Bakupost saytına istinadən Icma.az xəbər verir.
Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiq edilib.
“Bakupost” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən Elm və Təhsil Nazirliyinin təklifləri əsasında ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu Nazirlər Kabineti tərəfindən beş il müddətinə verilir.
Bu qərarda məqsəd nədir və o universitetlərə nə verəcək?
Təhsil eksperti Sona Əliyeva “Bakupost”a bildirib ki, bu qərarla dövlət universitetlərə heç də hazır status vermir, əksinə, həmin statusu qazanmaq üçün tələbləri xeyli sərtləşdirir:
“Bu tələblər ilk dəfə 2017-ci ildə təsdiqlənib, lakin o vaxtdan bəri status ölkədə işlək mexanizmə çevrilmədi. İndi meyarlar yenilənib, daha dəqiq və ölçülə bilən şəklə salınıb.
Ekspertin sözlərinə görə, qərarda məqsəd elmi potensialın bir neçə güclü universitetdə cəmlənməsinə nail olmaqdır:
“Ölkəmizdə universitetlərin əksəriyyəti bu gün əsasən tədrislə məşğuldur, elmi fəaliyyət isə ikinci planda qalır. Dövlət elmi potensialı bir neçə güclü universitetdə cəmləşdirmək istəyir. 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında da tədqiqat potensialı yüksək olan iki universitetin bazasında iki tədqiqat universitetinin yaradılması nəzərdə tutulmuşdu. Yəni bu qərar həmin hədəfin hüquqi əsasını yaradır”.
Müsahibimiz qeyd edir ki, belə bir status universitetə ilk növbədə nüfuz qazandıracaq:
“Bu ad xarici tərəfdaşlar, qrant fondları və tanınmış alimlər üçün keyfiyyət göstəricisidir. Lakin bir məqamı açıq qeyd etmək lazımdır ki, qərarda statusun universitetə konkret olaraq nə verəcəyi göstərilməyib. Əlavə maliyyələşmə, imtiyazlar və ya geniş akademik müstəqillik barədə heç bir müddəa yoxdur. Əgər bu boşluq ayrıca normativ sənədlə doldurulmasa, status yalnız formal bir ad olaraq qalacaq”.
Statusun 5 il müddətinə verilməsinə gəldikdə, ekspert deyir ki, elmi nəticə qısa müddətdə əldə olunmur:
“Doktorantura bir neçə il davam edir, iri elmi layihələr də uzunmüddətli zaman tələb edir. Ən əsası isə odur ki, status daimi verilmir və universitet öz səviyyəsini müəyyən dövrlərlə yenidən sübut etməlidir. Çində “Double First-Class” proqramı da 5 illik dövrlərlə həyata keçirilir və zəif nəticə göstərən universitetlər siyahıdan çıxarıla bilir. Bununla belə, ölkəmizdə verilən qərarda 5 illik müddət başa çatdıqdan sonra statusun necə uzadılacağı və ya hansı hallarda geri alınacağı müəyyən edilməyib”.
Müsahibimiz tələblərin də kifayət qədər yüksək olduğu qənaətindədir:
“Universitet ildə orta hesabla azı 250 beynəlxalq indeksli məqalə dərc etməli, məqalələrin dörddə biri xarici alimlərlə birgə yazılmalı, illik büdcəsinin azı 10 faizi elmi tədqiqatlara yönəldilməli, professor-müəllim heyətinin azı 20 faizi isə xaricdə təhsil alanlar olmalıdır. Hazırda ölkədə bu şərtlərə cavab verə biləcək universitetlərin sayı çox azdır. Xüsusilə büdcənin 10 faizinin elmə ayrılması dövlət universitetlərinin əksəriyyəti üçün ciddi sınaq olacaq. Digər önəmli məqam ondan ibarətdir ki, məqalə və istinad sayına əsaslanan sistemdə keyfiyyət əvəzinə kəmiyyət ön plana keçə bilər. Şübhəli jurnallarda dərc olunan məqalələrin sayı artarsa, status öz dəyərini itirər.
Qısası, atılan addım düzgündür, çünki universitetləri elmi fəaliyyətə yönəldir və statusu daimi imtiyaz olmaqdan çıxarır. Lakin real dəstək mexanizmləri yaradılmasa, bu qərar da 2017-ci ilin tələbləri kimi yalnız sənəddə qalacaq”.
Rüfət Sultan,
BakuPost