Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın kəşfiyyat xidməti dünyanın ilk 5 kəşfiyyat orqanı sırasına daxildir. 1919-cu ildə yaradılan kəşfiyyat orqanı 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin idarə rəisliyinə çevrildi. Sonralar Heydər Əliyev Komitənin rəhbəri oldu.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu türkiyəli siyasətçi Feyzi İşbaşaran deyib.
O bildirib ki, Əbülfəz Elçibəy sovet dövründən qalan təhlükəsizlik strukturunu dəyişdirməyə və milliləşdirməyə çalışsa da, buna nail ola bilmədi:
“Heydər Əliyev Əbülfəz Elçibəydən sonra yaxşı tanıdığı kəşfiyyat orqanını çox qısa müddətdə yenidən strukturlaşdırdı.
Heydər Əliyevin prezident seçilməsindən sonra, 1991-ci ildə Türkiyə ilə birlikdə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan İsrail 1993-cü ildə Bakıda səfirliyini açdı.
İsrailin Baş naziri Benyamin Netanyahu 1997-ci il avqustun 29-da Bakıya səfər etdi və Prezident Heydər Əliyevlə görüşdü. Bu görüş Azərbaycan–İsrail münasibətlərinin əsasının qoyulmasında mühüm rol oynadı.
Heydər Əliyev İsraillə qurduğu əməkdaşlıq vasitəsilə ABŞ-dakı yəhudi lobbisi ilə də əlaqələr yaratdı. Bunun nəticəsində Azərbaycanın Qarabağ məsələsində səsini ABŞ-da daha geniş şəkildə duyurmasına, eləcə də ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi embarqolara (907-ci düzəliş) qarşı İsrailin və yəhudi lobbisinin dəstəyini qazanmasına şərait yarandı.
Heydər Əliyevin vəfatından sonra prezident seçilən oğlu İlham Əliyev də İsrail siyasətini davam etdirdi. O, kəşfiyyat, müdafiə əməkdaşlığı, enerji və digər sahələrdə Azərbaycan–İsrail münasibətlərini daha da dərinləşdirdi”.
F.İşbaşaran qeyd edib ki, İlham Əliyev 2015-ci ildə atasından miras qalan Azərbaycan kəşfiyyat sistemində yenidən strukturlaşma apardı:
“Kəşfiyyat və təhlükəsizlik sistemi daxili təhlükəsizlik (Dövlət Təhlükəsizliyi Xidməti – DTX) və xarici kəşfiyyat (Xarici Kəşfiyyat Xidməti – XKX) istiqamətləri üzrə yenidən təşkil edildi.
Azərbaycan–İsrail münasibətləri Türkiyəni heç vaxt narahat etməyib. Çünki həmin dövrdə Türkiyənin də İsraillə münasibətləri kifayət qədər yaxşı idi. Başqa sözlə, Azərbaycan Türkiyənin İsrail və yəhudi siyasətini izləyirdi.
“Mavi Mərmərə” hadisəsindən sonra İsraillə pozulmuş münasibətlərin bərpasında Azərbaycan Prezidenti İlham Əliyev vasitəçi rolunu oynadı. İsrail Prezidenti İshaq Hersoq Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2022-ci il martın 9-10-da Türkiyəyə səfər etdi.
Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahu ilə 2023-cü il sentyabrında Nyu Yorkda yerləşən Türk Evində görüşdü. Netanyahunun Türkiyəyə də səfər etməsi gözlənilirdi, lakin səhhəti ilə bağlı yaranan səbəblərdən səfər təxirə salındı.
2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qəfil hücum etməsi və İsrailin buna qeyri-mütənasib cavab verməsi nəticəsində Qəzza faciəsi yaşandı. Bu faciə hələ də davam edir.
Dünən İsraillə münasibətlərimiz yaxşı idi, bu gün pisdir, sabah yenidən yaxşı ola bilər. Lakin Azərbaycanla İsraillə münasibətlərinə görə ədalətsiz davranılmamalıdır. Çünki onlar da 30 il əvvəl bizim İsrail və yəhudi siyasətimizi izləyiblər. Bu məsələdə ədalətli olmalıyıq”.