Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Bakıda nəqliyyat sıxlığının azaldılması və şəhər infrastrukturundan daha səmərəli istifadə ilə bağlı müxtəlif təkliflər gündəmə gəlir. Bu çərçivədə dövlət qurumları ilə yanaşı, bəzi təhsil müəssisələrinin də paytaxtdan kənara köçürülməsi, xüsusilə iri universitetlərin müasir kampuslar şəklində yerləşdirilməsi təklif olunur.
Belə bir addımın həm paytaxtın nəqliyyat yükünün azalmasına, həm də universitetlərin ərazi və infrastruktur baxımından genişlənməsinə imkan yaradacağı bildirilir.
Bəs ilk mərhələdə hansı universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğun ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu məsələyə yalnız nəqliyyat probleminin həlli kimi deyil, şəhərsalma və ali təhsilin gələcək inkişafı baxımından kompleks yanaşmaq lazımdır.
Ekspertin sözlərinə görə, ilk növbədə şəhərin mərkəzində yerləşən orta məktəblərin, daha sonra isə böyük tələbə kontingentinə malik ali təhsil müəssisələrinin köçürülməsi nəzərdən keçirilə bilər.
“Hazırda Bakı şəhərində infrastrukturun müəyyən qədər rahatlaşdırılması, xüsusilə nəqliyyatın hərəkətinin asanlaşdırılması üçün bəzi dövlət qurumlarının, dövlət obyektlərinin və təhsil müəssisələrinin müxtəlif ərazilərə köçürülməsi məsələsi gündəmdədir.
Təhsil müəssisələrinin köçürülməsi məsələsinə baxarkən, xüsusilə şəhərin mərkəzində və əsas küçələrin üzərində yerləşən orta ümumtəhsil məktəblərinə diqqət yetirmək lazımdır. İçərişəhərdə, Nərimanov rayonunda və digər mərkəzi ərazilərdə belə məktəblər var”, – deyə ekspert bildirib.
Universitetlər üçün kampus modeli
R.Nurəliyev hesab edir ki, ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi daha geniş imkanlar yarada bilər. Onun fikrincə, dünya təcrübəsində universitetlərin böyük kampuslar şəklində şəhər kənarında yerləşdirilməsi geniş yayılıb.
“Yeni ali təhsil müəssisəsi yaradılarkən onun şəhərdən kənarda kampus formatında formalaşdırılması daha məqsədəuyğun olardı. Bunun universitet üçün çox böyük faydası var. Böyük ərazidə kampus yaradıldığı zaman inzibati binalar, yataqxanalar, laboratoriyalar və digər infrastruktur obyektləri qurmaq mümkündür. Beləliklə, universitetin inkişaf imkanları əhəmiyyətli dərəcədə genişlənir”, – deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, hazırda Bakının mərkəzində fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin ərazi baxımından genişlənmək imkanları məhduddur. Bu isə yeni fakültələrin, laboratoriyaların, yataqxanaların və digər müasir infrastrukturun yaradılmasını çətinləşdirir.
Universitetlərin gəlirləri də arta bilər
R.Nurəliyevin fikrincə, universitetlərin şəhərdən kənara köçürülməsi yalnız nəqliyyat probleminin həllinə deyil, onların iqtisadi imkanlarının genişlənməsinə də xidmət edə bilər.
“Ali təhsil müəssisələri yalnız təhsil haqqından gəlir əldə etmir. Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, dünyanın bir çox ölkələrində universitetlərin iqtisadi imkanları kifayət qədər genişdir.
Avropada və Çində universitetlər müxtəlif şirkətlərlə əməkdaşlıq edir, öz maddi-texniki bazasından və infrastrukturundan istifadə etməklə xidmətlər göstərir və əlavə gəlirlər əldə edirlər. Azərbaycanda da universitetlərin şəhərdən kənarda kampus formasında inkişaf etdirilməsi belə imkanların yaranmasına şərait yarada bilər”, – ekspert bildirib.
Hansı universitetlərin köçürülməsi təklif olunur?
Ekspert hesab edir ki, ilk mərhələdə böyük tələbə kontingentinə malik və şəhərin mərkəzində yerləşən ali təhsil müəssisələrinin köçürülməsi nəzərdən keçirilə bilər.
“Xüsusilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Bakı Dövlət Universitetinin uzunmüddətli perspektivdə şəhərdən kənara köçürülməsi Bakını əhəmiyyətli dərəcədə rahatlaşdıra bilər.
Çünki bu universitetlərin tələbə kontingenti kifayət qədər böyükdür. Eyni zamanda özəl ali təhsil müəssisələri üçün də şəhərdən kənarda kampusların formalaşdırılması daha məqsədəuyğun olardı”, – deyə R.Nurəliyev vurğulayıb.
Ekspertin fikrincə, ali təhsil müəssisələrinin paytaxtın mərkəzində həddindən artıq cəmləşməsi əvəzinə, onların müxtəlif ərazilərdə müasir kampus modeli əsasında yerləşdirilməsi həm Bakıdakı nəqliyyat yükünü azalda, həm də Azərbaycanın ali təhsil sisteminin inkişafı üçün yeni imkanlar yarada bilər.
Aynurə İsmayıl
KONKRET.az