Ürək damar sistemi xəstəliklərinin risk faktorları

28.11.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ürək-damar sistemi xəstəliklərinin qarşısının alınmasında risk faktorlarının vaxtında müəyyən edilməsi və nəzarətdə saxlanılması mühüm əhəmiyyət daşıyır. 

"Cebheinfo.az" xəbər verir ki, yeni araşdırma infarkt, insult və ürək çatışmazlığı hallarının böyük əksəriyyətindən əvvəl müəyyən sağlamlıq problemlərinin mövcud olduğunu göstərib.

Təxminən 9 milyon insanın sağlamlıq məlumatlarının təhlil edildiyi araşdırmaya əsasən, infarkt, insult və ürək çatışmazlığı hallarının 99 faizindən əvvəl dörd əsas risk faktorundan ən azı biri qeydə alınıb.

2025-ci ildə dərc olunan və ABŞ ilə Cənubi Koreyadan təxminən 9 milyon insanın məlumatlarını əhatə edən tədqiqatda ürək-damar xəstəlikləri diaqnozu qoyulan şəxslərin sağlamlıq tarixçəsi araşdırılıb.

Məlum olub ki, yüksək qan təzyiqi, yüksək xolesterin, qanda şəkərin normadan artıq olması və tütün istifadəsi bu xəstəliklərin əsas risk faktorlarıdır.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri yüksək qan təzyiqi ilə bağlıdır.

Belə ki, infarkt, insult və ya ürək çatışmazlığı keçirən şəxslərin 93 faizində xəstəlikdən əvvəl yüksək qan təzyiqi aşkarlanıb.

Tədqiqatçılar qan təzyiqinin mütəmadi yoxlanılmasının və nəzarətdə saxlanılmasının ciddi sağlamlıq problemlərinin qarşısının alınmasında mühüm rol oynadığını bildiriblər.

Bu nəticə digər elmi araşdırmalarla da dəstəklənir. Bu il dərc olunan və 350 mindən çox insanın iştirak etdiyi 51 klinik tədqiqatın nəticələrini əhatə edən təhlilə əsasən, yuxarı qan təzyiqinin hər 5 mm civə sütunu azaldılması müalicənin ilk ilində ürək-damar sistemi xəstəlikləri riskini təxminən 12 faiz azaldır.

Xolesterin və qan şəkərinin nəzarətdə saxlanılması, tütün istifadəsindən uzaq durulması da ürək-damar sistemi xəstəlikləri riskinin azaldılmasında mühüm rol oynayır. 

Xüsusilə pis xolesterin kimi tanınan LDL səviyyəsinin aşağı salınması infarkt və insult ehtimalını azalda bilər.

Siqareti tərgitməyin müsbət təsirləri isə hətta yaşlı insanlarda da müşahidə olunur.

Tədqiqatçılar bu göstəricilərin mütəmadi yoxlanılmasını və mövcud sağlamlıq problemlərinin vaxtında müalicə edilməsini vacib hesab edirlər.

Araşdırma ürək-damar sistemi xəstəliklərinin qarşısının alınmasında əsas yanaşmanın risk faktorlarını əvvəlcədən müəyyənləşdirmək və nəzarətdə saxlamaq olduğunu göstərir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью