525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Natiq Babayev
Coğrafiya üzrə fəlsəfə doktoru, dosent
BDU-da yeni dövr: rektordan nə gözləmək olar?
Universitet əmrlərdən və rəsmi sənədlərdən ibarət deyil. Onun əsl həyatı auditoriyada, laboratoriyada, kafedrada və müəllimlə tələbə arasındakı gündəlik söhbətdə yaşanır. Rəhbərlik dəyişəndə hər kəs eyni sualı verir: bu, tədrisə, elmə və universitetin gələcəyinə necə təsir edəcək?
Müzakirənin əsl mövzusu
Prezidentin Sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi, Məleykə Abbaszadə isə bu vəzifəyə təyin olundu. Yeni rektoru kollektivə elm və təhsil naziri Emin Əmrullayev təqdim etdi.
Təyinatdan sonra müzakirələrin əsas hissəsi rektorun haradan gəldiyi barədə oldu: Dövlət İmtahan Mərkəzindən universitetə keçid nə deməkdir? Sual təbiidir, amma məncə, ikinci dərəcəlidir. 1919-cu ildə əsası qoyulmuş universitetin rəhbərliyini keçmiş vəzifələrlə yox, qarşıdakı məsuliyyətlə ölçmək lazımdır. Çünki bu kürsü gələcək həkimlərin, hüquqşünasların, mühəndislərin, coğrafiyaçıların, jurnalistlərin, riyaziyyatçıların, filoloqların və müəllimlərin yetişdiyi mühitə rəhbərlik deməkdir.
Təcrübə nəyi göstərir, nəyi göstərmir
Məleykə Abbaszadə kibernetika və hesablama riyaziyyatı sahəsində təhsil almış, texnika elmləri namizədi olmuş, otuz il müddətində tələbə qəbulu sisteminə rəhbərlik etmiş şəxsdir. Bu yolun ən vacib xüsusiyyəti ölçülə bilən meyarlarla işləmək vərdişidir. Belə təcrübə şəffaf, yazılı və yoxlanıla bilən qayda anlayışına yaxındır. Universitetdə də məhz buna ehtiyac var.
Eyni zamanda bunu da demək lazımdır: qəbul sistemini idarə etmək universiteti idarə etməyi avtomatik öyrətmir. Qəbul mərkəzləşdirilmiş və standartlaşdırılmış prosesdir. Universitet isə fənlərin, kafedraların, elmi məktəblərin və fərqli fikirlərin məkanıdır. Burada əsas sınaq standartı tətbiq etmək yox, müxtəlifliyi qorumaq bacarığı olacaq.
Ali təhsilin açıq qalan sualları
Bu gün Azərbaycan universitetlərinin qarşısında bir sıra ümumi suallar durur. Orta məktəbdən gələn tələbənin müstəqil araşdırma bacarığı hansı səviyyədədir? Əzbərçilik tədris prosesində biliyin yerini nə dərəcədə tutur? Tədris proqramları dəyişən peşə tələblərinə nə qədər tez uyğunlaşır? Süni intellekt dövründə akademik dürüstlüyü necə qorumaq olar? Tələbənin fikrini bildirməsi üçün etibarlı kanal varmı?
Bunlar ciddi sualdır. Amma onların arasında bir məsələ var ki, həm tədrisin keyfiyyətinə birbaşa təsir edir, həm də ciddi maliyyə tələb etmir: elmi əməyin qiymətləndirilməsi və akademik yükün ədalətli bölgüsü.
Elmi dərəcə və yükün bölgüsü
Hər universitetin əsas kapitalı elmə həyatını həsr etmiş insanlardır. Dissertasiya illərlə oxumaq, tədqiq etmək, nəşr hazırlamaq və müdafiə prosesindən keçmək deməkdir. Bu əməyin maddi qarşılığı isə çox zaman rəmzi qalır. Müdafiə etmiş fəlsəfə doktoru ilə dərəcəsiz müəllim arasında əmək haqqı fərqi cəmi 60 manatdır. Əgər dərəcə stimul daşımırsa, elmə yönələn gəncin seçimi çətinləşir və akademik mühitə yeni nəsil axını zəifləyir.
Bölgü məsələsi də eyni qaydadadır. Dərs yükü hansı meyarla paylanır: elmi dərəcə, təcrübə, nəşrlər, yoxsa başqa amillər? Meyar yazılı və hamıya açıq olmayanda hətta ən düzgün qərar da şübhə doğurur. Burada söhbət ayrı-ayrı insanlardan yox, qaydadan gedir. Ədalətli sistem şəxslərin yaxşı niyyətinə yox, aydın prosedura əsaslanır.
Bunun tədrisə təsiri birbaşadır. Tələbə ən güclü bilik və təcrübəyə malik müəllimdən öyrənmək hüququna malikdir. Dərsi bölgüdə yer tapan yox, ən yaxşı hazırlanmış müəllim dedikdə keyfiyyət artır.
İradə nə ilə ölçülür?
Rəhbərin məsuliyyəti vəzifənin adından yox, nəticədən görünür. Bu baxımdan bir ildə yoxlanıla bilən üç meyar təklif etmək olar.
Birincisi, dərs yükünün bölgüsü üçün açıq və yazılı qayda, o cümlədən kənardan dəvət olunan və saat hesabı çalışan müəllimlərin də bu qaydaya bərabər əsaslarla daxil edilməsi. İkincisi, elmi dərəcəyə görə real stimul. Üçüncüsü, hər iki sahə üzrə mövcud vəziyyəti əks etdirən statistik hesabatın kollektivə təqdim olunması.
Bu addımlar universitetə böyük xərc gətirmir, amma əmək mədəniyyətini dəyişir. Bir il sonra sadə suallara cavab vermək olar: meyarlar dərc olunubmu, fərq dəyişibmi, hesabat açıqlanıbmı. Rəhbərliyin dəyəri vədlə yox, bu cür yoxlanıla bilən nəticə ilə ölçülür.
Nəzərə almaq lazımdır ki, universitet rəhbərin təkbaşına dəyişdirə biləcəyi struktur deyil. Rəhbər istiqamət verir, imkan yaradır və məsuliyyət daşıyır. Kollektiv isə həmin istiqaməti real nəticəyə çevirir. Buna görə dinləmək bu işin əlavəsi yox, şərtidir.
Bufetdən C korpusuna
İlk günlərdə yayılan görüntülərdən biri rektorun universitet bufetində tələbələrlə bir masada əyləşməsi idi. Belə görüntülər bəzən uzun çıxışlardan çox şey deyir, amma simvolun dəyəri onun davamından asılıdır. Bu davam gecikmədi.
C korpusunda təhsil alan tələbələr tədris şəraiti ilə bağlı rektora birbaşa müraciət etdilər. Onların sözlərinə görə, korpusun yerləşdiyi ərazidə magistral yolun, yaxınlıqdakı qəssabxananın və avtomobil yuma məntəqəsinin səsi dərsə mane olur və diqqəti yayındırır. Məsələ mətbuata yalnız sonradan çıxdı. Rektor məsələni nəzarətə götürdüyünü bildirib, işçi qrupunun əraziyə baxış keçirəcəyini və nəticələrə uyğun işlərə başlayacağını yazıb, müraciətə görə tələbələrə təşəkkür edib.
Burada iki şey diqqəti çəkir. Birincisi, tələbələr problemi əvvəlcə ünvanına, yəni rektora çatdırıblar. Bu, yeni rəhbərliyə ilk günlərdən göstərilən etimadın əlamətidir, etimad isə universitetdə ən çətin qazanılan və ən asan itirilən kapitaldır. İkincisi, cavab sürətli və açıq oldu: məsələ nə gizlədildi, nə də sahibsiz qaldı.
Amma etimad bir dəfəlik cavabla yox, nəticə ilə möhkəmlənir. Əraziyə baxış yalnız başlanğıcdır. Tələbə üçün vacib olan həllin nə vaxt və necə görüləcəyidir: səs izolyasiyası, dərs cədvəlinin uyğunlaşdırılması və ya başqa addım. Magistral yolun və qonşu obyektlərin səsi universitetin təkbaşına həll edə biləcəyi məsələ olmaya bilər. Buna görə hansı addımın universitetin, hansının başqa qurumların səlahiyyətində olduğunu tələbələrə açıq izah etmək də nəticənin bir hissəsidir.
Bu, yuxarıda təklif etdiyim yoxlama məntiqinin eynisidir: problem aydın qoyulur, müddət müəyyən edilir, nəticə açıq bildirilir. Eyni münasibət müəllimlərə də şamil olunsa, bufetdəki söhbət və C korpusundakı cavab kafedradakı söhbətlə tamamlanar.
Son söz
Rektorun uğuru təyinat günü ilə deyil, zaman keçdikcə auditoriyalarda, laboratoriyalarda, elmi nəşrlərdə və məzunların həyat yolunda görünür. Başlanğıcın ümidlə qarşılanması təbiidir. Amma ümidin nəticəyə çevrilməsi üçün problemlərə açıq baxmaq, ardıcıl fəaliyyət göstərmək və ortaq məsuliyyət daşımaq lazımdır. Məleykə Abbaszadəyə güc və uğurlar arzulayıram. Bir il sonra bu sətirlərə qayıdıb nəyin dəyişdiyini birlikdə qiymətləndirmək istərdim.