Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Son günlər gənc insanların qəfil vəfat etməsi ilə bağlı yayılan xəbərlər, əlbəttə ki, hər birimizi dərindən kədərləndirir və narahat edir. Xüsusilə həyatının ən fəal dövründə olan insanların gözlənilmədən dünyasını dəyişməsi cəmiyyətdə haqlı olaraq bir sual doğurur: Nə baş verir, ürək-damar xəstəlikləri və qəfil ölüm halları doğrudanmı gəncləşir?
Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib.
O qeyd edib ki, gənc yaşda baş verən hər qəfil ölümü infarkt və ya ürək çatışmazlığı ilə əlaqələndirmək tibbi baxımdan doğru deyil:
"Qəfil ölümün səbəbi ürəyin ritm pozğunluqları, anadangəlmə və irsi ürək xəstəlikləri, ürək əzələsinin iltihabı, koronar damar patologiyaları, eləcə də ürəkdən kənar digər ciddi xəstəliklər ola bilər. Ona görə də konkret hadisələr barədə yalnız müvafiq tibbi araşdırmalardan sonra fikir söyləmək mümkündür. Bununla yanaşı, dünyada ürək-damar xəstəliklərinə səbəb olan bir sıra risk faktorlarının daha erkən yaşlardan formalaşması ciddi narahatlıq doğurur. Əvvəllər əsasən 50–60 yaşdan sonra daha çox rastlaşdığımız koronar damar xəstəlikləri ilə bu gün 30–40 yaşlarında, bəzən daha gənc insanlarda da qarşılaşırıq. Artıq çəki, piylənmə, şəkərli diabet, arterial hipertenziya, xolesterin mübadiləsinin pozulması, siqaret və elektron siqaret istifadəsi, fiziki aktivliyin azalması, qeyri-sağlam qidalanma və yuxu rejiminin pozulması bu prosesdə mühüm rol oynayır".
Millət vəkili qeyd edib ki, gənc yaşlarda qəfil ürək ölümlərinin digər mühüm səbəbi uzun illər xəbərsiz yaşadığı anadangəlmə və irsi ürək xəstəlikləridir:
"Burada başqa bir vacib məsələ də var. Biz bəzən ürək-damar xəstəliklərini yalnız yaşlanmanın nəticəsi kimi qəbul edirik. Halbuki damarların zədələnməsi və ateroskleroz prosesi insanın gənclik illərindən, hətta bəzi hallarda uşaqlıq dövründən başlaya bilər. Uzun müddət heç bir ciddi şikayət yaratmayan bu proses müəyyən mərhələdə infarkt və ya digər ağır ürək-damar hadisəsi ilə özünü göstərə bilər.
Gənc yaşlarda qəfil ürək ölümlərinin digər mühüm səbəbi isə insanın uzun illər xəbərsiz yaşadığı anadangəlmə və irsi ürək xəstəlikləridir. Hipertrofik kardiomiopatiya, ürəyin elektrik keçirici sistemindəki irsi pozğunluqlar və bəzi koronar damar anomaliyaları bunlara misaldır. Belə insanlar zahirən tam sağlam görünə, hətta aktiv idmanla məşğul ola bilərlər. Lakin bəzi hallarda xəstəliyin ilk əlaməti məhz həyati təhlükəli ritm pozğunluğu olur".
Rəşad Mahmudov gənclərin son zamanlar qəbul etdiyi enerji içkilərinə də diqqər çəkərək bunları deyib:
"Son illərdə gənclər arasında geniş yayılan enerji içkilərinin həddindən artıq istifadəsi, müxtəlif stimullaşdırıcı maddələr, nəzarətsiz qəbul edilən preparatlar və idman zamanı istifadə olunan anabolik steroidlər də xüsusilə müəyyən ürək xəstəlikləri olan insanlarda ciddi təhlükə yarada bilər.
Eyni zamanda, virus infeksiyalarından sonra bəzi insanlarda inkişaf edən miokardit, yəni ürək əzələsinin iltihabı da nəzərə alınmalıdır. Xüsusilə infeksiyadan sonra sinə ağrısı, ürəkdöyünmə, təngnəfəslik və ya qeyri-adi halsızlıq müşahidə edilirsə, bunu adi yorğunluq kimi qiymətləndirmək olmaz.
Burada xroniki stressin, davamlı psixoemosional gərginliyin, yuxusuzluğun və nizamsız həyat tərzinin təsirini də unutmaq olmaz. Ancaq bu faktorların hamısını qəfil ölümlərin yeganə səbəbi kimi təqdim etmək də doğru olmaz. Onlar çox vaxt mövcud riskləri artıran və bəzi xəstəliklərin özünü büruzə verməsinə şərait yaradan amillərdir".
Digər tərəfdən, Rəşad Mahmudov "ölümün yaşı gəncləşir” ifadəsinə elmi baxımdan ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb:
"Ölümün yaşı gəncləşir” ifadəsinə elmi baxımdan ehtiyatla yanaşmalıyıq.Ayrı-ayrı faciəli hadisələrin qısa müddətdə baş verməsi hələ ümumi ölüm yaşının aşağı düşdüyünü sübut etmir. Bunun üçün yaş qrupları üzrə ölüm göstəricilərinin və səbəblərinin əvvəlki illərlə müqayisəli təhlili lazımdır.
Əsas diqqət yalnız insanların hansı yaşda həyatını itirməsinə deyil, vaxtında aşkarlandığı və düzgün müalicə olunduğu halda qarşısı alına biləcək ölümlərin önlənməsinə yönəldilməlidir".
O, bu baxımdan profilaktik tibbin əhəmiyyətinə diqqət çəkərək gənclərin də arterial təzyiqini, qanda şəkər və xolesterin səviyyəsini bilməsinin vacibliyini qeyd edib.
Bildirib ki, ailəsində erkən yaşda infarkt, qəfil ölüm və ya irsi ürək xəstəliyi olan şəxslər xüsusilə diqqətli olmalıdırlar. Belə hallarda kardioloji müayinə, elektrokardioqrafiya, exokardioqrafiya və ehtiyac yaranarsa, əlavə müayinələr mühüm əhəmiyyət daşıyır.
R.Mahmudov ölkəmizdə profilaktik müayinələrin əlçatanlığının artırılmasına, gənclər arasında ürək-damar sağlamlığı ilə bağlı maarifləndirmənin gücləndirilməsinə və risk qruplarının erkən müəyyənləşdirilməsi istiqamətində sistemli tədbirlərin genişləndirilməsinə ehtiyac olduğunu bildirib:
"Məktəblərdə, universitetlərdə, idman komplekslərində və insanların kütləvi toplandığı yerlərdə ilkin ürək-ağciyər reanimasiyası bacarıqlarının öyrədilməsinin və avtomatik xarici defibrilyatorların əlçatan olmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, qəfil ürək dayanması zamanı ilk dəqiqələrdə göstərilən düzgün yardım bir insanın həyatını xilas edə bilər".
Tibb elmləri doktoru sonda xüsusilə vurğulayıb ki, ürək-damar xəstəlikləri yalnız yaşlı insanların problemi deyil və gənclik heç də ürək xəstəliklərindən qorunmaq üçün zəmanət sayılmır.
Onun sözlərinə görə, insanların yalnız xəstələndikdən sonra müalicə olunmasına deyil, xəstəliklərin yaranmasının qarşısını almağa və mümkün riskləri erkən müəyyənləşdirməyə daha çox diqqət yetirilməlidir. R.Mahmudov əlavə edib ki, müasir təbabətin ən böyük uğuru yalnız ağır vəziyyətdə olan insanın həyatını xilas etmək deyil, həm də həmin insanın ümumiyyətlə o vəziyyətə düşməsinin qarşısını ala bilməkdir.
Günel Hüseynli