Icma.az bildirir, Avtosfer portalına istinadən.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində ciddi problemlər olan sürücülərin nəqliyyat vasitəsi idarə etməsinin ağır nəticələrə səbəb ola biləcəyi ilə bağlı vətəndaşlara müraciət edib.
BDYPİ-nin yaydığı məlumata görə, son günlər iki oxşar yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, Liman şəhəri ərazisində Elşad Salayev idarə etdiyi “VAZ” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Digər hadisə isə Maştağa qəsəbəsi ərazisində baş verib. Paytaxt sakini Davud Salamov idarə etdiyi “Ford” markalı avtomobillə hərəkətdə olarkən nəzarəti itirərək yoldan çıxıb və yaxınlıqdakı ticarət obyektinə zərər vurub.
Məlumata əsasən, hər iki sürücünün ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilir və hadisələrin qəfil səhhət pisləşməsi nəticəsində baş verdiyi ehtimal olunur.
BDYPİ qeyd edib ki, havaların isinməsi fonunda bu cür hadisələrin sayında artım müşahidə olunur. Qurum sürücülərə səhhətlərində ciddi problem olduğu halda avtomobil idarə etməkdən çəkinməyi tövsiyə edib. Bildirilib ki, hərəkət zamanı yaranan qəfil sağlamlıq problemi sürücünün nəqliyyat vasitəsi üzərində nəzarəti itirməsinə və ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan şəxsləri sükan arxasına keçməməyə, ailə üzvlərini isə bu məsələyə laqeyd yanaşmamağa çağırıb. Qurum vurğulayıb ki, bir nəfərin yanlış qərarı yolda günahsız insanların həyatını təhlükəyə ata və faciəvi nəticələrə səbəb ola bilər.