Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Ali təhsilin bütün ixtisaslar üzrə eyni müddətdə davam etməsi məsələsi yenidən gündəmə gəlib. Bəzi ixtisaslarda 4 illik təhsilin 3, hətta 2 il ərzində mənimsənilməsinin mümkün olub-olmaması müzakirə olunur.
Təhsil müddətinin azaldılması tələbələrin əmək bazarına daha tez çıxmasına və təhsil xərclərinin azalmasına imkan yarada bilər. Bununla belə, belə bir dəyişiklik təhsilin keyfiyyəti, tədris proqramlarının məzmunu və məzunların peşə hazırlığı baxımından da nəzərdən keçirilməlidir.
Bəs hansı ixtisaslarda 4 illik təhsil müddətinə ehtiyac yoxdur? Azərbaycanda ali təhsili 3 və ya 2 ilə endirmək mümkündürmü?
"Bakupost" xəbər verir ki, təhsil eksperti Qoşqar Məhərrəmov Qaynarinfo-ya bildirib ki, bir çox ixtisas üzrə birinci kursda fundamental fənlər tədris olunur. Onun sözlərinə görə, həmin fənlər orta məktəbdə lazımi səviyyədə tədris edilirsə, onların universitetdə yenidən keçirilməsinə ehtiyac qalmır:
"Universitetlərin birinci kursunda tədris olunan fənlərə nəzər saldıqda görürük ki, burada Azərbaycan dili, tarix, idman, ingilis dili kimi dərslər var. Bunlar, ümumiyyətlə, ixtisasla birbaşa bağlı olmayan fənlərdir. Bir çox tələbə universitetin birinci kursunda təəccüblənir ki, “Mən bu fənləri orta məktəbdə artıq keçmişdim”. Sadəcə həmin fənlərin bir qədər daha geniş və nəzəri variantı universitetdə onların qarşısına çıxır”.
Qoşqar Məhərrəmov hesab edir ki, universitetdə təhsili 3 ilə endirmək mümkündür:
“Bir çox humanitar və pedaqoji ixtisaslarda bunu 3 ilə endirmək olar. Amma bunu, qeyd etdiyim kimi, yalnız orta təhsili həqiqətən güclü edə bildiyimiz halda həyata keçirmək mümkündür”.
Ekspertin sözlərinə görə, bunun üçün başqa bir mexanizmdən də istifadə etmək olar. Məsələn, fundamental fənlər üzrə ölkə səviyyəsində müəyyən imtahanlar təşkil edilə bilər:
“Buna, məsələn, ali təhsil səviyyəsində imtahanlar deyə bilərik. Həmin imtahanları verən şəxslər - tarix, coğrafiya və digər fundamental fənlər üzrə - həmin fənlərdən azad edilə və universitetdə artıq ikinci kursdan təhsilə başlaya bilərlər. Beləliklə, həmin tələbələr üçün universitet təhsili faktiki olaraq 3 ilə başa çatmış olar. Bunu kredit sistemi ilə də həyata keçirmək mümkündür. Məsələn, universitetdə 120, 130 və ya 150 kreditlik təhsil proqramı müəyyənləşdirilir və şagirdlərə həmin kreditlərin bir hissəsini artıq 11-ci sinifdən toplamaq imkanı yaradılır. Şagird 11-ci sinifdən etibarən həmin kreditləri tamamlamaq üçün çalışa bilər”.
Qoşqar Məhərrəmov bildirib ki, orta məktəbdə müəyyən fənləri keçdikdən sonra şagirdlər ümumi sistem çərçivəsində həmin fənlər üzrə imtahan verə bilərlər:
“İmtahandan uğurla keçdikləri halda həmin fəndən universitetdə azad edilə bilərlər. Bunu bir nümunə ilə izah edim. Məsələn, “College Board” deyilən bir sistem var. Bu, bir çox insana məlumdur. ABŞ-da və dünyanın bir sıra ölkələrində kurikulumlar təqdim edən platformadır. Burada “Advanced Placement”, yəni AP dərsləri təklif olunur. “Advanced Placement” dərsləri universitet krediti kimi qəbul edilə bilər. ABŞ-da orta məktəbdə oxuyan şagird AP dərsləri alaraq universitet kreditlərinin müəyyən hissəsini əvvəlcədən tamamlaya bilir.
AP dərsləri üzrə imtahanlardan uğurla keçdikdə şagird universitetə daxil olduğu zaman həmin fənlər üzrə topladığı kreditlər nəzərə alınır. Beləcə, daha hazırlıqlı və çalışqan şagird universitetə başladıqda təhsildə daha irəli səviyyədən başlaya bilər”.
Ekspertin fikrincə, bu halda tələbə həm vaxt qazanır, həm də təhsil xərclərini azaldır:
“Çünki universitetdə bir il daha az təhsil alır və həmin il üçün əlavə təhsil haqqı ödəməli olmur”.