Unudulmaz media xadimi

25.11.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yazıçı-dramaturq, ədəbiyyatşünas, pedaqoq, Əməkdar jurnalist, professor Aqşin Babayevin 90 illik yubile­yinə həsr olunan “Həmişə bizimlə” adlı elmi sessiya keçirilib.

Muzeyin direktoru, akademik Rafael Hüseynov mərasimi açaraq professor Aqşin Babayevin zəngin yaradıcılıq yolundan, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və jurnalistikasına verdiyi töhfələrdən bəhs edib, onunla bağlı xatirələrini bölüşüb.

Əvvəlcə Aqşin Babayevin ailə mühiti və atasının maarifçilik fəaliyyətindən danışan Rafael Hüsey­nov bildirib ki, Əlisəttar Babayevin rəhbərlik etdiyi yaradıcılıq dərnəyi bir çox istedadlı gəncin yetiş­diyi, sonradan peşəkar sənət adamlarına çevrildiyi bir məktəb kimi fəaliyyət göstərib. Bu maarifçilik ənənəsi Əlisəttar Babayevin övladlarının da həyat yolunda özünü göstərib, onlar Azərbaycan mədəniy­yətinə, elminə və sənətinə şərəflə xidmət ediblər.

Akademik Aqşin Babayevin Azərbaycan radi­osundakı fəaliyyətini onun ömür yolunun mühüm mərhələlərindən biri kimi dəyərləndirib. Qeyd edib ki, 1959-cu ildən 1991-ci ilədək radio və televiziya sahəsində çalışan Aqşin Babayev uzun illər xarici ölkələr və Cənubi Azərbaycan üçün verilişlər ha­zırlayan redaksiyaya rəhbərlik edib, Azərbaycan radiojurnalistikasının inkişafına və yeni jurnalist nəslinin yetişməsinə mühüm töhfələr verib. Mu­zey direktoru bu baxımdan “Körpü” verilişinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu proqram Azərbaycanın şimalı ilə cənubunda yaşayan soy­daşlarımız arasında mənəvi ünsiyyət vasitəsinə çevrilmişdi. 

Çıxışında Aqşin Babayevin Milli Məclisdə­ki fəaliyyətinə də toxunan Rafael Hüseynov onun 1993-cü ildə ulu öndər Heydər Əliyevin mətbuat katibi kimi çalışdığını, sonradan Milli Məclisin mətbuat xidmətinə rəhbərlik etdiyini diqqətə çat­dırıb. 

Akademik Rafael Hüseynov, həmçinin Aqşin Babayevin Türkiyədəki fəaliyyəti və Nazim Hik­mət yaradıcılığına olan sevgisindən bəhs edib. Qeyd edib ki, yazıçının böyük türk şairinə ehtiramı ötəri maraq deyil, ömrü boyu davam edən mənəvi bağlılıq idi. 1972–1975-ci illərdə Türkiyədə çalışan Aqşin Babayev bu ölkənin ədəbi-mədəni mühiti ilə yaxından tanış olmaq, Nazim Hikmət haqqında araşdırmalarını dərinləşdirmək imkanı qazanıb.

Direktor professor Aqşin Babayevin Türkiyə ilə bağlı elmi axtarışlarının və Nazim Hikmət irsinə həsr olunmuş əsərlərinin Azərbaycan ədəbiyyat­şünaslığı üçün əhəmiyyətini qeyd edib, yazıçının “Nazim və Azərbaycan” əsərini bu istiqamətdəki tədqiqatlarının mühüm nümunələrindən biri kimi qiymətləndirib.

O, çıxışında Aqşin Babayevin qardaşı, tanınmış musiqişünas Elxan Babayevlə bağlı xatirələrini də bölüşüb. 

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Azər­baycan ədiblərinin ortaq evi olduğunu söyləyən akademik Rafael Hüseynov qeyd edib ki, bu mə­kanda Aqşin Babayevin portretinin, qələminin, dəftərinin və şəxsi əşyalarının qorunması onun ir­sini gələcək nəsillərlə daha yaxından tanış edəcək: “İnsanlar burada yalnız yazıçının əsərləri ilə deyil, onun həyatından və şəxsiyyətindən xəbər verən ya­digarlarla da qarşılaşacaqlar”.

Muzey direktoru çıxışının sonunda bildirib ki, insanın qazandığı ən böyük xoşbəxtliklərdən biri adının, əməllərinin və şəxsiyyətinin millətin yad­daşında yaşamasıdır. Aqşin Babayev də zəngin ya­radıcılığı, maarifçilik fəaliyyəti və insanlara bəxş etdiyi mənəvi dəyərlərlə bu haqqı qazanmış şəxsiy­yətlərdəndir. 

Sonra çıxış edən şərqşünas-türkoloq, professor Tofiq Məlikli, professor Asif Rüstəmli, tədqiqatçı yazar, pedaqoq Aslan Kavlak, filologiya üzrə fəl­səfə doktoru Sevinc Abdullayeva, professor Əsgər Rəsulov çıxış edərək ədibin zəngin yaradıcılıq irsi, çoxşaxəli fəaliyyəti və parlaq şəxsiyyətindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda ədibin ailə üzvləri adından çıxış edən Aytən Babayeva mərasim təşkilatçılarına və işti­rakçılarına təşəkkür edib.

Q.YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью