Universitetə qəbul niyə bu qədər məşəqqətli olmalıdır?

29.11.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstirahət günüdür, amma biz istirahət etmirik. Səhər saat 6:30-da oyanmışıq ki, 10-cu sinifdə oxuyan qızımı saat 7:30-da hazırlıq kursuna çatdıra bilim. Təsəvvür edirsinizmi, həftəmiz bu cür gərgin qrafiklə keçir. O da yorulur, biz də. Amma ali məktəbə qəbul imtahanlarının lüzumsuz tələblərinə uyğunlaşmaq üçün bu zillətə dözməyə məcburuq.

Qızım əlaçıdır, məsuliyyətlidir. «Dərsini oxu» deməyə ehtiyac yoxdur, özü canla-başla çalışır. Sadəcə, qəbul imtahanlarının tələb etdiyi hazırlıq səviyyəsinə çatmaq üçün nə vaxt, nə də fiziki güc kifayət edir.

Paradoksal durum yaranıb: orta məktəbin son siniflərində təhsil alan yeniyetmələr biliklərini artırmaq, dünyagörüşlərini genişləndirmək əvəzinə, müəyyən imtahan modelinin tələblərinə uyğunlaşmağa daha çox vaxt sərf edirlər. Ali məktəbə qəbul imtahanlarının mürəkkəb və lüzumsuz mərhələlərini keçmək üçün əlavə hazırlıqla məşğul olurlar.

Məktəb dərsləri, repetitor hazırlığı, sınaq imtahanları, yüksək bal toplamaq təzyiqi və uğursuzluq qorxusu yeniyetmələrin həyatını, demək olar ki, tamamilə imtahan ətrafında qurur. Bütün bunlar isə uşaqların istirahətinə, sosial həyatına və psixoloji vəziyyətinə təsir edir. Ən düşündürücü məqam budur ki, orta məktəb şagirdi universitetə qəbul olunmaq üçün bu qədər mürəkkəb bilik və bacarıqlara yiyələnməyə məcbur edilirsə, onda ali məktəbdə ona nə öyrədiləcək?

Qəbul imtahanı məktəblilərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməli, orta məktəb proqramına uyğun olmalı, onların qarşısında süni maneələr yaratmamalıdır.

Hesab edirəm ki, ali məktəblərə tələbə qəbulu sisteminə yenidən baxılmalı, imtahan suallarının məzmunu və çətinlik səviyyəsi orta məktəb proqramı ilə uzlaşdırılmalı, qəbul mexanizmi əsaslı şəkildə yenilənməlidir. Məqsəd uşaqları imtahan marafonuna salmaq deyil, onların ali təhsil almaq potensialını obyektiv müəyyənləşdirmək olmalıdır.

Süni intellekt və rəqəmsal texnologiyalar dövründə təhsilin əsas vəzifəsi şagirdlərə faktları əzbərlətmək deyil, onlarda məlumatı anlamaq, təhlil etmək, tətbiq etmək və müstəqil həll yolları tapmaq bacarıqları formalaşdırmaq olmalıdır.

Təbii ki, qəbul imtahanları da zamanın tələblərinə uyğunlaşmalıdır. Şagirdin nə qədər məlumatı yadda saxladığını deyil, əldə etdiyi biliklərdən necə istifadə edə bildiyini qiymətləndirən imtahan modelinə ehtiyac var. Bu baxımdan qəbul suallarında analitik düşünmə, oxuyub-anlama, problem həll etmə və biliklərin praktik tətbiqi bacarıqlarının qiymətləndirilməsinə daha çox yer ayrılmalıdır.

Haqlı olaraq təklif edilir ki, DİM-in Elm və Təhsil Nazirliyi ilə institusional və metodoloji bağları gücləndirilməlidir. Çünki qəbul imtahanlarının məzmunu ilə orta məktəbin tədris proqramları arasında uyğunluğun təmin edilməsi üçün bu iki qurumun daha sıx koordinasiyası vacibdir.

Müşfiq Ələsgərli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью