Unudulmayan yaxşılığın tarixçəsi

20.11.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Ömrümün bu ahıl yaşında daha çox öz-özümə söhbətləşirəm. Bəlkə də ona görə insanlardan uzaq düşmək həvəsi məni özünə yaman çəkir. Tək olanda bütün ömür yolumu göz önündən keçirir, yaddaşımın toz basmış künc-bucağında qalan anları gün işığına çıxarmaq istəyirəm. Ən çox məni narahat edən isə qarşısında vəfa borcum olan insanların ruhu önündə duruş gətirə bilməməyimdir. Gündüzlər onları beynimdən, ürəyimdən qovmaq istəsəm də, gecələr yuxumda az qala yaxamdan tutub silkələyərək: "Vicdandan danışırsan, hanı bəs sənin insanlığın?" - deyirlər. Bəzən də üzümə baxmır, süzgün baxışlarla "Get, işinlə məşğul ol" işarəsini verirlər. Bu narahatlıq həftələrlə davam edirsə, demək, ondan xilas olmağın yolu həmin insanlara layiq olduqları qiyməti verməkdən keçir.

Həyatımın ən gərgin anlarında mənə təmənnasız yaxşılıqlar edən üç nəfərə borcluyam. Onlardan biri əslən Salyan rayonundan olan Kamil Süleymanovdur ki, onun haqqında "Həyat" adlı kitabımda geniş bəhs etmişəm. İkincisi isə hamının məhəbbətlə "bizim Əhməd müəllim" dediyi professor Əhməd Vəliyevdir. Söhbət görkəmli təhsil qurucularından biri, fizika-riyaziyyat elmləri doktoru, professor, "Şöhrət" ordenli Əhməd Abdulkərim oğlu Vəliyevdən gedir. Onun Azərbaycan təhsili üçün ən böyük işi yaratdığı və indi də rektoru olduğu Odlar Yurdu Universitetidir. İki çağırış Milli Məclisin deputatı kimi fəaliyyətini də nəzərə alsaq, qarşımızda necə böyük bir Azərbaycan ziyalısının dayandığı aydın olar. Mən onun xidmətlərini sadalamaqdan daha çox, etdiyi yaxşılıqlardan, ən əsası isə insanlığından bəhs etmək istəyirəm. Çünki müasir cəmiyyətimiz məhz insanlıqdan, şəxsiyyət bütövlüyünün azlığından əziyyət çəkir. Belə insanlardan çox yazmaq və danışmaq lazımdır ki, gənclərimizə örnək olsun.

...2000-ci ilin avqust ayının sonları idi. Bir neçə il əvvəl rayondan Bakıya köçsəm də, hələ fərli-başlı iş tapa bilməmişdim. Qazax Xeyriyyə Cəmiyyətinin orqanı olan "Dəli Kür" qəzetinin baş redaktoru idim. Cəmiyyətin ofisi anamın əmisi oğlu Rövşən Babanlının şöbə müdiri olduğu Təhsil İnstitutunun binasında yerləşirdi. Bir gün Rövşən dayı kiməsə zəng etdi. Söhbətlərindən başa düşdüm ki, mənim üçün iş istəyir. Söhbətin sonunda: "Sizə redaktor lazımdırsa, indi yanımdadır, sabah göndərərəm", - dedi. Sonra bildirdi ki, Odlar Yurdu Universitetinin rektoru, həmyerlimiz Əhməd müəllimin universitet qəzetinə redaktor lazımdır və səhəri gün onun yanına getməliyəm.

Səhəri gün Əhməd müəllimin kabinetinə yaxınlaşdım. Onu əvvəllər heç görməmişdim. Kabinetdə iki nəfər vardı. Özümü təqdim edib oturandan sonra Əhməd müəllim yanındakı adama müraciətlə: "Abdulla müəllim, bu oğlanı universitetimizin qəzetinə redaktor təyin etmək istəyirəm, sən nə deyirsən?" - dedi. Abdulla müəllimin cavabı indiyə kimi yadımdadır: "Axmed, hələ tələsmə". Ürəyimdə bu tanımadığım adamı söysəm də, onun rektor üçün nüfuzlu şəxs olduğunu anlayırdım. Əhməd müəllim isə gülə-gülə üzünü mənə çevirib dedi: "Ərizəni yazıb katibəyə ver, sentyabrın birindən işə çıx". Sevindiyimi hiss edib əlavə etdi: "İki yüz əlli dollar da maaş verəcəyəm". Bu, o zamanlar mənim üçün fantastik rəqəm idi.

Sentyabrın 1-də işə gəldim, ancaq qəzeti hazırlamaq üçün heç bir şəraitim yox idi, oturmağa stulum belə çatmırdı. Sonralar dostlaşacağım tibb fakültəsinin müəllimi Akif adlı həkim mənə öz otağında yer verdi. Qəzetin əvvəlki nömrələrini tapa bilmədiyim üçün özüm bir plan hazırlayıb işə başladım. Dörd səhifəlik qəzeti Əhməd müəllimə təqdim edəndə düşündüm ki, riyaziyyatçı olduğundan materiallara o qədər də irad tutmaz. Ancaq yanılmışdım. O, yazıları bir-bir nəzərdən keçirdi, təcrübəli baş redaktor kimi qeydlərini bildirdi və: "Get, bunları düzəlt, yenə gətir, bir də baxacağam", - dedi. Sonra növbəti nömrədə Abdulladan müsahibə götürməyimi, şəklini də qəzetə verməyimi tapşırdı ki, "səndən əl çəksin". Sonralar öyrəndim ki, işə götürülməyimə etiraz edən professor Abdulla Abdullayev Əhməd müəllimin dostu, universitetin təsisçilərindən biri və tədris işləri üzrə prorektor imiş.

Qəzet çap olunandan sonra Əhməd müəllim bu dəfə onun ucuz kağızda nəşr edilməsinə irad tutdu. Mən qəzetin oxunandan sonra atıldığını, qalın kağızın isə jurnal üçün nəzərdə tutulduğunu izah etdim. Cavabı kəskin oldu: "Mən universitet açmışam, restoran yox, hər şeyin yaxşısı olmalıdır, bildin, bir də belə səhv etmə".

Əhməd müəllim üçün keyfiyyətin ölçüsü yox idi: yaxşıdır, ancaq daha yaxşı da ola bilər. Bir dəfə qəzetdə orfoqrafik səhv getmişdi. Kimsə rektora belə səhvlərin nəşrin hörmətinə xələl gətirdiyini söyləmişdi. Kabinetə daxil olanda yanında həyat yoldaşı Kifayət xanımın olduğunu gördüm. Əhməd müəllim iradlarını bildirəndə Kifayət xanım məni müdafiə etdi. Otaqdan pörtmüş halda çıxanda rektorun böyük oğlu Samir müəllimlə rastlaşdım. Hüquq elmləri doktoru, professor, millət vəkili olan Samir müəllim həyəcanımı görüb səbəbini soruşdu. Əhvalatı danışanda uşaqlıq xatirəsini bölüşdü: orta məktəbdə oxuyarkən bir gün üç fəndən "beş" alıb atasından tərif gözləyirmiş. Ancaq Əhməd müəllim qiymətlərin özündən çox, "beş"in yazılışını bəyənmədiyini deyib. Samir müəllim onda başa düşüb ki, atası onu asanlıqla tərifləməyəcək və daha ciddi çalışmağa başlayıb. Bu söhbət məni də rahatlatdı. Sonralar universitetdə xeyli yaxşı işlər gördüm, ancaq Əhməd müəllimdən heç vaxt tərif gözləmədim. Münasibətindən ürəyində razı qaldığını anlayırdım. Onun belə "təşəkkürü" məni tam qane edirdi.

Beləliklə, mən Əhməd müəllimin yaratdığı Odlar Yurdu Universitetində düz 23 il işlədim, bu müddətin təqribən iyirmi ilini pedaqoji fəaliyyətə həsr etdim. 2003-cü ildə mənim təşəbbüsümlə Azərbaycan dili kafedrası yaradıldı, müdir vəzifəsinə akademik N.Cəfərov təyin olundu. Onun işləri çox olduğundan gündəlik işlərə mən rəhbərlik edirdim. Tədris planından fənn proqramlarına, pedaqoji heyətin seçilməsinə qədər bütün səlahiyyətləri kafedra müdirlərinə vermişdi. Kadrların işə götürülməsi təmənnasız idi, müəllimlərin seçilməsinə isə rektor müdaxilə etmirdi. Bir dəfə Əhməd müəllim dostunun qaynına - filologiya elmləri doktoruna - dərs verməyimi xahiş etdi. Mən həmin şəxsi jurnalistikada reketçiliyin əsasını qoyanlardan biri kimi tanıdığımı və auditoriyaya buraxılmasını düzgün saymadığımı bildirdim. Bir müddət sonra rektorun səsini eşitdim: "Bu universitetin rektoru mənəm, yoxsa sən?" "Əlbəttə, sizsiniz, müəllim", - deyə cavab verdim. Öz dərslərimdən kəsib ona verdim. Az keçməmiş Əhməd müəllim həmin şəxsi işdən uzaqlaşdırmaq haqqında düşünməyimi tapşırdı.

Burada bir haşiyə çıxmaq istəyirəm. Mən Odlar Yurdu Universitetində işə başlayanda artıq altı il idi ki, müəllimliyi jurnalistikaya "qurban" vermişdim. Ancaq hiss edirdim ki, təbiətən müəlliməm, mətbuat mənim işim deyil. 2003-cü ilin sentyabrında Əhməd müəllim sözün yaxşı mənasında məni dərs deməyə məcbur etdi. İlk vaxtlar çətin olsa da, məni öz sənətimə qaytardığına görə əziz rektorumuz Əhməd müəllimə həmişə minnətdaram.

Əhməd müəllimin siyasi mövqeyi müstəqillik və dövlətçilik prinsiplərinə söykənirdi. O, Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin vurğunu idi. 2000-ci illərin əvvəllərində siyasi publisistikamızın sanballı əsərlərindən olan "Bəsirət ünvanı" kitabında Heydər Əliyevin siyasi davamçısı kimi indiki Prezident İlham Əliyevin namizədliyini irəli sürməklə siyasi uzaqgörənlik nümayiş etdirmişdi. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın ölkə daxilində və beynəlxalq aləmdə artan nüfuzu Əhməd müəllimi sevindirirdi. Qarabağın azad edilməsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin xidmətlərindən danışarkən deyirdi: "Azərbaycan son əsrlərdə belə qələbə görməyib. Bu qələbəni bizə İlham Əliyevin sərkərdəlik məharəti bəxş etdi, təbii ki, Azərbaycan Ordusu ilə birlikdə".

2003-cü ilin dekabrında Heydər Əliyevin vəfatından sonra Əhməd Vəliyev ali məktəblər arasında ilk olaraq Odlar Yurdu Universitetində onun abidəsinin ucaldılması təşəbbüsü ilə çıxış etdi. 2004-cü il mayın 6-da, Ulu Öndərin doğum günü ərəfəsində büstün açılışı oldu. Tədbirdə dövlət və hökumət rəhbərləri, görkəmli elm və mədəniyyət xadimləri iştirak edirdilər. Milli Məclisin o zamankı sədri, professor Murtuz Ələsgərovun tədbirə qatılması Əhməd müəllimin təşəbbüsünün və şəxsiyyətinin böyüklüyünü nümayiş etdirirdi.

Əhməd müəllim tələbələrin dövlətə, dövlətçiliyə, milli müstəqilliyə sədaqət ruhunda tərbiyəsini tədrisin keyfiyyətinin əsas amillərindən biri hesab edirdi. Hər görüşündə respublikamızın müstəqillik tarixinə nəzər salır, Heydər Əliyevin dövlət quruculuğundakı xidmətlərini xatırladırdı. Bir sözlə, onun fəaliyyətini dövlətinə, ölkəsinə və xalqına sədaqətin nümunəsi hesab etmək olar.

Əhməd müəllimin təhsil təşkilatçısı kimi fəaliyyətini bütün dolğunluğu ilə təsvir etmək çətindir. Odlar Yurdu Universitetinin binasının layihəsini özü hazırlamış, otaqların tədrisə uyğunlaşdırılmasına şəxsən rəhbərlik etmişdi. Onun xəbəri olmadan heç kim heç yerə bir mismar belə vura bilməzdi. Binanın mərtəbələrində və divarlarında Azərbaycanın keçmişindən bu gününə qədər tarixi-mədəni, siyasi-iqtisadi həyatı barədə məlumatlar əks olunub. Xarici qonaq universiteti gəzdikdən sonra Azərbaycan haqqında dolğun məlumat ala bilər.

Əhməd müəllimin ən yaxşı keyfiyyətlərindən biri xeyirxahlığı, vaxtilə ona yaxşılığı dəymiş insanları unutmamasıdır. O, həmişə deyirdi ki, Odlar Yurdu Universiteti Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb. Universitetin ən yaxşı nəticə göstərən tələbəsinə Heydər Əliyevin adına təsis olunmuş təqaüd verilir. Universitetin fəaliyyətə başlamasına müsbət rəy vermiş Dövlət Ali Ekspert Komissiyasının sədri olmuş akademik Fərəməz Maqsudovun və akademik Teymur Bünyadovun xidmətlərini də qədirbilənliklə xatırlayır.

Əhməd müəllim Azərbaycan reallıqlarını mövcud imkanlarla ustalıqla uzlaşdıra bilirdi. Dostları, qohumları, vəzifəli şəxslər rektora zəng edib universitetdə təhsil alan övladlarını tapşıranda əsəbiləşir, tədris prosesinə müdaxiləni düzgün saymadığını bildirirdi. Məhz buna görə də ölkəmizin ali məktəbləri arasında ilk dəfə semestr imtahanlarının kompüterlə keçirilməsi təcrübəsini tətbiq edərək şəffaflığı təmin etdi. Sonralar bir çox universitetlər də bu təcrübədən yararlandılar.

Əhməd müəllimin xeyriyyəçiliyindən də yazmamaq olmaz. İmkanı olmayan neçə-neçə istedadlı tələbəni tamamilə və ya qismən təhsil haqqından azad etməsinin şahidi olmuşam. Buna görə də ən adi məsələlərlə bağlı belə hamı onun qəbuluna düşmək istəyir. Çünki bilirlər ki, Əhməd müəllim heç kimi öz qapısından naümid qaytarmır.

Əhməd müəllimin ictimai-siyasi fəaliyyəti, elm və təhsil sahəsindəki xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. 2016-cı ildə cənab İlham Əliyevin fərmanı ilə ölkəmizin ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib. Yadıma gəlir, həmin gün Əhməd müəllimin ən qiymətli əsəri olan Odlar Yurdu Universitetində əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Hamı sevinir, bir-birini təbrik edirdi. İndi isə əziz rektorumuzun 80 illik yubileyi yaxınlaşır. Yeni təltiflərin də davamını gözləyirik.

Artıq üç ildən çoxdur ki, Odlar Yurdu Universitetində işləmirəm. Ancaq hər zaman orada baş verənlərdən xəbər tuturam. Sanki yenə həmin mühitin içindəyəm. Çünki orada mənim böyük əmək sərf etdiyim bir kafedra var. O da mənim əsərimdir. Nə qədər oradan uzaq düşsəm də, yenə orada işlərin yaxşı olmasını istəyirəm.

Bu, həm də mənim xeyirxahım olmuş professor Əhməd Vəliyevə və onun yaratdığı universitetə olan ehtiramımdır.

Əziz Əhməd müəllim! Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Bilin ki, bəlkə də özünüzün xəbəriniz olmayan xeyirxahlıqlar etdiyiniz neçə-neçə insanın duaları sizinlədir. Mən də onlardan biriyəm.

O.İLKƏR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью