətbiqini yalnız texnoloji yenilik kimi deyil, universitetlərin gələcək inkişafını müəyyənləşdirən strateji istiqamət kimi qiymətləndirir. Bu baxımdan tədris prosesində süni intellekt imkanlarından səmərəli istifadə, innovativ yanaşmaların tətbiqi, elmi tədqiqatlarda yeni texnologiyaların rolunun artırılması universitetin prioritetləri sırasındadır.

Mütəxəssislər hesab edirlər ki, universitetlərin süni intellekt sahəsində rəqabətqabiliyyətliliyi yalnız müasir texnologiyalara çıxışla deyil, həm də bu imkanlardan istifadə edə bilən kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə müəyyən olunur.

Bu istiqamətdə UNEC süni intellekt sahəsində regional gündəmin formalaşdırılmasına töhfə verməyi, yeni yanaşma və təşəbbüsləri təşviq etməyi, beynəlxalq təcrübənin öyrənilməsi və bölüşdürülməsi üçün əməkdaşlıq imkanlarını genişləndirməyi qarşıya məqsəd qoyub. Universitetin əsas hədəflərindən biri süni intellekt üzrə regional mərkəzə çevrilmək, ali təhsil müəssisələri, elmi tədqiqat qurumları və texnologiya sektoru arasında əlaqələri gücləndirməkdir.

Qeyd edək ki, UNEC dekabrın 2-3-də “Təhsildə süni intellekt: gələcəyin formalaşdırılması – UNEC dialoqundan regional təsirə doğru” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edəcək. Tədbirdə süni intellektin ali təhsildə tətbiqi, tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatlarda yeni imkanların yaradılması və bu sahədə regional əməkdaşlığın inkişafı məsələlərinin diqqət mərkəzində olması nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью