Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Uqanda 20 ildir hərbi qulluqçularının xidmət etdiyi Somalidən öz kontingentini çıxarmağa başlayıb.
525.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd olunub ki, qoşunların çıxarılması Somali hökumət qüvvələrinin ölkə ərazisinin əhəmiyyətli hissəsinə nəzarət edən “Əş-Şəbab” terror qruplaşması ilə davam edən qarşıdurması fonunda başlanıb. Uqandanın ChimpReports portalının məlumatına görə, 109 hərbçidən ibarət ilk qrup oktyabrın 30-da Moqadişunu tərk edib.
Bundan əvvəl Uqanda Silahlı Qüvvələrinin baş komandanı general Muxuzi Kaineruqaba Somalidən qoşunların çıxarılmasına başlanıldığını açıqlayıb. Onun sözlərinə görə, Uqanda təxminən 20 illik hərbi mövcudluqdan sonra təhlükəsizliyin təmin edilməsi üzrə məsuliyyəti Somali qüvvələrinə təhvil verir. Hələlik hansı hərbi bölmələrin çıxarılacağı və prosesin nə vaxt başa çatacağı barədə məlumat verilməyib.
Uqanda hərbçiləri 2007-ci ildən Somalidə xidmət edirlər. Onlar “Əş-Şəbab” terror qruplaşmasına qarşı mübarizədə iştirak edir, əsas dövlət obyektlərinin təhlükəsizliyini təmin edir və Somali ordusuna dəstək göstərirlər.
Hazırda Uqanda hərbi bölmələri həm Afrika İttifaqının Somalidə Dəstək və Sabitləşdirmə Missiyasının (AUSSOM) tərkibində, həm də Kampala ilə Moqadişu arasında imzalanmış ikitərəfli saziş əsasında fəaliyyət göstərirlər.
AFP-nin daha əvvəl yaydığı məlumata görə, Somalidə təxminən 6,5 min Uqanda hərbçisi xidmət edib. Onlardan 4,5 mini AUSSOM missiyasının tərkibində, digər 2 mini isə ikitərəfli saziş əsasında yerləşdirilib.
Pərvanə Sultanova