Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Təxminən 9 milyon insanın sağlamlıq məlumatlarının təhlil edildiyi genişmiqyaslı araşdırma ürək tutması, insult və ürək çatışmazlığı hallarının 99 faizindən əvvəl dörd əsas risk faktorundan ən azı birinin mövcud olduğunu üzə çıxarıb.
Turkustan.az xəbər verir ki, yüksək qan təzyiqi, yüksək xolesterol, yüksək qan şəkəri və tütün istifadəsi ürək-damar xəstəliklərinin əsas risk faktorları hesab olunur.
2025-ci ildə dərc edilən və ABŞ ilə Cənubi Koreyada təxminən 9 milyon insanın məlumatlarını əhatə edən tədqiqatda ürək-damar xəstəlikləri diaqnozu qoyulan şəxslərin sağlamlıq tarixçələri araşdırılıb.
Nəticələr göstərib ki, bu xəstəliklərin əksəriyyəti qəfil yaranmır. Belə hallardan əvvəl aşkarlanması mümkün olan müəyyən sağlamlıq problemləri mövcud olur.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri yüksək qan təzyiqinin geniş yayılması ilə bağlıdır. Belə ki, ürək tutması, insult və ya ürək çatışmazlığı keçirən insanların 93 faizində xəstəlikdən əvvəl yüksək qan təzyiqi qeydə alınıb.
Tədqiqatçılar qan təzyiqinin mütəmadi ölçülməsinin və nəzarətdə saxlanılmasının ciddi ürək-damar problemlərinin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıblar.
Aytən Yaşar/ Turkustan.az